İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd komissiyaları formalaşdı: görüş yeri hara olacaq?

Politoloq: “Görüşü azad edilmiş dövlət sərhədlərimizin hansısa hissəsində həyata keçirmək lazımdır”

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin  müavini Şahin Mustafayevin rəhbərlik edəcəyi Dövlət Komissiyasında bütün əsas nazirliklərin müavinləri təmsil olunacaq.

Bundan əlavə, Ermənistanla sərhədyanı Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən,  Kəlbəcər, Laçın, Qubadlı və  Zəngilan rayon icra hakimiyyətlərinin başçıları da komissiyanın tərkibində təmsil olunurlar. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri də komissiyanın tərkibində yer alır.

Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək də tapşırılıb.

 Ermənistan da  Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan fərman imzalayıb.

Komissiyaya Paşinyanın müavini Mher Qriqoryan rəhbərlik edəcək. Komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hovannes Harutyunyan daxil olacaq.

Komissiyanın tərkibinin müəyyənləşdirməsindən sonra qalır sərhəd yaxınlığında baş tutacaq görüşün keçirilməsi. Sərhəddə görüş tarixinə qısa ekskurs etsək, məlum olacaq ki, 1999-cu il oktyabrın 11-də və 2002-ci ilin avqustun 14-də sərhəddə-Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycanın o zamankı  Prezidenti Heydər Əliyevlə  Ermənistan prezidenti Robert Köçəryan arasında təkbətək görüşlər keçirilib.

Bu dəfə sərhədlə bağlı yaradılan dövlət komissiyalarının ilk görüşünün Sədərəkdə ola biləcəyi mümkünmü? 1999 və 2002-ci illərlə müqayisədə Azərbaycanın indi hərbi, diplomatik və siyasi üstünlüklərlə sərhəd görüşünə gedəcəyi məlumdur. Bu üstünlük nəticələrə təsir edəcək amildirmi?

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, hər iki tərəfin Brüssel görüşündən bir gün sonra Dövlət Komissiyasının yaradılması barədə sərəncam verməsi müsbətdir və görüşün səmərəli olduğunu təsdiqləyir: “Bu onun göstəricisidir ki, bu məsələ ilə əlaqədar çox ciddi anlaşmalar əldə olunub. Amma düşünürəm ki, bu razılaşmalar məsələnin həllinin yüz faiz təmin olunmasına kifayət qədər əsas vermir. Sadəcə olaraq, hər iki tərəf bu prosesin başlanmasına ciddi yanaşığını nümayiş etdirmiş oldu. Bilirsiniz ki, oxşar işçi qrup bir müddət öncə kommunikasiyaların açılması ilə bağlı yaradılıb. Rusiya baş naziri müavininin iştirakı ilə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupdan söhbət gedir. Bir ilə yaxındır bu işçi qrup yaradılıb və müəyyən görüşlər də aparılır. Ancaq biz hər hansı bir irəliləyiş görmürük. Hətta Azərbaycan Prezidenti çıxışlarının birində işarə ilə irad bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfi öz üzərinə düşən praktiki işləri həyata keçirir, lakin Ermənistan tərəfindən bunu görmürük.

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov

Zəngəzur dəhlizinin açılması həm də 10 noyabr üçtərəfli bəyanatında əksini tapır, Ermənistan bunu da nəzərə almır, öhdəliyini yerinə yetirmir. Amma əminəm ki, Ermənistan bunu məcbur olub yerinə yetirəcək. Sərhədlə bağlı yeni yaradılan dövlət komissiyalarının ilk görüşünün məhz sərhəddə, özü də Sədərəkdə keçirilib-keçirilməyəcəyi barədə isə indidən dəqiq fikir söyləmək mümkün deyil. 1999 və 2002-ci ildə Azərbaycan və Ermənistan dövlət başçılarının Sədərəkdə sərhəddə görüşmələri ona görə məhz həmin ərazidə reallaşdırılmışdı ki, həmin dövrdə Azərbaycanın Ermənistanla mövcud olan sərhədlərinin böyük hissəsində erməni silahlı qüvvələri ərazilərimizi işğal etmişdilər, ona görə də görüşlərin Azərbaycanın rəsmi sərhədi olan ərazidə təmin edilməsi lazım idi. Digər tərəfdən, həmin görüşlərdə danışıqların mövzusu Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası deyildi. O zamankı reallıqlarla indiki reallıq fərqli idi. O zaman Azərbaycan torpaqlarının azad edilməsinə çalışırdı, torpaqlar erməni qoşunlarının işğalı altında olduğu üçün üstün mövqedə Ermənistan idi. Robert Köçəryanın həmin görüşlərdə bu üstünlüklərin təsiri altında necə lovğa və özündən razı halda davrandığını yəqin xatırlayırsınız. Hətta səhv etmirəmsə, Köçəryan demişdi torpaqlar bizdədir, ala bilirsiniz gəlib alın. Azərbaycan dövləti, ordusu 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızı erməni işğalçılarından aldı və artıq bunun nəticəsində yeni reallıq yaranıb və Azərbaycan üstün mövqeyə sahiblənib. Ermənistanın Azərbaycanın dövlət sərhədlərini tanımaqdan başqa çıxış yolu qalmayıb”.

Politoloq qeyd etdi ki, yeni reallıqda dövlət komissiyalarının görüşünün Sədərəkdə keçirilməsinə ehtiyac yoxdur: “Bizim silahlı qüvvələrimiz artıq Azərbaycan dövlətinin BMT tərəfindən qəbul olunmuş, tanınmış dövlət sərhədlərinə çıxıblar, orada yerləşiblər. Ona görə də görüşü azad edilmiş dövlət sərhədlərimizin hansısa hissəsində həyata keçirmək lazımdır. Konkret hansı ərazinin seçilməsi isə müəyyən məsələlərdən asılı olacaq. Əslində mən hesab edirəm ki, görüşün hansı nöqtədə keçirilməsi çox da böyük həyati əhəmiyyət daşımır. Əsas məsələ odur ki, görüşlər reallaşsın, nəticəli danışıqlar olsun və proses mümkün qədər tez uğurla başa çatdırılsın. Hesab edirəm ki, görüşlər, xüsusilə ilk görüş ən mübahisəsiz ərazidə keçiriləcək. Yenə deyirəm, əsas məsələ nəticədir. Mən nəticə barədə bir az pessimistəm. Ona görə ki, ümumiyyətlə, ölkələr arasında sərhədlərin delimitasiyası və demarkasiyası həddən artıq uzun sürən ağır proses olur. Həmçinin Ermənistanın bu məsələni də yubatmağa çalışmağa cəhdlər etməsi gözləniləndir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR