Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında giriş nitqi ilə çıxış edib.
Musavat.com spikerin çıxışının tam mətnini təqdim edir:
“Hörmətli həmkarlar!
Bizim iclasımız ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir. Sabah, oktyabrın 18-də biz Müstəqilliyin Bərpası gününü qeyd edəcəyik. Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqillik imkanına iki dəfə nail olub. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı.
Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır problemlər qarşısında qaldığı bir dövrdür. O zaman hakimiyyətə gəlmiş iqtidar cəmi bir il ərzində Azərbaycanı siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ölkə vətəndaş müharibəsi və dağılmaq həddinə gəlib çıxmışdı. Dövlət həyatının bütün sahələrində hərc-mərclik, ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı vəziyyətin gərginliyini daha da artırırdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına əlverişli şərait yaradırdı. Yüz minlərcə soydaşımız doğma yurdlarını tərk etməyə məcbur olurdu.
Müstəqil Azərbaycan dövlətinin iflasa uğraması təhlükəsi tam real idi. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itirilməsinə yol vermədi.
1993-cü il iyunun 15-də ali dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi.
Xatırladım ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə bu il mayın 16-da və iyunun 14-də Milli Məclisin xüsusi iclaslarında dünya miqyaslı siyasi və dövlət xadiminin misilsiz xidmətlərindən minnətdarlıq duyğuları ilə danışılıb.
Qeyd edilib ki, xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində reallaşdıra bilmişdir. Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı.
Bugünkü müasir Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir.
Hörmətli həmkarlar!
Parlamentdə biz həmişə qürurla söyləyirik ki, Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun bu binada atdığı addımlar, gördüyü tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
Hörmətli deputatlar!
Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar gətirib.
Milli Məclisin oktyabrın 12-də keçirilən xüsusi iclasında da vurğulandığı kimi, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmışdır. Cəmiyyət və dövlət həyatının bütün sahələrində yeniləşmə və yüksəliş dövrü yaşanmışdır. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təsis edilmişdir. Məmnunluqla qeyd etmək olar ki, möhtərəm cənab Prezidentin ən yaxın silahdaşı olan görkəmli siyasi və dövlət xadimi Mehriban xanım Əliyeva bu məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, tarixi ədalətin, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmışdır.
Oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq.
Möhtərəm Prezidentin Xankəndi şəhərində etdiyi proqram xarakterli çıxış onun Ulu Öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı idi. Cənab Prezidentin də dediyi kimi, onun rəhbərliyi ilə 20 il ərzində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlmişdir. Həyata keçirilən dövlət siyasəti milli maraqlarımızın qorunmasını və irəli aparılmasını təmin edib. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə olub.
Cənab Prezident öz çıxışında separatçılara havadarlıq edən dövlətlərə, Ermənistanda revanşizm fikrindən əl çəkməyən qüvvələrə də mesaj verdi. Onları Vətən müharibəsindən və antiterror tədbirlərindən dərs almağa çağırdı. Xalqımız əmindir ki, biz Qarabağa həmişəlik qayıtmışıq, möhtərəm cənab Prezidentin qaldırdığı Dövlət Bayrağı bu qədim diyarımızda əbədi dalğalanacaq.
Hörmətli həmkarlar!
Dövlət başçısının fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir. Üç gündən sonra Zəngilan şəhəri günü qeyd olunacaq. Düşmən tapdağından azad edilmiş bütün şəhərlərimizin günlərini biz hər il bayram kimi qeyd edəcəyik. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daim irəli gedəcək və yeni-yeni zirvələri fəth edəcək.
Hörmətli həmkarlar, mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq.
Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.
Hesab edirəm ki, bu alqışlar bizim təbrik məktublarını təsdiqləyən alqışlardır.
Hörmətli həmkarlar!
Bayram münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm!”
Milli Məclisin sədri iclasdakı çıxışında ağrılı bir tarixi də xatırlayıb:
“Hörmətli deputatlar!
Deyirlər ki, xeyirlə şər qoşadır. Mən bu gün tariximizin kədər dolu bir gününü də Sizin yadınıza salmaq istəyirəm. Bildiyiniz kimi, üç il öncə bu gün erməni silahlı birləşmələri Gəncə şəhərinin mərkəzini qadağan olunmuş silahlar, o cümlədən ballistik raketlər ilə atəşə tutmuşlar. 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanıb.
Biz həm Gəncə şəhərində, həm də Azərbaycanın digər yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin yaxınlarına səbir diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ