İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan rejimin başına keçdi, ağıllı danışmadı-Bəs bundan sonra nə olacaq?

 

Avropa Birliyinin qondarma seçkini tanımadıqları barədə bəyanatında mövqe sürüşkənliyi var;  separatçı rejimin yeni “rəhbərinin” Rusiyanın məxfi orqanları ilə hansı mübhəm əlaqələri  var?    

 

Dünyanın heç bir diyarında 22  qondarma deputatın seçdiyi kimsə prezident olmur. Bəlkə də bu sayda adamla Afrikada hansısa siviliziyadan uzaq qəbilədə özlərinə başçı seçə bilərdilər. Gerçəklik isə budur ki, özünü guya dünyanın ən sivil xalqları sırasında görən ermənilər işğal illərində də bu cür “seçkilər” keçiriblər, özlərini müstəqil dövlət kimi sırımağa çalışıblar. Müharibədən sonra işğal zonası xeyli kiçilsə də, torpaqlarımızda qalan, Bakının bir kəndindən də az əhalisi olan erməni toplumu yenə də özlərinə yığışmırlar, “dövlət naziri”, “parlament spikeri”,  “prezident” kimi adlar uyduraraq oyuncaq rejimlərini davam etdirmək istəyirlər.

Avropa Birliyinin qondarma seçkini tanımadıqları barədə bugünkü bəyanatı o qədər də  yetkin sənəd deyil, yenə də mövqe sürüşkənliyi var. Bəyanatda Aİ hesab edir ki, “Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir”. Anlaşılan budur ki, Aİ Şahramanyanı prezident kimi tanımır, amma ermənilərin onun liderliyi ətrafında cəmləşməsi və Bakı ilə danışıqları prosesini dəstəkləyir. Mənə net mövqe kimi gəlmədi, necə ki, Ukrayna ilə bağlı Avropa Birliyi qəti mövqe bildirir, bizim nümunədə o yoxdur. Fakt odur ki, Rusiyanın işğal zonasında yaratdığı qondarma strukturları, icra orqanlarının başçıları necə qanunsuz sayılırsa, Qarabağdakı rejimin təmsilçilərinə də o gözlə baxılmalıdır. Onlara, hətta ailələrinə yönəlik sanksiyalar tətbiq edilməlidir, qanunsuz silahlılarının çıxarılması tələb olunmalı, Qarabağdakı rejim birmənalı qanunsuz sayılmalıdır. 

Şahramanyan bundan əvvəlki qanunsuz rejim başçılarından fərqli nə deyib ki? O  da deyib ki, “Dağlıq Qarabağ status almalıdır, Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəsi olmalıdır”. Ağızucu  “başqa yollar da cəlb oluna bilər, amma dəhlizi əvəz etməməlidir” söyləyib.

Bakı ilə danışıqlara gəlincə, Şahramanyanın da mövqeyində heç bir dəyişiklik yoxdur: “Danışıqlarının format ya çoxtərəfli, ikitərəfli, amma üçüncü tərəfin zəmanəti ilə ola bilər, danışıqların predmeti Xankəndi( o, Stepanakert deyib) olmalıdır”.

Şahramanyan “dövlətçiliyin əsaslarını sarsıdan addımlara qarşı barışmaz mübarizə aparmaqdan”,  “dövlətçiliyin möhkəmlənməsindən”, ““artsax”ın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin” vacibliyindən danışıb.

“Seçkinin” keçirildiyi “parlamentin” sədri daşnak David İşxanyan bir gün əvvəlki müraciəti də bu qondarma qurumla danışıqların faydasız olacağını sübut edir. “Azərbaycanın artsax respublikasının dövlət institutlarını sıradan çıxarmasının qarşısını almaq üçün bizim hər cür imkanımız var və biz öz hərəkətlərimizlə onun cinayətkar məqsədlərinin həyata keçirilməsinə töhfə verməməliyik. Biz üç onillikdə qoyulmuş dövlətçiliyin əsaslarını qorumağa və möhkəmləndirməyə sadiqik. Bu, xalqımızın istəyi və iradəsidir və biz onları rəhbər tutmalıyıq. İnanın, biz birlikdə mümkün olmayanı mümkün edəcəyik”. Göründüyü kimi, qondarma rejimin son iki ayda “liderləri” dəyişsə də, mövqelərində heç bir dəyişiklik yoxdur. 

Azərbaycan XİN qondarma seçkiləri tanımadığını bəyan edib, bu da həm də o mövqedir ki, Şahramyan separatçıdır və bu ölkəmizin qanunları ilə konkret cinayət əməlidir. Şahramanyan separatçı rejimdə yeni fiqur deyil, bundan əvvəl- “milli təhlükəsizlik xidmətinin direktoru” da olub,  “təhsili, gənclər, idman və turizm naziri” də... Bu ilin martında “təhlükəsizlik şurası”nın “rəhbəri” kimi Xocalıda Azərbaycan nümayəndələri ilə görüşdə də iştirak edib.

Şahramanyan iqtisadçıdır, amma bioqrafiyasında kəşfiyyat və xəfiyyəçilik qırmızı xətlə keçir. Ermənistanda təhsilini başa vurduqdan dərhal sonra Xankəndinə qayıdıb və 1999-cu ildən 2008-ci ilədək “dqr”in “milli təhlükəsizlik naziri”olub. Sonra vergi sistemində də əndrabadi ”əməliyyat-kəşfiyyat idarəsinin rəisi” vəzifəsində işləyib. Onun bütün sonrakı “iş yerləri”də əsasən “təhlükəsizlik xidməti” ilə bağlı olub. Bu, Şahramanyanın keçmişinə əlbəttə ki, tam işıq salmır, əksinə bir az da ipin ucunu dolaşdırır. Şahramyanın işğal illərində Ermənistanın məxfi orqanları ilə əlaqələri qətiyyən şübhə doğurmur. Amma bu əlaqələrin yalnız Ermənistanla kifayətləndiyini düşünmək də sadəlövhlük olardı. İnandırıcı deyil ki, separatçı rejimin “təhlükəsizliyinə” məsul bir adamın Rusiyanın məxfi orqanları ilə də mübhəm əlaqəsi olmasın. Onun namizədliyinin qəfil ortaya çıxdığını demək olmaz, Xankəndi doğumlu olması, separatçı rejimdə uzun müddət işləməsi ona “seçki”də hansasa üstünlük vəd edə bilərdi, amma məsələn, Samvel Babayan kimi “köhnə çaqqalın”, üstəlik də Vardanyan kimi ambisiyalı birini kənarda saxlanılıb, onun irəli verilməsi təkcə Araikin qərarı deyildi. Şahramanyana Rusiya, böyük ehtimalla da məhz məxfi xidmət “dobro” verməsəydi, onun “seçilməsi” belə rahat olmazdı. Çünki ən azı son günlərədək Samvel Babayan hansısa müqavimət göstərməyə vəd edirdi.  Amma Şahramanyan heç bir ciddi müqavimətlə üzləşmədən(1 səs əleyhinə olmaqla) Araikin yerinə oturduldu.

İndi bundan sonrası necə olacaq? Əvvəla, Şahramanyan adını tez-tez yazmalı, eşitməli olacağıq. Bakının qətiyyətli mövqeyi isə onu deməyə əsas verir ki, Şahramanyan üçün bu vəzifədə “kef çəkmək” mümkün olmayacaq. Məncə, bu “beşinci” dedikləri “seçki” sonuncudur. Xankəndidə son separat “seçki...”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR