İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə “centlmensayağı atəşkəsin” sonu - ilk gülləni kim atsa...

ABŞ qaynağının sülh, erməni ekspertlərin müharibə anonsu; bölgədə yeni erməni təxribatına hazırlıqlara start verilib

Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

“Hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir, qoşunların yerləşdirilməsi müşahidə olunmur”. Bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib. “Son bir neçə ayda vəziyyəti nisbətən sabit kimi xarakterizə etmək olar, bu da müəyyən sabitlik və əmin-amanlıq əlamətlərini ifadə edir”, - nazir bildirib.

Bu arada ABŞ-ın “Fitch Group” şirkətinin sülh proqnozu da diqqət çəkib. Şirkətin analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. “Fitch Group”un iddiasına görə, sazişə Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir. “Artıq Qərbdə də Zəngəzur dəhlizindən danışırlar”. Bu fikirlər isə erməni politoloq Suren Surenyantsa məxsusdur. Surenyants onu da bildirib ki, bu, Azərbaycan və Ermənistanın yox, bir Qərb mərkəzinin proqnozudur: “Ermənistan rəhbərliyi dəhliz mövzusunu gündəmdən çıxara bilmədi. Təəssüf ki, bu məsələnin həlli Ermənistan üçün üçtərəfli sənəddə (10 noyabr) göstəriləndən daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. İmzalanacaq sənəd (dəhlizlə bağlı) Ermənistan üçün 10 noyabr bəyanatından daha yaxşı olmayacaq”.

“Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı var”. Erməni siyasi ekspert Varujan Qeqamyan belə deyib. Ekspert ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən birinin bununla bağlı proqnozuna diqqət çəkib. “Amerikanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) 2024-cü il üçün illik proqnozunda bildirir ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı var, amma bu, ABŞ üçün prioritet deyil”, - Qeqamyan vurğulayıb. Bu məsələlərlə bağlı Azərbaycan ekspertlərinin maraqlı təhlilləri var.

Arzu Nağıyev: “Seçkiləri yetərli sayda beynəlxalq missiyalar müşahidə  edəcək”

Arzu Nağıyev

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ-dan gələn açıqlamanı o qədər də ciddi hesab etmir: “Biz bu cür açıqlamaların ənənəvi olduğunu bilirik. Çünki Azərbaycanda seçki prosesi gedir və ABŞ regionda öz siyasətini həyata keçirmək üçün bu cür açıqlamalardan istifadə edir. Azərbaycan üçün bu cür açıqlamalar təhlükə təşkil etmir. Burada xüsusilə sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşünü, mina xəritələri ilə bağlı verilən açıqlamaları xatırlatmaq istərdim. Eyni zamanda bura Ermənistan rəsmilərinin sülhə yanaşmalarını əks etdirən fikirləri də daxil edə bilərik. Görünən odur ki, sülh sazişinin imzalanması üçün humanist addımların atılması davam etdirilməlidir”. A.Nağıyevin sözlərinə görə, sülhün tezliklə əldə olunması üçün bu prosesin iştirakçısına çevrilmiş ölkələr tərəfindən də zəruri addımların atılmasına ehtiyac var: “Ermənistan rəsmilərinin öz konstitusiyalarında sülhə əngəl olan məqamlarını aradan qaldırmaq üçün təşəbbüslərini təqdir edirik. 2024-cü il bizim üçün seçkilərlə davam edir. Ölkəmizin qarşısında vacib məsələlər dayanır. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması üçün münbit şərait var. Noyabrın ortalarından etibarən Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmiyə Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının nəzarət etdiyi ərazilərdən hücum edilib. Husilər İsrail gəmilərini hədəf aldıqlarını desələr də, digər mülki gəmilər də risk altındadır. Bir çox qlobal gəmiçilik şirkətləri Qırmızı dəniz ətrafında gəmilərin marşrutunu dəyişdirir və yüklərin çatdırılması logistikasını dəyişir. Bu, yükdaşımaların dəyərinin artmasına və çatdırılma müddətinin artmasına səbəb olacaq. Belə bir şəraitdə Zəngəzur dəhlizi yükdaşımalar üçün alternativ marşruta çevrilə və çatdırılma müddətini azalda, eyni zamanda qiyməti aşağı sala bilər ki, bu hadisələr fonunda Azərbaycandan keçən Orta dəhlizə maraq sürətlə artır. Deməli, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır, ona görə də bu, Qərbin marağındadır və gündəmdən düşməyəcək..." 

A.Nağıyev digər mühüm məqamlara da diqqət çəkdi: “Məlumdur ki, bir sıra Qərb dövlətləri, eyni zamanda ABŞ Ermənistandan bir vasitə kimi istifadə etməklə Cənubi Qafqazda nəyin bahasına olursa-olsun, bitmiş nüfuzlarını bərpa etmək üçün hər addımı atırlar. Fransaya gəldikdə, məlumdur ki, Azərbaycan torpaqları işğal altında olanda həmin ərazilərdə öz biznes fəaliyyətlərini quraraq bu və ya digər şəkildə çox ciddi vəsaitlər əldə ediblər. Hazırda isə bu istiqamətdə bütün yollar bağlıdır. Buna görə də nəyin bahasına olursa-olsun Fransa yenidən Ermənistanı vasitə seçərək Cənubi Qafqaza qayıtmağa cəhd edir. Fransanın bu günə kimi verdiyi silahlar elə də ciddi silahlar deyil və Ermənistan o silahlarla müharibə apara bilməz. Rusiyanın özü də vaxtilə bağlanmış müqavilələrlə əlaqədar müəyyən silah-sursatı Ermənistana verməyə başlayıb, Hindistanla olan müqavilələr də var. Amma bunların heç biri bugünkü hazırlıqlı Azərbaycan Ordusunun qarşısında dayanmaq imkanında deyil. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaq üçün kifayət qədər müasir silah-sursata, döyüşkən orduya, xarici və daxili siyasətə malikik”. Deputat bildirdi ki, Qərb cidd-cəhdlə qoşunların güzgüvari çəkilməsi, hansısa müşahidə missiyanın sərhəddə yerləşdirilməsi məsələsini gündəmdə saxlayır: “Məqsəd odur ki, qoşunlar çəkilən vaxt o ərazidə vizual kəşfiyyatçılar müşahidəçi adı ilə otursunlar. Digər bir ciddi məsələ Paşinyanın verdiyi son bəyanatdır ki, sülh bərqərar ola bilməz, çünki onların konstitusiyasında müstəqillik aktı deyilən qondarma maddə var, hansı ki, qondarma qurumla Ermənistanın birləşməsi haqda 1989-cu il 1 dekabr tarixli ”sənəd"lərə əsaslanır, bunların hamısı bir anonsdur, sülhün bərqərar olmasına maneələrdir. Buna baxmayaraq, ciddi müharibənin baş verməsi, Fransanın Ermənistanı buna cəlb etməsi inandırıcı görünmür. Çünki istər Türkiyə, istər NATO-nun digər üzv dövlətləri, Azərbaycanın tərəfdaşları buna qəti imkan verməz. Heç Ermənistan özü də bunu istəməz. Ona görə ki, darmadağın olmuş iqtisadiyyatı, zəifləmiş ordusu buna imkan vermir. Sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması Ermənistanı bu gün düşdüyü ağır vəziyyətdən çıxara biləcək ən ciddi amildir".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, üç bir-birinə zidd mövqe ortadadır: “Bir tərəfdə Ermənistan rəhbərliyi özünü sülh təşəbbüsçüsü kimi göstərir, sabitlikdən razılığını bildirir. Əslində Azərbaycanın sülh təşəbbüsünü neytrallaşdırmaq istəyirlər. Azərbaycan Prezidentinin de-fakto sülh vəziyyəti ilə bağlı açıqlamasına şərik çıxmağa çalışırlar. Onda aydın deyil ki, niyə sülhdən qaçırlar? Görünür, hələ də özləri qərar verə bilmir, kənardan siqnal gözləyirlər. Kənardan siqnal verənlər isə tələsmir, müəyyən məqamı gözləyirlər. Amerika rəsmiləri ilə bağlı olan iki mərkəz fərqli proqnozlar verir”. A.Nağı bildirdi ki, “Fitch Group”a daxil olan kifayət qədər nüfuzlu mərkəz sülh proqnozunu, özü də ciddi inamla verir: “Bu, ilin birinci yarısında sülh imzalanması ehtimalını biz də bölüşürük. Ötən il sizinlə söhbətimdə bildirmişdim ki, 2023-cü ilin sonuna sülh müqaviləsi real deyil, amma növbəti ilin ortaları və ya payıza qədər hansısa formada razılaşma olsa, ən azından çərçivə sazişi imzalana bilər. Bu gün də həmin mövqeyimdə qalıram. Amma digər nüfuzlu mərkəz müharibə anonsunu verir. Bunu da nəzərə almaq zorundayıq”. A.Nağı bildirdi ki, Azərbaycana müharibə gərək deyil: “Ermənistan isə müharibə aparmaq gücündə deyil, aldığı silahlar da... Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu silahlar heç nəyə yaramır. Ermənistan Qərbin, ilk növbədə Fransanın sifarişi ilə təxribat törədib, dərhal təslim ola, Fransanı köməyə çağıra bilər. Bu, Qərbin regiona gəlməsi üçün bəhanə kimi istifadə oluna biləcək ssenaridir. Müharibə dedikləri bu variantda mümkün ola bilər. Bu variantda Qərb istədiyinə nail olacaq, Ermənistan isə növbəti dəfə "bublikin ortasındakı deşik"lə qalacaq. Ermənilər hələ də bu reallığı başa düşmək istəmirlər".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR