Onlayn ictimai-siyasi qəzet
Gələcəkdə diplomlar əhəmiyyətli olmayacaq; qanunvericiliyin sərtliyi problemi həll etmək üçün kifayət deyil
Ölkənin bitməyən problemlərindən biri də saxta diplom məsələsidir. Əgər əvvəllər belə diplomları ölkədə fəaliyyət göstərən özəl universitetlər (ABU, Təşəkkür və s.) verirdisə, indi xaricdən “idxal olunur”.
Hər il yüzlərlə orta məktəb məzunu “xaricdə təhsil” şirkətləri tərəfindən, yaxud özü birbaşa əlaqə quraraq müxtəlif ölkələrdə fəaliyyət göstərən universitetlərə üz tutur və bir çoxu da sonda saxta diplomla qayıdırlar.
“Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq”.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv ediblər: "Bunun aşkarlanması necə baş verdi? Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddi şübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik".
Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib: “Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik”.
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, yenə də bəzi vətəndaşlar yanlış yola baş vururlar və saxta diplomlarla işə düzəlməyə və ya saxta diplomları dövlət qurumlarında işə düzəlmək üçün istifadəyə və ya dövlət qurumlarında tanıtmağa cəhd edirlər: “Hər kəs anlamalıdır ki, əvvəlki dövrlərlə müqayisədə bu gün texnologiya və imkanlar xeyli inkişaf edib. Əvvəllər belə halları müəyyənləşdirmək daha çox vaxt alırdısa, artıq bu proses xeyli asanlaşıb. Artıq aidiyyəti qurumların platformalarına daxil olaraq, məlumatları dərhal təsdiqləmək mümkündür. Sistemin olmadığı, prosesin tam təkmilləşmədiyi dövrdə bu kimi addımlar atmaq mümkün idi. İndi isə qeyri-mümkündür, yəni çox çətin bir prosesə çevrilib. Artıq Azərbaycanda Elm və Təhsil Nazirliyi yanında agentlik fəaliyyət göstərir ki, xüsusi bir baza yaradıb. Buna görə də hər hansı bir saxtalaşdırma etmək və ya saxta diplomları tanıtmaq olduqca çətin və mürəkkəb bir prosesə çevrilib. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, belə yanlış yollara baş vurmasınlar. Təəssüf ki, hələ də cəmiyyətdə bir qrup vətəndaş var ki, onlar məqsəd və hədəflərinə qeyri-qanuni yollarla çatmağa çalışırlar. Onlar düşünürlər ki, bu yolla nəyəsə nail ola və harasa işə düzələ bilərlər. İndiki dövrdə əsas məsələ bilik və bacarıqdır. Əgər kimsə düşünürsə ki, diplom yetərlidir, bu yanlış yanaşmadır. Gələcəkdə diplomlar o qədər də əhəmiyyət daşımayacaq. Bu fikir o qədər də yaxşı səslənməsə də, bilik və savad əsas meyardır”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, saxta diplomların mövcudluğu cəmiyyətin təhsil sisteminə olan inamını sarsıdır, iş bazarında keyfiyyət standartlarını aşağı salır və dövlət qurumlarının şəffaflığına dair ciddi suallar yaradır: “Bu problemin dərin kökləri, həlli yolları və dünya təcrübəsindən öyrənilən dərslər məsələyə daha geniş baxmağı tələb edir. Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5-ci maddəsində təhsilin əlçatanlığı, keyfiyyəti və şəffaflığı prinsipləri əsas götürülür. Bununla yanaşı, saxta diplomların geniş yayıldığı mühitlərdə bu prinsiplərin pozulduğu müşahidə olunur. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənədlərin hazırlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Lakin qanunvericiliyin sərtliyi problemi həll etmək üçün kifayət deyil. Praktikada icra mexanizmləri, institusional nəzarət və ictimai maarifləndirmə çox zəif qalır.
Azərbaycan üzrə dəqiq statistik məlumatlar məhduddur, lakin beynəlxalq tədqiqatlar göstərir ki, dünya üzrə saxta diplomlardan istifadə edənlərin sayı hər il artır. Məsələn, 2020-ci ildə Avropa Təhsil Fondu (ETF) tərəfindən aparılan tədqiqatda qeyd edilir ki, bəzi ölkələrdə iş bazarına təqdim edilən sənədlərin 5-10%-i saxta ola bilər. Azərbaycanda da zaman-zaman saxta diplom qalmaqalları geniş ictimaiyyətin diqqətinə səbəb olmuşdur. Bu hallar təkcə fərdi fırıldaqçılıq aktları kimi deyil, həm də institusional nəzarətin zəifliyinin göstəricisi kimi qəbul edilir".
İnsanların saxta diplomlara müraciət etmələrinin səbəblərini şərh edən ekspert bildirdi ki, birinci səbəb təhsil müəssisələrinin məzunları iş bazarının real tələblərinə uyğun hazırlaya bilməməsidir: “Təhsil müəssisələri ilə işəgötürənlər arasında zəif əlaqələr bir çox insanda "diplom yalnız formal tələbdir" təəssüratını yaradır. Bununla yanaşı, yüksək təhsil haqqı, sosial bərabərsizlik və təhsilin əlçatan olmaması da bəzi fərdləri alternativ yollar axtarmağa vadar edir.
Dünya təcrübəsinə baxdıqda, bəzi ölkələrdə bu problemlə uğurla mübarizə aparıldığını görürük. Məsələn, Finlandiyada bütün təhsil müəssisələrinin məzunlarının diplomları vahid milli qeydiyyat bazasında saxlanılır. Bu sistem işəgötürənlərə verilən diplomların orijinallığını saniyələr ərzində yoxlamaq imkanı verir. ABŞ-da “National Student Clearinghouse” adlı platforma ali təhsil müəssisələrinin məlumatlarını işəgötürənlər və dövlət qurumları üçün əlçatan edir. Bu yanaşma yalnız saxta diplomların qarşısını almaqla kifayətlənmir, həm də diplomların keyfiyyətini təsdiqləyir.
İnkişaf etməkdə olan ölkələrdə isə bu problemlə mübarizə üçün daha sistemli yanaşmalar tətbiq olunur. Hindistanda “National Academic Depository” sistemi vasitəsilə diplomlar elektron şəkildə saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən əldə edilə bilər. Bu, həm saxtakarlığın qarşısını alır, həm də sənədlərin təhlükəsizliyini təmin edir.
Azərbaycan təhsil sistemi üçün də belə bir inteqrasiya olunmuş yanaşma zəruridir. Bütün təhsil müəssisələrinin diplomları, qiymət cədvəlləri və digər akademik sənədləri elektron bazada saxlanmalı və dövlət qurumları ilə özəl sektorun istifadəsi üçün əlçatan olmalıdır. Bu baza yalnız yerli deyil, beynəlxalq səviyyədə də təsdiq oluna bilən bir sistem olmalıdır. Belə bir yanaşma həm yerli, həm də xarici işəgötürənlər üçün Azərbaycan diplomlarının etibarlılığını təmin edərdi.
Maarifləndirmə də bu problemin həllində mühüm rol oynayır. Cəmiyyət arasında “diplom yox, bacarıq əhəmiyyətlidir” mesajı daha geniş yayılmalıdır. Təhsil sistemi bacarıqlara əsaslanan yanaşmaya keçid etməli, işəgötürənlər isə işə qəbul prosesində yalnız diplom deyil, eyni zamanda praktiki bacarıqları və təcrübəni əsas götürməlidir. Bununla yanaşı, saxta diplom hazırlayanlara qarşı hüquqi tədbirlər sərtləşdirilməli, ictimaiyyət arasında bu cür əməllərin qanunsuzluğu barədə məlumatlandırma kampaniyaları aparılmalıdır.
Saxta diplomlar yalnız fərdi bir məsələ deyil, bu, cəmiyyətin təhsil sisteminə və dövlət idarəçiliyinə olan inamını sarsıdır. Problemin həlli üçün qanunvericiliyin təkmilləşdirilməsi, elektron sistemlərin yaradılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və təhsilin keyfiyyətinin artırılması zəruridir. Yalnız bu cür kompleks yanaşma nəticəsində saxta diplomlarla mübarizədə uğur əldə etmək mümkündür".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ