Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Səhiyyə Nazirliyində Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun İcra orqanının rəhbəri Tamila Aliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov da iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında əlaqələrin qədim tarixə malik olduğunu və yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “ Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.
İki qardaş ölkə arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığa toxunan nazir ötən ilin oktyabrında Daşkənddə Türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası"nın keçirildiyini xatırladıb. “Dekada çərçivəsində hər iki ölkənin tibb mütəxəssisləri Özbəkistan vətəndaşları üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərahiyyə əməliyyatlar icra ediblər, müayinə və müalicələr aparıblar. Eyni zamanda, Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycan və Özbəkistan elmi-tədqiqat institutları və mərkəzləri arasında bir sıra Anlaşma Memorandumlarının imzalanılması baş tutub”.
“Zamin” Beynəlxalq İctimai Fondunun Özbəkistanın davamlı inkişafının təşviqinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusən vurğulayıb.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən “Zamin” Beynəlxalq İctimai Fondunun İcra Aparatının rəhbəri iki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox dövlətlər üçün nümunəvi olduğunu vurğulayıb. Belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu qeyd edən Tamilə Aliyeva “Zamin” Fondunun fəaliyyəti haqqında da ətraflı məlumat verib: “Beynəlxalq İctimai Fond ekoloji və sosial sahələrdə uzunmüddətli, strateji əhəmiyyətli və davamlı layihələrə diqqət yetirmək məqsədilə yaradılıb. Bundan əlavə, “Zamin” Fondu ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq qurulub”.
Öz çıxışında Özbəkistan Beynəlxalq İctimai Fondunun İcra orqanının rəhbəri təmsil etdiyi qurumun Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən immunologiya, hematologiya və uşaq onkologiyası sahələrində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ