İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədçilərin ölümündə onlar da günahkardır - İran mübarizəni gücləndirəcək

“İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb. Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum edib. Nəticədə onlarla İran hərbçisi həlak olub”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

ELXAN SON.jpg (74 KB)

Politoloq vurğulayıb ki, bəluclar İran hakimiyyətində təmsil olunmayıblar:

“Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən, Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar. İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər.

Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahian “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələri oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi. Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR