İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibsiz itlər ölkə boyunca təhlükə saçır - necə davranmalı...

Orxan Hacıbəyli: “Sizə hücum edən itdən özünüzü bu yolla qoruya bilərsiniz...

Son illərdə sahibsiz itlərin peyvəndlənməsi, qısırlaşdırılması, sığınacaqlara toplanması prosesi həyata keçirilsə də, Bakıda, Sumqayıtda, Gəncədə və ölkənin bütün regionlarında bu küçə heyvanları maksimum çoxalıb. Hətta bəzi qəsəbələrdə, yaşayış məntəqələrində sürü halında dolaşırlar. Vaxtaşırı isə insanlara, xüsusən uşaqlara hücum çəkib xəsarət yetirirlər.

Son aylarda it hücumuna məruz qalanlar hədsiz çoxalıb. Son olaraq Bərdədə 7 yaşlı uşağı it dişləyib. Hadisə rayonun məcburi köçkün şəhərciyində qeydə alınıb. 2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Yer üzü bütün canlılar üçündür. Amma Yer üzünün əşrəfi insandır və vəhşi heyvanların uşaqlara sürü halında hücum etməsi artıq gündəlik baş verən hadisədir. Küçə itləri əsasən köhnə binaların həyətinə cəmlənirlər. Gündüz yatan küçə itləri gecələr ərazilərdə sürü ilə gəzərək, insanlar üçün təhlükə yaradır. Bakının Səbayel rayonunda, Xırdalan şəhərində, Bayıl, Mərdəkan, Biləcəri və xüsusilə də Masazır qəsəbələrində sahibsiz itlərin əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur. Masazır qəsəbəsi isə it dişləməsi faktına görə ön sıradadır.

Bəs küçə itlərinin azaldılması üçün nə edilməlidir? Bu təhlükə necə önlənməlidir?

Məlumat üçün bildirək ki, əvvəllər sahibsiz itlərin küçələrdən yığılması ilə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olub. Hazırda bu qurumun və eləcə də icra hakimiyyətlərinin küçə itlərinə qarşı mübarizəsi məhdudlaşdırılıb.  Belə ki, əgər əvvəllər qurumun əməkdaşlarına tüfəng vasitəsilə itləri öldürməyə icazə verilirdisə, indi bu, belə deyil. Hazırda sahibsiz itlərlə bağlı Qaradağ rayonunda sığınacaq mərkəzi fəaliyyət göstərir. Onlar isə itlərə zərər vermədən toplayıb qısırlaşdırırlar.

Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi isə itləri qısırlaşdırdıqdan sonra yenidən götürdükləri ərazilərə buraxır. Qısır itlər kimsəyə hücum etmir. Dünyada küçə itlərini qısırlaşdırmaqla onları təhlükəsiz vəziyyətə gətirirlər.

İtlərin dilini insanlara öyrədən zoopsixoloq: “İstənilən iti ram etmək  olur, o halda ki...“

Məşhur zoopsixoloq, it təlimçisi Orxan Hacıbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, çöldə yaşayan itlərin insana hücum etməsinin səbəbi əlbəttə ki, əgər quduz deyilsə, insanlardır.

Öncə qeyd edim ki, quduz itdə məlum simptomlar olur. Bunlar ağızdan köpük gəlmə, arxa nahiyə ayaqların işləməməsi və sairə. Əgər it ümumiyyətlə uzanıb tərpənmirsə, ona özbaşına toxunmaq olmaz, çünki quduzluq vaxtı arxa ayaqlar qıc olmağa başlayır və avtomatik olaraq da it aqressiv olur. Bu itlər sürüdə yaşamır. Yəni quduz olan it təbii ki, insanı dişləyə bilər.

O ki qaldı itin birbaşa insana hücum etməsinə, Gürcüstanda, Türkiyədə də itlər yaşayır, amma belə hallarda həmin ölkələrdə çox yaşanmır, çünki həmin ölkələrdə insanların itlərə olan  sevgisi başqadır. Əgər biz yediyimiz yeməyin qalıqlarını küçədə itlərə versək, o itlər heç  vaxt bizə hücum çəkməyəcək, hər zaman bizi qoruyacaq, kömək edəcək, yalnız yemək üçün bizə tərəf gələcək.

Amma təəssüflər olsun biz görürük ki, ölkəmizdə hətta böyük şəhərlərdə insanlar sahibi olan ən kiçik itlərdən belə çəkinir, qorxurlar.  Və yaxud uşaq itə toxunmaq istəyəndə valideynləri qoymur ki, “olmaz, itə toxunma, dişləyər”. Yəni bu cür fobiyalar var.

Daha çox rayonlarda niyə bu cür hadisələr baş verir, çünki valideynlər uşaqlara öyrədir ki, it təhlükəlidir, quduz ola bilər və sairə. Uşaqlar da itlərə daş atır, neqativ enerji, hərəkət  göstərməyə başlayır ki, bu zaman itlərdə bir hiss yaranır ki, insanları görəndə onlara hücum etsinlər. Əgər bir iti avtomobil vurursa, həmin it hər dəfə yoldan keçən avtomobilin arxasınca hürür. İt şüursuz canlı, heyvandır, necə anlasın ki, sürücü iti görməyib, ona görə vurub, daim avtomobilə düşmən kimi baxır, ona hürür, sanki özünü qoruyur. Avtomobil də keçib gedəndə elə anlayır ki, o qovub deyə, avtomobil gedir".

Orxan Hacıbəyli küçə itləri ilə davranış qaydalarından da söz açıb: “Uşaqlar itə daş atanda, qovalamağa başlayanda itlər də özlərini qorumağa başlayır. Şəxsən mənim yaşadığım küçədə də itlər var, amma onlar insanlara hücum çəkmir. Çünki daim təbliğat aparıram ki, itlərə yemək verin, yemək qalıqlarını çölə qoyun ki, itlər qidalansın. Ona görə də problem yoxdur.

Bir daha qeyd edirəm, Gürcüstanda, Türkiyədə küçə itləri çox sakit şəkildə yaşayır, bəzən böyük ticarət mərkəzlərində yatırlar, amma bir kimsəyə toxunmurlar. Çünki onlara yanaşma doğru aparılır.

Əlbəttə ki, küçə itləri çaqqal, canavar deyil. Necə ki, ilanı tapdalamasan, arını vurmasan səni sancmaz, eləcə də itlər. Çöldə gəzən inəyə vursanız, o da cavab olaraq sizə təpik vuracaq. Yəni itlərlə davranış da bu cürdür.

Əgər yolda gedirsiniz və itlər yatıbsa, onlara baxmaq olmaz. Bu bir təbiət qanunudur ki, itlər qorxu hissini həmən duyur. İtin iybilmə qabiliyyəti insanlardan yüz min dəfə, dadbilmə qabiliyyəti isə 360 milyon dəfə çoxdur. Yəni it yediyi ətin, qidanın tərkibində hansı vitaminlərin olduğunu dəqiq bilir.

Ümumiyyətlə, dünyada iti əvəz edən texnologiya yoxdur. Yəni it mina axtarır, xəstəliklər axtaran itlər var. Onları əvəz edən heç bir cihaz, aparat yoxdur. Əgər itin yanından qorxu ilə və yaxud şiddət göstərmək məqsədi ilə keçirsinizsə, onlar, əlbəttə, özlərini qorumaq məqsədilə sizə hücum edəcək.

Ona görə də bu məsələdə günah 90 faiz insanlarda olur. İtlərə kömək etmək, mehriban davranmaq lazımdır. Dünyada ən sadiq heyvanı itdir. Yeganə heyvandır ki, sahibinə görə öz canın fəda edə bilir. Yeganə heyvandır ki, insan onu azdıranda yüz kilometlərlə yol gedib öz sahibini axtarır. Bu cür sadiq, sevgi dolu canlının  aqressivləşməsinin səbəbi insandır".

“Əgər küçədə it bizə hücum edirsə, bu zaman nə etməliyik? Əlimizdə olan əşyanı itə atmaqla, xilas olmaq mümkündürmü?” kimi suallarımıza zoopsixoloq bu cür cavab verdi: “Əgər küçədə hansısa it tək olaraq aqressiv şəkildə üzərinizə gəlirsə, əlinizdə olan istənilən əşya, hətta əyninizdə olan gödəkcə, papaqla da özünüzü müdafiə edə bilərsiniz. Çünki it yalnız ona tərəf uzatdığınız əşyanı dişləyəcək. Yəni it nəyi görürsə onu dişləyir. Əgər uzatdığınız əşyanı dişləyirsə, eyni zamanda sizi dişləyə bilməz. Beləliklə, hansısa əşya ilə iti qovmaq olar, amma gözləmək lazımdır ki, o qaçandan sonra yerinizdən tərpənəsiniz. Qəti şəkildə it getmədən arxaya çevrilib getmək olmaz, bu zaman it sizə hücum edib dişləyəcək.

İtlərin sürü şəklində hücumuna gəldikdə, əgər itlər sürü şəkildə sizi dairəyə almağa başlayırlarsa, bu artıq birbaşa “ovçuluqdur”, yəni itlər sizi öldürməyə qərar verib. Bu zaman  2 it öndən üzərinizə gəlib sizin fikrinizi yayındırmağa, 3-4 it isə arxadan sizə hücum etməyə başlayır. Bu o deməkdir ki, özünüzü qorumaq üçün əlinizə nə keçsə itlərə atıb, onları qovmalısınız".

Daha bir məsələ, bəzən deyirlər ki, Azərbaycanda itləri öldürürlər. Avropada da quduzlaşmış itləri öldürürlər və bunun üçün ayrıca sığınacaqlar var, amma halbuki bizdə həmin sığınacaqlardan yoxdur. Yəni əgər tutaq ki, sahibi olan it kimisə dişləyirsə, birinci dəfə xəbərdarlıq olunur, ikinci dəfə yenə kimisə dişləyirsə, bu zaman onu həmin sığınacağa aparır və öldürürlər. Bu, insanlıq üçündür. Çünki quduzluq sağalmayan bir infeksiyadır".

Məlum olduğu kimi, it dişləməsi zamanı insan quduzluq xəstəliyinə tutulur. Quduzluq ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanlar tərəfindən dişlənmədən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətlərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Əksər mütəxəssislər qeyd edir ki, itlər kimsəyə hücum etmir. Onlar, sadəcə, ac olduqları üçün qida istəyirlər. İtlər yalnız təhlükə hiss etdikləri və quduz olduqları zaman hücum edirlər. Ona görə də hücum edib, dişləyib və uzaqlaşmayan itlərin quduz olma ehtimalı yüksəkdir. Bu halda heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi,  zərərçəkənin həkim-infeksionistə gətirilməsi və təcili surətdə quduzluq əleyhinə vaksinin vurulması lazım gəlir. Quduzluq xəstəliyinə yoluxan insana vaksin vurulmadığı təqdirdə onda quduzluq əlamətləri hiss edilir. Bu əlamətlər hiss edildikdən sonra vaksinin heç bir köməyi olmur və xəstə ölür. Buna görə də dərhal reaksiya lazımdır. Belə ki, ilk 2-3 gün davam edən xəbərdarlıq dövründə ümumi kefsizlik və baş ağrıları ilə yanaşı temperaturun dəyişməsi müşahidə olunur.

Bundan başqa, dişlənmiş yara iltihablaşaraq, şişir, qızarır və sızıldayan ağrılar meydana çıxır. Psixikanın ilk pozğunluq əlamətləri: qorxu, dəhşət, həyəcan özünü büruzə verir. Xəstə qidadan imtina edir, yuxusu pozulur. Sonradan bu əlamətlərə udmanın çətinləşməsi, “döş sıxıntısı” kimi hallar da əlavə olunur.

Oyanma dövründə reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur. Quduzluğa yoluxan sudan qorxur. Xəstədə su içərkən, daha sonra suyu görərkən, onun şırıltısını belə eşitdikdə, hətta adı belə çəkildikdə tutmalar baş verir. Tutma həyəcan, qorxu və narahatlıqla başlayır, sonradan ona hərəki oyanma qoşulur. Bu zaman bədən qəflətən diksinir, udlaq və qırtlaq əzələlərində ağrılı spazmalar baş verir, nəfəsalma çətinləşir. Bu zaman xəstənin görünüşü çox xarakterik olur: o, qışqıraraq başını və bədənini geriyə əyir, titrəyən əllərini irəliyə atır, su olan qabı itələyir, xəstənin boynu dartılır, əziyyətli qıcolmalar üzü pozur, o, göyərir.

Tutmaların qızğın çağında tənəffüsün və ürək fəaliyyətinin dayanması belə mümkündür. Xəstələr aqressiv olurlar, özlərini və ətrafdakıları cırmaqlayır, dişləyirlar, tüpürürlər, ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırırlar.

İflic dövründə  hidrofobiya, psixi oyanma tutmaları kəsilir, içmək, qida qəbul etmək imkanı sağalma ümidini artırır. Bədən temperaturu 42 °C-dək yüksəlir. Artan taxikardiya və hipotoniya xarakterikdir. Bu dövr 18-20 saat davam edir, beləliklə,  xəstə adətən ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davamı 3-7 gün, nadir hallarda 2 həftə və daha çox çəkir.

Virus insan orqanizminə 2 yolla düşə bilər - quduz heyvanın dişləməsi nəticəsində;  xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində.

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir. İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR