Onlayn ictimai-siyasi qəzet
Bakıda dostunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Səbuhi Zülalovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Səbuhi Zülalov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Zülalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
İş üzrə dindirilmiş Səbuhi Zülalov ifadəsində göstərib ki, 4 ay əvvəl tanış olduğu Əfqan Qədəşovla dostluq münasibətləri yaranıb. Bir neçə dəfə birgə yeyib-içiblər.
Sentyabrın 27-də Suraxanı rayonu, Hövsan qəsəbəsində kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə evə gedərkən aralarında mübahisə yaranıb.
Belə ki, Əfqan digər dostlarının Səbuhiyə ad günü ilə bağlı hədiyyə etdiyi qol saatını ona verməsini xahiş edib. Səbuhi buna etiraz etdiyi üçün iki dost arasında mübahisə düşüb və onlar dalaşıblar. Dava zamanı Əfqan başı ilə Səbuhiyə zərbələr endirərək burnunu sındırıb.
Bundan sonra Səbuhi evə gedib qanlı paltarlarını dəyişib. Evdən 2 bıçaq götürüb belinə qoyaraq Əfqanı axtarmağa çıxıb. Onu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Hövsan parkı”nda tapıb.
Parkda məsələni aydınlaşdırarkən skamyadan qalxan dostu "nə demişəmsə, düz eləmişəm" deyib. Bu ifadəsindən hiddətlənərək bıçaqla Əfqana iki dəfə zərbə vurub. Yaralanan dostu qaçıb yolun digər tərəfində yerləşən çörək dükanına girib. Ona çatandan sonra obyektin içərisində əlbəyaxa olublar. Sərxoş olduğundan vurduğu bıçaq zərbələrinin sayı yadında qalmayıb. Əfqan yaralı halda əlindən çıxıb çölə qaçıb. Sonra kimlərsə təcili yardım çağırıblar.
Səbuhi Zülalov bildirib ki, burnu üç yerdən sındığından özü nəfəs almaqda çətinlik çəkib.
Həkimlər Əfqanı təcili yardım maşınına qoyandan sonra onlarla birlikdə xəstəxanaya yollanıb.
Xəstəxanaya çatanda dostu keçinib. Sonra telefonla danışan polis əməkdaşı deyib ki, xəstəxanada onları gözləsin. Səbuhi Zülalovun sözlərinə görə, dəfələrlə dostunu başa salıb ki, öz zarafatımız ayrı şeydir, ailə söyüşlərini ona qatmaq lazım deyil. Bunu heç kim götürməz.
Amma həmin gecə hər ikisi sərxoş olduğundan sözlərini və hərəkətlərini idarə edə bilməyiblər.
Məhkəmə prosesində Səbuhi Zülalov ittiham üzrə özünü tam təqsirli bilərək əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Sonda məhkəmənin hökmü ilə Səbuhi Zülalov 17 il müddətinə azadlıqdan məhrum olunub.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ