İnsanlara hürriyət, millətlərə istiqlal!

Sıfırdan mahal tikmək – Qarabağın bərpasına milyardlar vəd edən dövlətlər susurlar

Uzun illər işğal altında qalmış, sonuncu tikilisinə qədər sökülüb talan edilmiş, yandırılmış, bütün infrastrukturu tamamilə dağıdılmış, daş-çınqıl, beton qalaqlarından ibarət təpəciklər yaranmış böyük ərazini arxalı, havadarlı düşmənin tapdağından azad etmək nə qədər çətin idisə, onu yenidən bərpa etmək, əvvəlki halına qaytarmaq beş o qədər çətindir.

Buna uzun vaxt, böyük enerji, çoxsaylı işçi qüvvəsi, hər cür tikinti texnikası, milyardlarla dollar həcmində ölçülən maliyyə vəsaiti lazımdır.

7-1612875754.jpg (157 KB)

Aran Qarabağın və Şərqi Zəngəzurun (Qubadlı, Zəngilan və Laçın rayonları) xaraba qoyulmuş yaşayış məntəqələrində olan, çoxsaylı videolar və fotolar çəkib ictimailəşdirən jurnalistlərin dediklərinə görə, orada faktiki olaraq hər şey sıfırdan başlanmalıydı və işğalın başa çatmasından sonra elə də edilib.

Adamın yadına vəfat etməzdən 1-2 il öncə Ukraynanın paytaxtı Kiyevdə tələbələrin qarşısında çıxış edən İsrail prezidenti Şimon Peresin sözləri düşür. Müstəqillik qazandıqdan və BMT tərəfindən tanındıqdan sonra bu dövlətin vəziyyəti təxminən Qarabaöın işğaldan azad olunmuş durumu kimi olub.
Şimon Peresin çıxışında belə fikirlər yer almışdı: “Biz torpaq arzusundaydıq, lakin əldə etdiyimiz torpaq arzu deyildi. Bu, Yaxın Şərqin mində bir hissəsi olan kiçik torpaq sahəsi idi. ... Orda bataqlıq, ağcaqanadlar, cənubda səhra, daşlıq var idi. Ağcaqanadlarla daşlar arasında seçim etməli idik. Burada olan iki gölün biri ölü idi, digəri quru. Məşhur çay olsa da, suyu yox idi... Biz tənha idik. Nə din qardaşımız, nə dilibir bacımız, nə də tarixi qonşumuz var idi”.

Qarabağ və Şərqi Zəngəzur da təxminən o vəziyyətdə idi. Ermənilər İsrail dövləti boyda bir ərazini xaraba qoymuşdular və bir müstəqil dövlətə vurduqları ölçüyəgəlməz ziyana görə heç bir təzminat ödəmədən, hətta peşmanlıq ifadə etmədən çəkilib öz sərhədləri daxilinə yığışmışdılar və hələ yenə də dinc durmurdular.

Azərbaycan isə onların xaraba qoyduğu mahalı bərpa etməliydi.

427210729_0_24_1200_702_1920x0_80_0_0_ce4f3e0453b8d5f89ef3f33290b73a20.jpg (273 KB)

Ancaq 1950-ci illərin İsrailindən fərqli olaraq Azərbaycanın işini irəli aparacaq faktorlar da vardı. Birincisi, Azərbaycan tək deyil, müttəfiqləri var. İkincisi, 10 milyonluq əhaliyə malikdir və bu, kifayət qədər böyük işçi qüvvəsi səfərbər etmək üçün əsasdır. Üçüncüsü, ölkənin maliyyə resursları bərpa işlərinin start mərhələsi üçün yetərlidir. Dördüncüsü, işğaldan azad olunan bölgə nə qədər dağıdılmış olsa da, bataqlıq və daş-qayalıqdan ibarət deyil, özünü regenarasiya (bərpa) etmək üçün potensiala malikdir. Beşincisi, biz yoxdan dövlət quranların, kənd təsərrüfatını susuz, torpaqsız inkişaf etdirənlərin təcrübəsini bilirik və ondan yararlanmağa hazırıq.

Ona görə də Qarabağın və Şərqi Zəngəzurun bərpası tez və effektiv şəkildə başlandı. Onu da deyək ki, bölgənin elektrik enerjisi ilə təmin edilməsi hələ hərbi əməliyyatların gedişindəcə davam edirdi. Əslində bu hərb tarixində fenomenal hadisələrdən biriydi. Müzəffər ordu əzəli yaşayış məntəqələrmizi azad etdikcə energetiklərimiz çətin relyefə, mina təhlükəsinə baxmayaraq, onların ardınca, necə deyərlər, “dabanqırma” gedir, yaşayış məntəqələrimizin uca yerində milli bayrağımızı yüksəldilən günün səhərisi oranı enerji ilə təmin edirdilər. Daha sonra energetiklərimiz Füzulidə, Hadrutda, Şuşada, Zəngilan və Qubadlıda sürətli bir şəkildə elektrik yarımstansiyaları tikilib istifadəyə verdilər. Bunlar modern yarımstansiyalardır, öz aralarında, obrazlı desək, ötürmə də edə bilirlər.

tunell.jpg (11 KB)

1949-50-ci illərdə qurulmasına başlanmış İsraildə cəmi 450 min əhali olubsa, bizdə təkcə Ermənistandan deportasiya edilmiş qaçqınların və Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin sayı 1 milyonu aşıb. (1993-2000-ci illər arasında bu rəqəm yuvarlaqlaşdırılaraq “bir milyon” deyilirdi). Onların bir xeylisi bərpa prosesinə qoşulub.

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirədə dövlət başçısı bildirib ki, bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur.

Prezident deyib: “Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.

bonustyol.jpg (44 KB)

Başqa sözlə, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazisinin bərpası məsələsində “özgə şamına möhtac olmayıb ki, ac da yatsın”.

Yalançı sülh danışıqlarının davam etdiyi dövrdə (əsasən 1998-2020-ci illərdə) ermənilərə qahmar çıxan dövlətlər tez-tez eşitdirirdilər ki, Azərbaycanın Ermənistana ciddi güzəştləri əsasında (onlar ölkəmizin Qarabağdan imtinasını nəzərdə tuturdular) baş tutacaq sülh sazişi imzalansa, Azərbaycana qaytarılan rayonların bərpasına böyük maliyyə vəsaiti ayıracaqlar.

Budur, Azərbaycan öz gücünə, onları vasitəçiliyi olmadan, hətta maneçiliklərinə məhəl qoymadan öz torpaqlarını işğaldan azad edib, amma ortada bir sent də maliyyə yardımı yoxdur. Belə çıxır ki, o dövlətlərə Qarabağın və Şərqi Zəngəzurun bərpası yox, ermənilərin Azərbaycan torpağında dövlət qurması və ya Qarabağın dağlıq hissəsinin bütöv şəkildə, eləcə də Şuşa, Laçın və Kəlbəcərin tam olaraq Azərbaycandan qoparılıb Ermənistana qatılması lazım imiş.

O planlar həyata keçmədi, ona görə də böyük dövlətlər, beynəlxalq banklar və fondlar Qarabağın bərpası planında iştirak etmirlər.

Xoşbəxtlikdən, Azərbaycanın bütün bu işləri həyata keçirməyə vəsaiti var və dövlət bir tərəfdən qazana-qazana, xərcləyə-xərcləyə bərpa işlərini başa gətirəcək.

14364510lac.jpg (381 KB)

Yolu Zəngilana, Qubadlıya, Laçlna düşən həmkarlarımız deyirlər ki, Horadizdən ta Mincivana, Laçına qədər yol boyunca dərələrdə, çay vadilərində o qədər tikinti meydançaları, müvəqqəti qarajlar, yataqxanalar, səyyari müəssisələr var ki, orada aparılan tikinti-quruculuq işlərinin miqyası heyrət doğurur.

Artıq Füzuli rayonunda ta Zəngilana çəkilən çoxzolaqlı avtobanın 75 faizdən çoxu hazırdır. Bu yolun Zəngəzurdan keçməklə Naxçıvana doğru inşa edilməzi nəzərdə tutulub və bu, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişindən sonra baş tutacaq.

zenqila.jpg (78 KB)

Füzuli və Zəngilanda beynəlxalq aeroportların tikilib istifadəyə verilməsindən sonra başqa irimiqyaslı tikinti işləri, o cümlədən məktəblər, xəstəxanalar, yaşayış evləri tikilib istifadəyə verilir.

Yaxın illərdə Laçın və Şuşanın, eləcə də Zəngilan və Qubadlının məskunlaşdırılması işi daha da sürətləndiriləcək. Bu rayonlarda məskunlaşdırma işlərinə start verilib, ardı da gələcək.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur nəzərdə tutulduğu müddət ərzində tam bərpa olunacaq və əvvəlkindən də gözəl, axarlı-baxarlı olacaq. Amma məkrli qonşularımızın bu torpaqda törətdikləri vəhşiliklər uzun illər unudulmayacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR