İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turanity” – türkdilli xalqlar üçün yeni sosial şəbəkə yaradılır - Rusiya və Çin narahatdır

Musavat.com xəbər verir ki, “PolitNavigator” nəşri Türkiyənin hərbi-texnoloji nəhəngi “Baykar”ın Mərkəzi Asiyada başlatdığı yeni layihəni “rəqəmsal ekspansiya” adlandırıb.

Məqaləyə görə, “Baykar” tərəfindən hazırlanmış yeni messencer və sosial platforma “türk inteqrasiyası” ideyasının texnoloji dayağına çevrilməkdədir.

Nəşr iddia edir ki, “Baykar Makina” şirkətinin təqdim etdiyi yeni messencer istifadəçilərin smartfon məlumatlarına geniş giriş imkanı yaradır, toplanan informasiyalar isə süni intellekt vasitəsilə təhlil olunur. 

Screenshot_1.png (505 KB)

Məqalədə qeyd olunur ki, sistem istifadəçinin kompromat xarakterli məlumatlarını ayırır və gələcəkdə şantaj və nəzarət məqsədi ilə istifadə edilə bilər. Bu mexanizm vasitəsilə “türk dünyası”nın tərəfdarlarının vahid bazasının formalaşdırıldığı, bunun həm ideoloji, həm də dini təsir üçün zəmin yaratdığı bildirilir.

Rus nəşri bu prosesi “rəqəmsal köləlik” adlandıraraq yazır ki, “Baykar” artıq mədəni və siyasi nəzarət mexanizmini texnoloji infrastrukturla birləşdirir.

“Turanity” – türkdilli xalqlar üçün yeni sosial şəbəkə

“Baykar”ın messenceri ilə paralel şəkildə “Turanity” adlı sosial şəbəkə də istifadəyə verilib. Platforma özünü “türkdilli xalqları birləşdirən mədəni məkan” kimi təqdim edir. Burada istifadəçilər tarix, soy, mədəni irs və ortaq dəyərlər barədə məlumat bölmələrinə daxil ola bilirlər.

Reklam sloqanı belədir:

 “Turanity — türkdilli xalqları birləşdirən sosial platformadır. Burada siz bilikləri paylaşa, mədəni irsi qoruya bilərsiniz.”

PolitNavigator yana - yana yazır ki, platformanın arxasında “antisovet ideologiyası” dayanır və SSRİ-nin “türkdilli xalqlara qarşı siyasəti” vurğulanmaqla Türkiyənin ideoloji liderliyi gücləndirilir.

Rəsmi sənədlərdə layihənin sahibi kimi Qazaxıstanın “Thousand” adlı IT-şirkəti göstərilsə də, PolitNavigator iddialı və qərəzli şəkildə yazır ki, bu sadəcə formal örtükdür: "Faktiki idarəetmə Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində aparılır". 

34dbe590db2fe345346d3c3caaa57a18.jpg (153 KB)

Məqalədə iddia olunur ki, bütün paylaşımlar “Baykar”ın senzurasından keçir və platforma üzərindən ideoloji nəzarət sistemi formalaşdırılır.

PolitNavigator-a görə, bu texnoloji sistemlər gələcəkdə Mərkəzi Asiyada dövlət qulluqçuları, tələbələr və ictimai sektor üçün məcburi tətbiq olunacaq. Məqsəd – türk dövlətlərini vahid informasiya məkanında birləşdirmək və bölgə üzərində ideoloji təsiri gücləndirməkdir.

Nəşr bu prosesi həm Rusiyanın, həm də Çinin təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirir və “Ankaranın ‘yumşaq gücünün’ artıq rəqəmsal mərhələyə keçdiyini” yazır.

Mənbə: PolitNavigator — “Казахстан: турецкое цифровое рабство с прицелом на Россию” (07.10.2025)

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR