İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliklər vizanı niyə sərtləşdirib? - araşdırma

Deputat: “Avropa İttifaqı ilə Azərbaycan arasında viza sadələşdirilməsi haqqında anlaşma olmasına baxmayaraq, bu problemlər qalmaqdadır”

Səfirliklər viza verilməsinə süni maneələr yaradır. Modern.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

“Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər.

Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da orta büdcəli turistlər qəbul edilmir.

Təəssüf ki, bir sıra hallarda səfirliklər çox yüksək əmək haqqı və ya gəlirlər tələb edir ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır", - o qeyd edib.

“Yeni Müsavat” qəzeti turizm şirkətləri arasında sorğu keçirib.

“Bravo travel”in əməkdaşı Günay Həsənova bildirdi ki, pandemiyadan sonra vizanın alınması çətinləşib, səbəb isə turistlərin miqrant kimi orada qalmasıdır: “Bu, təkcə Azərbaycana təsir etmir. Bir tərəfdən də imtinalara səbəb qaçqınlar amilinə görə, Rusiya-Ukrayna müharibəsidir. Digər tərəfdən, vizanın verilmə limitini azaltdılar. Viza rüsumunda isə qiymətlər eynidir. Ümumilikdə turlar və bilet qiymətlərində artım baş verib”.

“Atlas travel” şirkətinin meneceri Pərviz Qasımov  bildirdi ki, son zamanlar müştərilər viza üçün özləri müraciət edirlər: “Müştərilər viza aldıqdan sonra müxtəlif saytlar vasitəsilə qalacaqları yerləri müəyyən edirlər, təyyarə biletlərini özləri alırlar. Bu da turizm şirkətlərinə təsir edir. Əvvəlki illərlə müqayisədə viza rejimi sadələşib, amma müəyyən problemlər var ki, həllini tapsa yaxşı olar. İkiuşaqlı ailələrin viza müraciətinə imtina cavabı verilir, çünki miqrant kimi görünəcəklər. Əgər ailə uşaqları aparmırsa, vizanı rahat alır. İş yeri yaxşıdırsa, Azərbaycana bağlayan səbəblər çoxdursa, viza rahat verilir. Turizm şirkətlərini ən çox narahat edən problem görüşlərin götürülməsidir. İtaliya səfirliyində görüş götürmək çətindir. Bu il Bakı-Roma istiqamətində ucuz aviareyslər barədə elan verilib deyə İtaliyaya getmək istəyənlərin sayı artıb. Fransa, Çexiya, İspaniya, Portuqaliya səfirliyi asan viza verir. Almaniya səfirliyindən görüş götürmək rahatdır”. 

Türkiyəyə 12 il vaxt lazım olacaq -

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov qeyd etdi ki, əsas problem təhlükəsizlik məsələləri ilə bağlıdır: “Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında gərginlik viza verilməsi prosesinə ciddi təsir edir. Bir sıra postsovet ölkələrində viza verilməsi ilə bağlı çətinliklər yaşanır. Avropa ölkələrində təhsil, müalicə və başqa məqsədlərlə səfər edib, sonradan miqrant kimi qalan vətəndaşların hesabatı var. Ölkələr arasında strateji əməkdaşlıqdan qaynaqlanan amillər də bu məsələdə ciddi rol oynayır. Ümumi mənzərə belədir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin vətəndaşları üçün heç bir təhdid olmadığı üçün viza rejimi ya ləğv olunur, ya da  asanlaşdırılır. Yaponiya, Sinqapurun vətəndaşlarına bütün dünya qucaq açır. Bir sözlə, iki yol var: ya hökumət müdaxilə etməlidir, ya da ölkə inkişaf etdiyi üçün problem yaranmır”.

Quru sərhədləri açılmasa, turizm dirçəlməyəcək…

Ceyhun Aşurov

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirdi ki, cari ildə vizaların alınması ilə əlaqədar problem çoxdur. Ekspert xatırlatdı ki, pandemiya dövründə bütün dünyada gediş-gəliş məhdudlaşdırılmışdı: “Bu il Avropaya daha çox turistin səfər etməsi müşahidə olunsa da, bu artım əvvəlki illərlə müqayisədə artım deməkdir. Reallıq budur ki, dünyada səyahətlər hələ də pandemiyadan əvvəlki dövrdəki göstəricilərə çatmayıb. Avropa ölkələri bəzi ölkələrə müharibə şəraiti, geosiyasi gərginliklə əlaqədar olaraq vizaların verilməsini sərtləşdirib. Səfirliklərdə gərginliklər yaşanır. Hətta bir neçə səfirliyin adı xüsusi          qeyd edilirdi. Onlayn növbə tutma sistemində ciddi çətinlik var. Böyük ehtimalla bu, təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Hesab edirəm ki, sənədləri qaydasında olan vətəndaşlara vizanın verilməsini sadələşdirmək olar. Qeyd edim ki, səfirliklər vizaların verilib-verilməməsi ilə bağlı xüsusi səlahiyyətə malikdir. Hətta rədd cavabı verilsə belə, səbəbi açıqlamaq məcburiyyətində deyillər. Yaxşı olardı ki, XİN bu məsələyə aydınlıq gətirərdi. Bu məsələ ilə bağlı bir neçə dəfə turizm assosiasiyaları müraciətlər ediblər, nəticə müsbət olub. Düşünürəm ki, konkret hallarda məsələlər ictimailəşdirilməli, süni əngəllər aradan qaldırılmalıdır”.

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov

Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, viza rejiminin sərtləşməsi məqsədindən asılı olmayaraq ölkədən getmək istəyənlər üçün bir çox çətinliklər yaradır: “Xüsusilə Şengen vizasının alınmasında çətinliklər müşahidə olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında viza sadələşdirilməsi haqqında anlaşma olmasına baxmayaraq bu problemlər qalmaqdadır. Səbəbləri müəyyənləşdirmək asan deyil, çünki bir sıra səfirliklərlə bağlı çətinliklər yaşanır. Bütün hallarda bu arzuolunmazdır. Getmə turizmi üçün viza verilməsi prosesinin sadələşdirilməsi məqsəduyğun olardı”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR