Onlayn ictimai-siyasi qəzet
İstənilən müstəvidə yaranan gərginliyi aradan qaldırmaq üçün adi bir yumor, kiçik bir zarafat ən yaxşı vasitələrdən biridir. Hətta zamanında dünyanın ən nəhəng siyasətçiləri gərgin keçən görüşlərdə bu vasitədən istifadə ediblər.
Dövlət başçılarının iş qrafikinin nə qədər yüklü olduğunu hiss etmək o qədər də çətin deyil. Görüşlər, müşavirələr, səfərlər, qəbullar, sənədlərlə iş, rəsmi tədbirlərdə iştirak etmək və s. Amma bunlara baxmayaraq, birincilərin də asudə vaxta, əylənməyə və arabir zarafat etməyə ehtiyacları olur.
Sıravi vətəndaşlar kimi siyasi liderlər də arabir zarafat edirlər, lətifə söyləyirlər, doğmaları, dostları, bəzən də həmkarları ilə qeyri-rəsmi şəraitdə bir arada olub gərginliklərini çıxarırlar. O ki qaldı zarafat məsələsinə, birincilərin zarafatlarının arxasında bir çox hallarda sıravi insanların zarafatından fərqli olaraq siyasi mətləblər də gizlənir, onlar müəyyən məsələlərə “zarafat”la münasibət bildirirlər.
Dünyanın ən nəhəng siyasətçilərindən biri olan Uinston Çörçill həm də hazırcavablığı və güclü yumor hissinə malik olmağı ilə tanınıb.
Tanınmış siyasətçilər və britaniyalılar Çörçillin hədsiz dərəcədə siqar və viski həvəskarı olduğunu yaxşı biliblər. Çoxları bunu normal hal kimi qəbul edib, bəziləri isə bu zərərli vərdişləri ona yaraşdırmayıblar, hətta bununla bağlı iradlarını da gizlətməyiblər. Parlament üzvləri ilə görüşlərin birində parlamentin xanım üzvü Bessi Bredok Çörçillin içkili vəziyyətdə olduğuna sərt reaksiya verib:
- Siz sərxoşsunuz, bu vəziyyətdə görüş keçirmək yolverilməzdir.
Çörçill təmkinini pozmadan xanım siyasətçini “sakitləşdirib”:
- Mən sizinlə razıyam, sərxoşam, görüşü davam etdirməyə həvəsim də yoxdur. Amma bu, tezliklə keçəcək, mən ayılacam, sabah ayıq başla işimi davam etdirəcəm. Ancaq siz o qədər eybəcərsiniz ki, nəinki sabah, ömrünüzün sonuna kimi düzəlməyəcəksiniz.
Adı Amerika Birləşmiş Ştatlarının tarixinə qızıl hərflərlə yazılan 32-ci prezident Franklin Ruzvelt ciddi siyasi fiqur olmasına baxmayaraq, zarafatlarından da qalmayıb.
Günlərin birində səhər tezdən oyananda həyat yoldaşını evdə görməyən prezident xidmətçilərdən soruşub:
- Bəs Eleonor səhər tezdən hara gedib?
Xidmətçi qısa cavab verib:
- O, türmədədir.
Prezident başını bulayaraq soruşub:
- Mən buna təəccüblənmirəm. İndi nəyə görə onu türməyə salıblar?
Qeyd edək ki, Eleonor Ruzvelt xeyriyyəçiliklə məşğul olub və həmin gün prezidentin xanımı türmədə xeyriyyə tədbiri keçirib.
İosif Stalinin zarafatları daha ciddi olub və bu zarafatların arxasında konkret fikirlər dayanıb.
Stalin tez-tez Gürcüstanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı respublika rəhbərliyinə göstərişlər, tövsiyələr, məsləhətlər verib. Xüsusilə limon, portağal, naringi sahələrinin artırılmasını məqsədəuyğun sayıb. Amma bu göstərişlər onun istədiyi qədər yerinə yetirilməyib. Nəhayət, günlərin birində Stalin Gürcüstanın birinci katibi Mqeladzeni Moskvaya dəvət edib, onu bağ evinə qonaq aparıb. Süfrə arxasına keçməzdən əvvəl onlar bağ evinin həyətində gəzişiblər. Stalin həyəti gəzdikcə birinci katibə öz əkdiyi limon ağaclarını göstərib:
- Dadına baxın, özüm əkmişəm.
Birinci katib limonun birini dərdikdən sonra söhbətini davam etdirib, Gürcüstandakı vəziyyətdən danışıb. Bir neçə addım atdıqdan sonra Stalin onun sözünü yarımçıq kəsərək növbəti limon ağacının qarşısında dayanıb:
- Bu ağac daha çox məhsul verir. Moskva mühitində belə məhsul əldə etmək çox çətindir.
Mqeladze isə söhbətini davam etdirib. Stalin yenidən onun sözünü kəsərək limon ağacının qarşısında dayanıb:
- Mən Siyasi Büronun üzvlərinə də bu limonlardan pay verirəm və onlar məndən çox razı qalırlar.
Nəhayət ki, Mqeladze Stalinin eyhamlarını başa düşüb:
- Yoldaş Stalin, sizə söz verirəm ki, bir neçə ildən sonra Gürcüstan bütün SSRİ-ni limonla təmin edəcək və bütün sovet vətəndaşları bizdən razı qalacaq.
Stalin istədiyini eşitdikdən sonra onu evə dəvət edib:
- Axır ki, siz məni anlaya bildiniz, indi evə keçə bilərik.
İlham Cəmiloğlu,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ