İnsanlara hürriyət, millətlərə istiqlal!

Səki fantaziyası

Dünyada elə bir ölkə varmı ki, orda nazir parlamentə gedə, xalqın seçdiyi deputatlar qarşısında “filan şeyin qiyməti çox ucuzdur, təklif edirəm bunu bahalaşdırmaq haqda qanun qayırasınız” söyləyə, deputatlar da əl çalıb, bəh-bəhlə həmin qanunu qəbul edələr? Var. Adını yazmaq istəmirəm, çünki ucuz mövzudur, mənə də bu dəqiqə bahalı mövzular lazımdır.

Dünyanın həmin ölkəsində nazirlər qiymətləri qaldırmağı ona görə açıq-aşkar, heç bir qorxu-ürkü bilmədən irəli sürə bilir ki, o ölkədə nazir vəzifəsinin hər hansı siyasi-ictimai yükü yoxdur. Başçıdan asılıdır. Yalnız. Kimi istəsə nazir qoyar, kimi istəsə çıxardar. O cümlədən, deputatları xalq seçməyibsə, niyə bahalaşmaya açıq, aşkar, utanıb-qızarmadan dəstək verməkdən çəkinsinlər? Xalq qarşısında hər hansı məsuliyyət, cavabdehlik daşımırlar. Bir nəfər seçib, onun qarşısında məsuliyyətlərini də bilirlər, vəssalam. Necə deyərlər, alan razı, satan razı, qələt eləyir qazı.

Qazı demişkən, bugünlərdə bizim tərəflərdə də qazilərlə bağlı maraqlı hadisə oldu. Qaradağ rayonunda bir savaş qazisi, 1-ci qrup əlil dövlətin ona hədiyyə elədiyi avtomobili icra hakimiyyətinin binası qarşısında yandırdı. Hakimdən nəsə narazılığı varmış. Sonra hakimin nümayəndəsi qaziyə verilən şey-şüylərin siyahısını açıqladı. Bağ belə, bostan belə... Yəni, “qazinin bizdən narazılığına qətiyyən əsası yoxdur”. Lakin siyahı açıqlamaqla iş bitmir. Qanuni tədbirlər görülməlidir. Elə yuxarıdakı qəribə məmləkətin örnəyindən niyə yararlanmayaq? Axı avtomobil ucuz, hətta müftə olmasaydı, qazilər onu yandırmaq fikrinə düşməzdi. Qoy qanun qəbul edilsin, bundan sonra maşınların qiyməti qalxsın. Yoxsa indi hərə kreditə bir maşın alıb ora-bura çapır. Camaatın piyada yeriməsi üçün yer belə qalmayıb.

Bunu boşuna yazmıram. Bizim hörmətli və gənc nəqliyyat nazirimiz taksilərin qiymətini qaldırmaq təklifi irəli sürəndə belə izahat vermişdi: “Camaat qısa məsafələri də taksiylə gedir. Halbuki, piyada və ictimai nəqliyyatdan istifadə edə bilərlər”.

Hiss olunurdu axırıncı dəfə balaca vaxtı ictimai nəqliyyat üzü görüb, o da böyük ehtimalla bulvardakı karusel olub. Çünki Bakı şəhərində ictimai nəqliyyatın anası çoxdan ölüb, aparıb basdıran lazımdır. Bəzən saatlarla avtobus gözləyirsən, gələndə basırıqdan minmək olmur. Köhnə vaxtlar heç olmasa sürücülər nağd ödənişdən qazanır, gündəlik plan verirdilər deyə əziyyət hesabına da olsa sürətlə getməyə, daha çox dövrə vurmağa maddi maraqları vardı. İndi kart sistemidir, sürücü aylıq maaşa baxır, ona görə avtobuslar rəsmən sürünür.

Metronun xətt və stansiyaları Bakı boyda şəhər üçün çox azdır. Örnək üçün, təxminən Bakı qədər əhalisi olan Kiyevdə metro stansiyalarının sayı 52-dir. Bakıda 27-dir. Bakı metrosundan 10 il sonra, 1977-ci ildə açılan Daşkənd metrosunda 48 stansiya var. Minsk metrosu 33 stansiyadır. Xarkovda 30-dur.  Və sairə - misalları “en” qədər artırmaq olar. Bəs görəsən nazir xalqa hansı ictimai nəqliyyatı təklif edir? Bir-birimizi belimizdə aparmağımı?

Hərçənd, nazirin təklifinin ikinci hissəsi -  xalqa piyada yol getməyi təklif etməsi də anlaşılmazdır, yerinə yetirilməsi imkansızdır. Yəni, istəsək belə bir-birimizi belimizdə daşımaq çox çətindir. Üzrlü saysın, xalq olaraq bu vəzifənin öhdəsindən gələ bilmirik. Çünki piyada getmək üçün Bakıda səki və cığırlar faktiki yoxdur. Hamımız Ağ şəhərdə yaşamırıq axı. O cümlədən, bulvarda. Bakının bunlardan başqa bütün hissələrində piyada hərəkəti nəzərdə tutulmayıb. Sanki Bakı maşınlar üçün şəhərdir. Burda avtomobil yollarının içində işıq dirəyi basdırsan, dükan açsan, nə bilim, xiyar satsan səni tutub içəri basarlar. Ən yaxşı halda gülərlər. Səkilər, piyada yolları isə sanki tam yiyəsizdir. Səkilərdə kim nə istəsə açır, basdırır, qazır, tökür, tikir və sairə - maşallah, uca millətimizin piyada səkiləri üzrə fantaziyaları sonsuzadək genişdir. Bakıda piyada səkilərində ev tikir, yas verir, yun çırpır, nərd oynayır, maşın park edir, manqal qalayırlar.

Ən son gördüyüm səki fantaziyası isə hətta məni də heyrətə gətirmişdi: orda meyvə qurudurdular.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR