Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu korrupsiya ilə bağlı istintaq çərçivəsində bu gün barəsində həbs qətimkan tədbiri seçilib. CHP sədri Özgür Özəl deyib ki, İstanbulun bələdiyyə başqanın Silivri həbsxanasına aparılacağı gözlənilir.
Musavat.com bu həbsxana haqda, orada cəza çəkmiş və hazırda orada saxlanılan məşhurlar haqda bilgiləri təqdim edir.
Öncə onu qeyd edək ki, Silivri cəza evi bir müddət əvvəl Türkiyə Ədliyyə Nazirliyinin qərarı ilə Mərmərə qapalı cəza müəssisəsinə çevirib.
Buna səbəb isə Milliyətçi Hərəkat Partiyasından 2019-2024-cü illər arasında Silivri Bələdiyyə başqanı Volkan Yılmazın Ədliyyə Nazirliyinə müraciəti olub. Yılmaz ərizəsində “İstanbulun yaxınlığındakı Silivri əvvəllər dəniz, qatıq kimi sözlərlə tanınırdısa, indi həbsxanası ilə tanınıb” deyib. Bələdiyyə başqanı həbsxananın adının "İstanbul Batıkapısı" olaraq dəyişdirilməsini təklif etmişdi. Ancaq adı dəyişsə də, hələ də Türkiyıdə həbsxana Silivri adı ilə tanınmaqdadır.
Bir vaxtlar dünyanın ən böyük həbsxanası olan Silivri İstanbuldan təxminən 80 kilometr aralıda yerləşir, 22 min məhbus sayı ilə Ginnesin Rekordlar Kitabına düşüb. Veb saytındakı məlumatlara görə, 1.035.247 m² ərazini əhatə edən kampusda səkkiz L tipli həbsxana və bir açıq həbsxana binası var. Son illərin ən mühüm işlərindən bəzilərinə həbsxana şəhərciyindəki məhkəmə zalında baxılıb. Bunlara “Ergenekon”, “Balyoz”, “İstanbul KCK işi”, “Adnan Oktar işi” və 15 iyul çevriliş cəhdi ilə bağlı müxtəlif məhkəmə işləri daxildir.
Bu məhkəmə işləri səbəbindən xüsusilə “Ergenekon” və “Balyoz” kimi həbsxana qarşısında çoxlu nümayişlər də keçirilib. Etirazların ən böyüyü 2013-cü il aprelin 8-də, “Ergenekon” məhkəməsinin yekun günü keçirilib. Belə ki, 10 minlərlə insan həbsxananın qarşısındakı təhlükəsizlik barrikadalarını sıxışdırıb, təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib, bəziləri saxlanılıb.
Silivrinin məşhur dustaqları sırasında Türkiyə Baş Qərargahının o zamankı rəisi İlker Başbuğ, jurnalistlər Mustafa Balbay və Tuncay Özkan, ehtiyatda olan polkovnik Dursun Çiçək, ehtiyatda olan polkovnik Hasan Atilla Uğur və siyasətçi Doğu Perinçek də olub. Məşhur Osman Kavala da 2017-ci ildən bu həbsxanada saxlanılır. Hrant Dink cinayəti ilə bağlı həbs edilən Təhlükəsizlik Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Ramazan Akyürek və Gülən təşkilatı ilə bağlı iş üzrə həbs edilən İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçmiş rəhbəri Nəzmi Ardıç bu həbsxanadadır. Esenyurt Bələdiyyə başqanı Əhməd Özer, keçmiş Beşiktaş Bələdiyyə başçısı Rıza Akpolat, Zəfər Partiyasının keçmiş başqanı Ümit Özdağ, menecer Ayşe Barım və jurnalist Suat Toktaş son vaxtlar bu həbsxanaya göndərilən məşhurlar sıasındadır. 2016-cı ildə 300-dən çox insanın ölümünə və 2100-dən çox insanın yaralanmasına səbəb olan uğursuz hərbi çevrilişdə iştirakda ittiham olunanların çoxu da burada saxlanılıb.
2018-ci ilin payızında azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov da Türkiyədə həbs olunanda bir neçə gün məhz Silivridə saxlanılmışdı.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ