Onlayn ictimai-siyasi qəzet
“Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son hökumət saatı zamanı deyib.
Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib. O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz. Amma əslində özü elə bunu edir. Məsələn, “sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması”.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə deyib ki, sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı bənd yoxdur (Demək, Qarabağdan könüllü gedən ermənilərlə bağlı da heç nə yoxdur - red.).
Kostanyan bildirib ki, sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizlədilmir: “Bu proses şəffafdır, sizi proseslərdən daim xəbərdar edirik, görüşlərlə bağlı press-relizlər yayılır, həm baş nazir, həm də Xarici İşlər Nazirliyi mütəmadi olaraq məzmun barədə məlumat verir”.
Nazir müavini də baş nazir Nikol Paşinyan kimi qeyd edib ki, artıq razılaşdırılmış məqamlar ölkələr arasında diplomatik münasibətlərin qurulması və digər mövzularda müzakirələrin davam etdirilməsi üçün kifayətdir...
Məlumdur ki, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri sülh sənədinin təxminən 80 faizinin artıq razılaşdırıldığını bildirirlər. Bəs həmin 80 faizlik sənəd layihəsi rəsmi Bakının 5 məlum baza prinsipi ilə uzlaşır? Paşinyan və komandası niyə sülh sənədinin mətnini ictimailəşdirir, məqsədi nədir? Nəhayət, sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın nəzərdə tutulması hansı zərurətdən doğub, əgər Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı Müstəqillik Aktına olan istinadı çıxarmaq istəmirsə?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Dünyada münaqişələr qızışdıqca və Qafqaz regionuna yaxınlaşdıqca Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ ətrafında müzakirələr də intensivləşir. Artıq belə demək mümkündür ki, bu iki ölkə arasındakı münasibətlər dünya düzəninin formalaşmasına həlledici təsir edir və ya bu bu istiqamətdə mühüm faktora çevrilib. Ona görə də həm ABŞ və Qərb ölkələri, həm Rusiya, həm də İran fəallıq göstərirlər. Bundan başqa dolayı yolla prosesdə iştirak etmək istəyən qüvvələr də var: “Nikol Paşinyan sülh müqaviləsini imzalamaq istəyir. Amma bu müqavilədə Ermənistanın üzərinə ciddi öhdəlik gotürmək niyyətində deyil. Müqavilədə belə məzmunlu nüansları isə ictimaiyyətdən gizlətməyə çalışır. Ona görə də sülh müqaviləsinin bəzi müddəalarını ictimaiyyətə açıqlayır, bəzilərini isə gizlədir. Paşinyana sülh müqaviləsi Zəngəzur dəhlizinin Ermənistanın və Qərb müttəfiqlərinin nəzarəti altında açılmasına dəstək üçün lazımdır. Bununla da Rusiyanın dəhliz üzərində nəzarət iddiasını tamamilə sıfıra endirmiş olacaq. Eyni zamanda Rusiyanı regiondan, xüsusilə Ermənistandan sıxışdırıb çıxarmaq hədəfi də var. Çünki sülh müqaviləsi imzalandıqdan sonra Qərb Ermənistana kifayət qədər açıq dəstək verməklə, burada möhkəmlənəcək”.
M.Rəhimli qeyd etdi ki, Azərbaycan isə regional oyunların dinamikasını, eləcə də super güclərin niyyətlərini kifayət qədər yaxşı tutduğundan müqavilənin imzalanmasına tələsmir, lakin onun ərsəyə gəlməsində maraqlıdır, Azərbaycan yarımçıq sülh müqaviləsini istəmir: “Ona görə də irəli sürdüyü 5 baza prinsipinin tamamilə müqavilədə yer almasına çalışır. Bu prinsiplər beynəlxalq hüququn mahiyyətindən doğur. Bununla da boşluğa yer qoymadan müqavilə üzərində gələcəkdə kimlərinsə oyunlar qurmasına imkan vermək istəmir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ