İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların “müstəqillik” şousu hazırlığı

Sentyabrın 19-da Vaşinqtonda anti-Azərbaycan tədbiri keçirəcəklər

ABŞ Konqresi qondarma “artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni internet seqmentində məlumat yayılıb. Məlumatda qeyd edilir ki, Konqres üzvləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar.

Sərsəm açıqlama yayanlar qeyd ediblər ki, tədbir iştirakçılarının toplanmasında məqsəd 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın “hərbi hücumunun birinci ildönümünü qeyd etməkdir”.

Bundan başqa, Qarabağda fəaliyyətinə keçən ilin 19 sentyabrında son qoyulan separatçı quldur rejimin qalıqları İrəvanda 2 sentyabrda “Qarabağın müstəqilliyinin 33-cü ildönümü”nü keçirmək istəyirlər.

Ermənilər bu cür qondarma tədbirlərlə nə etmək istəyir? Bu tipli tədbirlərlə hər hansı nəticəsinin olması mümkünmü? Nikol Paşinyan və hökuməti separatçı rejimin tör-töküntülərinin bu avantürasının reallaşmasına, sizcə, şərait yaradacaq, yoxsa qarşısını alacaq?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirlərini keçirməklə öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edəndən sonra ölkəmizə ciddi təzyiqlərin olacağı gözlənilən idi: “Bu "tədbirlərdə"  əsas məqsəd iki faktorla bağlıdır. Birincisi, antiterror əməliyyatlarının ildönümü yaxınlaşır və bu hadisə ilə bağlı həm Ermənistandakı revanşist qüvvələr, eyni zamanda onları dəstəkləyənlər bu məsələni xüsusilə qabardılaraq Azərbaycana qarşı təzyiq kampaniyası həyata keçirməyə çalışırlar. Heç təsadüfi deyil ki, sentyabrın 19-da ABŞ Konqresində məhz Qarabağ ermənilərinin də iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycanda keçiriləcək COP-29 tədbirinə kölgə salmaq məqsədilə hələ uzun müddət öncədən beynəlxalq ermənilik və onları dəstəkləyən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına start veriblər. Onlar bu tədbirə kölgə salmaq məqsədilə Azərbaycana təzyiq kampaniyasını bütün istiqamətlərdə həyata keçirmək istəyirlər. Bu prosesdə Qarabağ erməniləri ilə bağlı məsələ və Bakıda saxlanılan hərbi cinayətkar olan keçmiş xunta rejiminin təmsilçilərinin azad olunması məsələsi gündəmə gətirilir. Bu baxımdan bu proses yalnız  Qarabağdan getmiş ermənilərin və Ermənistanın özündəki qüvvələrin təşəbbüsü deyil".

Politoloq hesab edir ki, bu təşəbbüsün arxasında xüsusilə də Qərb dairələri tərəfindən himayə edilən dairələr dayanır: “Çünki Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq etmək və bununla bizi müəyyən güzəştlərə vadar etmək istəyən qüvvələr müxtəlif variantlardan istifadə etməklə öz məqsədlərinə nail olmağa çalışırlar. "Paşinyan hökuməti bu tədbirin keçirilməsinin qarşısını alacaqmı" sualına gəlincə, onu deyə bilərik ki, məhz keçən ilin sentyabrında Paşinyanın qondarma qurumla bağlı ünvanladığı təbrik məktubu Bakının səbir kasasını daşırdı və 19 sentyabrda antiterror tədbiri reallaşdırıldı. O baxımdan deyə bilərik ki, separatçılara təlimat Fransadan və ABŞ-dan gəldiyindən Paşinyan hakimiyyəti onlara mane olmayacaq".

O.Qasımov vurğuladı ki, bu cür qondarma tədbirlərin keçirilməsi ilə ermənilər hansısa nəticələrə nail ola bilməyəcəklər: “Azərbaycanın bölgə ilə bağlı məsələlərdə mövqeyi prinsipialdır, Azərbaycan bölgədə sülh istəyir və Ermənistandan da sülh istiqamətində konkret addımları atmasını tələb edir. Bu addımlardan da birincisi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətin imzalanmasıdır. Ermənistan bunları etməyəcəyi, əksinə, separatçılara qondarma tədbirlər keçirmələri üçün şərait yaradacağı halda təbii ki, sülh müqaviləsinin imzalanması və sülh imkansız olacaq. Belə vəziyyət isə Ermənistanın zərərinə işləyəcək. Ermənilər istər 2 sentyabrda, istər 19 sentyabrda hay-küy salmaqla, revanşist çağırışlarla reallığı, bölgədə yaranmış vəziyyəti dəyişə bilməyəcəklər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR