İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada imzalanmış mühüm anlaşma - Strateji Tərəfdaşlıq Şurası...

Strateji Tərəfdaşlıq Şurası Azərbaycana nə verəcək?

Belqradda iki ölkə liderinin - İlham Əliyev və Aleksandr Vuçiçin danışıqlarının yekunlarına görə Azərbaycan-Serbiya sənədlər paketi imzalanıb. Prezidentlər birgə bəyanat və Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında memorandum imzalayıblar. DİN başçıları readmissiya haqqında hökumətlərarası saziş imzalayıblar. Eyni zamanda sosial təminat sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Bundan başqa, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya İnkişaf Agentliyi arasında əməkdaşlıq haqqında hökumətlərarası saziş, habelə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Tərəflər həmçinin dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Strateji Tərəfdaşlıq Şurası Azərbaycana nə verəcək?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Serbiya Prezidenti Aleksandar Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevi özünün və Serbiyanın dostu adlandırır. İlham Əliyev də Serbiya və bu ölkənin prezidenti barədə eyni şəkildə düşünür: “Prezident İlham Əliyevin "Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik" ifadəsi də bundan xəbər verir. Hər iki dövlət bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir. Azərbaycan Kosovonu Serbiyanın, Serbiya isə Qarabağı Azərbaycanın ərazisi sayır. Hər iki ölkənin rəsmiləri və diplomatları beynəlxalq təşkilatlarda bir-birilərinin xeyrinə səs verirlər. Bu, iki ölkəni bir-birinə yaxınlaşdıran əsas amildir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Avropada enerji böhranı yaradıb. Belə vəziyyətdə Azərbaycan Serbiyaya daha çox qaz nəql edəcək. Azərbaycanın hazırkı qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir, bir neçə ildən sonra bu həcm 35 milyard kubmetrə çatacaq. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində iş gedir. Bu xətlə Azərbaycan qazı Serbiyaya çatdırılacaq. Bundan başqa, Azərbaycanla Serbiya arasında elektrik enerjisi əməkdaşlığı planlaşdırılır. Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Elektrik xəttinin suyun altından çəkiləcəyi nəzərdə tutulub. Xətt Qara dənizin altından keçəcək. Serbiya paylayıcı şəbəkə vasitəsilə Rumıniya və Macarıstan üzərindən Azərbaycandan elektrik enerjisi idxal edə biləcək. Azərbaycanın Avropada dostlarının sayını artırması milli və təhlükəsizlik maraqlarımıza uyğundur".

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva bildirdi ki, Serbiya və Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci il avqust ayının 21-də qurulub. Azərbaycan Serbiyada ən iri layihələrdən biri-Liq-Prelin avtomagistralının “Koridor -11" sahəsinin inşasını maliyyələşdirir. Azərbaycan və Serbiya arasında ən müxtəlif istiqamətlərdə saziş mövcuddur: "Eyni zamanda Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan həm də Serbiyanı strateji məsələlərdə dəstəkləyib. Azərbaycan Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib, bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edib. Azərbaycan Kosovo məsələsində Serbiyanın maraqlarına zidd addım atmayıb, Serbiya da Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Belqradda Azərbaycan-Serbiya Xarici İşlər nazirlikləriarası siyasi məsləhətləşmə qrupu mövcuddur. Şura haqqında onu qeyd edim ki, Strateji Tərəfdaşlıq Şurası  ticarət, investisiya, innovasiya, sənaye, logistika, turizm və iqtisadiyyatın digər sahələrində birgə əməkdaşlıq layihələrinin təşviqinə, habelə mədəni-humanitar mübadilə proqramının fəal şəkildə həyata keçirilməsinə yönəldiləcək format kimi nəzərdə tutulur. Strateji Tərəfdaşlıq Şurası ümumilikdə siyasət, təhlükəsizlik və müdafiə, iqtisadiyyat və ticarət, investisiya, turizm, enerji, nəqliyyat və tranzit, kənd təsərrüfatı və meşə təsərrüfatı, mədəniyyət, təhsil, elm və texnologiya, innovasiya, səhiyyə sahələrində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı üçün birgə strategiya müəyyən edəcək. Həmçinin şura çərçivəsində  Azərbaycan və Serbiya  beynəlxalq və regional siyasətin aktual aspektləri ətrafında fikir mübadiləsi aparacaq".

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Hərbi-siyasi şərhçi Ramil Məmmədli isə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri həm də iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinə xidmət edəcək: “Serbiya Avropa ölkəsi olmasına baxmayaraq, keçmiş sosialist düşərgəsinə aid dövlət kimi bu məkanın hərbi sənaye məhsullarının istehsalçısı olaraq mühüm yerlərdən birini tutur. SSRİ-nin süqutundan sonra Şərqi Avropa ölkələrinin demək olar ki, hamısı sovet hərbi sənaye kompleksindən, yəni bu məhsulların istehsalından imtina etməyə başladılar. Lakin Serbiya Rusiyanın siyasi müttəfiqi olaraq, əvvəllər təmsil olunduğu hərbi blokun silah-sursat məhsullarının istehsalını davam etdirdi. Həmçinin bu məhsulların uğurlu  modernləşdirilmiş variantlarının yaradılması prosesini bu gün də davam etdirir. Serbiya müdafiə sənayesi kompleksi sovet hərbi təyinatlı məhsulları ilə yanaşı, bu sahədə Qərb texnologiyalarını da mənimsəyə bilib. Serbiya həm də müdafiə sənaye sahəsində özəl sektorun formalaşdırılmasına da nail olub. İmzalanan sənədlər, strateji tərəfdaşlıq Azərbaycanın Serbiya ilə hərbi-texniki sahədə əməkdaşlığına zəmin yaratmaqla yanaşı, gələcəkdə birgə istehsal müəssisələrinin formalaşdırılmasına da təkan verə biləcək. Məsələnin digər, daha önəmli bir məqamı da mövcuddur. Bu, Azərbaycanın illərdir formalaşmış Ermənistan-Serbiya hərbi-texniki əlaqələrini sıradan çıxarmasıdır. Məlumat üçün deyim ki, Serbiyanın Aleksandr Vuçiçdən əvvəlki prezidentləri dövründə bu slavyan ölkəsinin Ermənistanın hərbi qurumları ilə çox sıx və məhsuldar əməkdaşlığı mövcud olub. Elə bunun nəticəsi idi ki, Vətən müharibəsindən əvvəl Serbiyanın Ermənistan silahlı qüvvələrinə minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah və sursat tədarükünü təsdiqləyən sənədlər ortaya çıxmışdı. O zaman biz bu məlumatı "AzeriDefence" jurnalında dərc etmişdik. Serbiyanın NİN jurnalının açıqladığı məlumatda qeyd olunurdu ki, Ermənistanın Serbiyanın “Ventura trans” şirkətinin “Kruşik” (Valevo), “Prva Petoletka” (Trstenik) və “Zastava Arms” (Kraquevas) şirkətlərindən xeyli miqdarda silah və sursat tədarükünü təşkil etdiyini təsdiqləyən sənədlər var. Həmin informasiyadan sonra Serbiyanın diplomatik missiyası yuxarıda qeyd etdiyim xəbərə reaksiya vermək məcburiyyətində qaldı. Bu gün isə proseslər başqa müstəvidə inkişaf etməyə başlayıb. Azərbaycan dövlətinin apardığı çoxşaxəli siyasət sayəsində Serbiya Avropada ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilib. Özü də bu, həm də hərbi-texniki sahədə formalaşan münasibətlər kontekstində davam edəcək. Əlbəttə, burada Serbiyanın da dövlət maraqları xüsusi yerlərdən birini tutur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR