İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Səxavətə oxşayan prezident

Xarici mətbuatın informasiyasına görə, İran prezidenti Pezeşkiyanın yanında müşavirə olub, İsraildən qisas almaq üçün Azərbaycanı, ya da İraqı vurmaq təklif edilib. Guya bizim ərazidə İsrailin hansısa hərbi obyektləri varmış.

Açıq-aşkar dezinformasiyadır, qardaş İranla aramızı vurmaq istəyirlər. Xarici mətbuatdan son illər o qədər yalan-palan xəbərlər oxumuşuq ki, gərək heç buna da təəccüblənməyək. Üstəlik, İran yaxşı bilməlidir, İsrailin Azərbaycanda hərbi obyektləri var, ancaq Güney Azərbaycanda.

Hər halda, İranın başına nə fəlakət gəlibsə, öz içindən gəlib. Uzun illər totalitar-dini rejim qursan belə durum yaranmalıdır. Orada molla rejimini sevməyən, onun yıxılmasını istəyən saysız-hesabsız adamlar, qruplar, təşkilatlar var və bunun isbatı üçün “Turana və İsrailə” (məsəlin əslində “İran-Turan”dır, lakin hazırkı kontekstdə dəyişməyə məcburam) getməyə ehtiyac qalmır. Hər hansı ölkədə sabitlik üçün xalqın da hökuməti dəstəkləməsi, arxasında durması vacibdir.

Ancaq sifətdən bizim hörmətli xalq yazıçısı Seyran Səxavətə dəhşətli dərəcədə oxşayan yeni İran prezidenti Pezeşkiyan düşmənləri daxildə və sistemin özündə axtarmaq yerinə başqa yerlərdə axtarmaq istəyirsə, buyursun. Onsuz regionda “xarici düşmənlər” konsepsiyası qədimdən dəbdədir. Kimin qarnı ağrısa, xaricilərdən görübdür. Ta yeyib-içdiyinə baxmayıbdır. Məsələn, Stalinin vaxtında camaatı hətta “Yaponiyanın casusu” adıyla güllələyirdilər.

Casus demişkən, hazırda İran zindanında bir azərbaycanlı gənci “şpion” adıyla saxlayırlar, halbuki o yazığın günahı hansısa iranlı qıza aşiq olması, onunla məktublaşması və qızın ardınca Tehrana getməyidir. Əsl eşq dastanıdır, lap kefin istəsə əsasında film çəkmək olar. Prodüser də olsun Bəsic. Ya da Ettelaat. Bəlkə Sepah? Hər halda, İranda kinoya məhəbbət böyükdür. Cəfər Pənahidən soruşun, sizə danışsın. Ya da Məhəmməd Rəsuloffdan. Nə bilim, Möhsün Mahmalbafdan. Burada da variantlarımız çoxdur, maşallah. Sözgəlişi, çox maraqlıdır ki, o boyda senzura şəraitində yenə İran kinosu çəkilir, festivallara gedir, bizdə isə sanki kinoya dövlət dəstəyi var, ancaq kino çəkilmir.

Ümumiyyətlə, son olimpiadada xarici idmançılar respublikamıza xeyli medal qazandıranda mənim ağlıma gəldi, gərək biz hökumətə minnətdarlıq teleqramı vuraq. Həmişəkindən daha intensiv şəkildə. Çünki hökumət istəsə bizim hamımızı qovub yerimizə xarici millət gətirə bilər. Buna haqqı çatır. Əlimizdən heç zad gəlmir, qoyasan elə ağlaşma quraq. Biri uşaq pulu istəyir, başqası pensiya, üçüncüsü hətta seçkidə iştirakçı olmaqdan dəm vurur. Adama deyərlər axı sən kimsən? Nə cürət edərək belə təxribatçı fikirlərə düşürsən? Ayıb olsun. Utanın. Hətta kimin əcəli çatıbsa ölsün.

Ən çox fəxr elədiyimiz ordu idi, oradan da son vaxtlar eyzən pis xəbərlər alırıq. O generalı tutdular, bu general yeyintiyə yol verib, filan polkovnik evləri satıb və sairə və ilaxır. Sanki kimlərsə ordunun qalxan nüfuzundan qorxur, onu gözdən salmaq istəyir. Əlbəttə, kim olacaq, xarici qara qüvvələr!

Yeganə olaraq qüsursuz işləyən hökumətimizdir, Allah onu bizə çox görməsin.

Təsadüfə bax, nöqtəni qoyub məhəllə dükanından su almağa getdim, gördüm orda iki fəhlə var, görkəmlərindən pakistanlılara, ya da banqladeşlilərə oxşayırdılar. Bəlkə hindistanlı idilər (burada da variantlarımız çoxdur, namxuda). Onların azərbaycanlı fəhlə yoldaşı guya zarafatla üzlərinə söyürdü, yalnız gülümsəyirdilər. Çox optimist insanlar idi. Bizim yerimizə yaşamağa layiq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR