Onlayn ictimai-siyasi qəzet
Senat Fransaya xarici müdaxilənin qarşısını almaq məqsədi daşıyan qanun layihəsini qəbul edib.
Musavat.com Senatın rəsmi saytına istinadən xəbər verir ki, mayın 22-də müzakirə edilən mətn xüsusilə xarici maraqların nümayəndələrinin qeydiyyatdan keçməli olduğu reyestrin yaradılmasını təklif edir.
Mətn həmçinin kəşfiyyat xidmətlərinə müdaxilə əməliyyatlarını aşkar etmək üçün alqoritmlərdən istifadə etməyə icazə verir. Bu müddəa sol cəbhədə güclü etirazlara səbəb olub.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a bildirib ki, qanunun qəbul edilməsi daxili siyasi məsələlər, eləcə də ölkədə keçiriləcək mühüm tədbirlə bağlıdır:
“Fransa Senatı qanunu qəbul edərkən iki məsələyə əsaslanıb: Parisdə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizlik və Yeni Kaledoniyada baş verənlər. Qanun layihəsinin qəbulu üçün məruzə hazırlayan senator Aqnes Kanayer bildirib ki, “Xarici müdaxilə çox vaxt onsuz da kövrək əsaslarla inkişaf edir. Mayottadan Yeni Kaledoniyaya qədər, xarici ərazilər son vaxtlar Azərbaycanın Bakı qrupu ilə olduğu kimi xarici müdaxilə əməliyyatlarının hədəfinə çevrilib”.
Azərbaycanın artan qlobal nüfuzuna qarşı qanun qəbul etməyə məcbur qalan və müasir kolonial siyasətlə məşğul olan Fransa hətta daha da irəli gedərək, ilk dəfə fərdi azadlıqlarla bağlı qanunvericiliyin “təhlükəsizli”yə qurban getdiyini etiraf edib. Hətta iş o yerə çatıb ki, qanun qəbul edildiyi saatlarda Fransanın işğalçı rəhbəri Yeni Kaledoniyaya uçmalı olub”.
Nigar Həsənli,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ