Onlayn ictimai-siyasi qəzet
Şəki Şəhər İcra Hakimiyyəti başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş şəxs hakim qarşısına çıxarılıb. O, 4 nəfər həmkəndilisinə qarşı dələduzluq etməkdə ittiham olunur.
Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Rizvan A. Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.
İttihama görə, Rizvan A. Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini işləyərkən əvvəlcədən tanıdığı 4 nəfər şəxsi aldadıb.
Əvvəlcə bir həmkəndlisindən torpaq sahəsinin tikinti üçün təyinatını dəyişdirəcəyini deyərək 7 min manat alıb. Başqa bir həmkənlisindən özünə və ailə üzvlərinə məxsus torpaq sahələrini satacağını deyərək 17 min manat alıb.
İki kəndçisindən isə kənd bağçasına xadimə işə düzəldəcəyi vədi ilə 2 min manat, kənd kitabxanasına kitabxanaçı işinə düzəldəcəyi vədi ilə 1500 manat pul alıb. Verdiyi vədlərin heç birinə əməl etməyən Rizvan məhkəmədə peşman olduğunu bildirib.
İfadəsində deyib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş Eldəniz adlı şəxslə münasibəti olub. O, Eldənizdən bir məsələdə dəstək aldığını deyib. Bildirib ki, sonra da ona müraciət edərək həmkəndlisinin torpağının təyinatını dəyişdirmək istəyib. Lakin Eldəniz bunun mümkün olmadığını deyib. Buna baxmayaraq, Rizvan həmkəndlisindən 7 min manat alaraq şəxsi ehtiyaclarına xərcləyib.
Bu əməllərinə görə Rizvan 1 il azadlığın məhdudlaşdırılması cəzası almışdı. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 1 il 6 aya qədər ağırlaşdırıb. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
İ.Muradov
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ