Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Çexiyanın müdafiə xərcləri son 20 ildə ilk dəfə olaraq ölkənin ümumi daxili məhsulunun 2 faizini ötüb və bununla da NATO-nun hədəflərinə nail olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə nazirliyi məlumat yayıb.
Müdafiə departamentinin rəhbəri Jana Çernohovanın sözlərinə görə, Çexiya hökuməti müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq vədini vaxtından əvvəl yerinə yetirib. Onun bildirdiyinə görə bu hətta, “tavan deyil, aşağı həddir” və Ukraynadakı müharibə və dünyada ümumi qeyri-sabitlik fonunda müdafiə xərclərini daha da artırmaq lazımdır”.
Müdafiəyə ən azı 2% xərcləmə tələbi 2023-cü ildə Çexiyada qəbul edilən müdafiənin maliyyələşdirilməsi haqqında qanunda öz əksini tapıb.
Ümumilikdə, Çexiya Müdafiə nazirliyinin məlumatına əsasən, 2024-cü ildə müdafiəyə 166 milyard krondan çox, yəni təxminən 6,8 milyard dollar xərclənib. Bu, 2024-cü il üçün proqnozlaşdırılan Çexiya ÜDM-nin təxminən 2,09%-ni təşkil edir. 2014-cü ildə Çexiya müdafiəyə 1%-dən az xərcləmişdi.
Son illərdə, xüsusən də Ukraynaya genişmiqyaslı işğaldan sonra NATO ölkələrinin əksəriyyəti hərbi xərcləri artırıb və hazırda 32 ölkədən 25-i ÜDM-in 2%-ni keçib. Bu göstərici Şimali Atlantika Alyansının qərarlarında arzuolunan kimi göstərilib.
Çexiya Silahlı Qüvvələrinin gücü təxminən 30 min nəfərdir; Çexiya ordusu müxtəlif NATO proqramlarında və missiyalarında fəal iştirak edir. Ölkə həmçinin inkişaf etmiş hərbi sənayeyə malikdir; Çexiya Ukraynaya onlarla tank, piyada döyüş maşınları, haubitsalar və RYAS (Reaktiv Yaylım Atəş Sistemi), artilleriya mərmiləri və atıcı silahlar da daxil olmaqla əhəmiyyətli miqdarda hərbi yardım göndərib. Çex Respublikasının Prezidenti keçmiş yüksək rütbəli hərbçi Petr Paveldir.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ