Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerovun rəhbərlik edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə Ankarada keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Trampa və Ərdoğana hörmət əlaməti olaraq, eləcə də deskalasiya istiqamətində ilk addımı atmaq ümidi ilə Ukrayna bu görüşlərə qatılır.
“Biz hələ də hesab edirik ki, Rusiya bu danışıqlara ciddi yanaşmır və müharibəni dayandırmaq istəmir. Amma biz buradayıq və birbaşa danışıqlara hazırıq”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyəti İstanbulda 16 mayda da qalacaq və ABŞ, Türkiyə və Rusiya tərəfləri ilə görüşlər keçirəcək.
“Hazırda biz ABŞ və Türkiyə tərəflərindən bu gün və ya sabah görüşlərin saatı ilə bağlı konkretlik gözləyirik. Biz həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyirik. Əgər Rusiya müharibənin dayandırılmasına real hazırlıq nümayiş etdirməsə, Ukrayna ABŞ, Aİ və Qlobal Cənub ölkələrindən Kremlə qarşı sərt iqtisadi təzyiqlər tələb edəcək”, – deyə Zelenski vurğulayıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ