İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabit tarif gəlir: Qiymətlər qalxacaq, inflyasiya artacaq?

Xəbər verdiyimiz kimi, "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklərə görə, elektrik enerjisinin ödənilməsində sabit tarif tətbiq olunacaq. "Qaz təchizatı haqqında" yeni qanunda da sabit tariflər nəzərdə tutulub.

Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq. Belə ki, artıq mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər.

Eldəniz Əmirov (@MirovEld) / X

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu dəyişiklərin edilməsi həm bu xidməti göstərən qurumlara, həm istehlahçilara, həm də dövlətə öz təsirini göstərəcək: "Sadəcə fərq odur ki, bu təsir hər 3 istiqamətdə eyni olmayacaq.

Xidmət göstərən qurumlar üçün bu dəyişiklik birmənalı olaraq müsbət olacaq. Çünki istifadə edilib-edilməməsindən asılı olmayaraq ödənişin məbləğinin təyin edilməsi və vahid tarifin müəyyən edilməsi onlar üçün əlverişli imkan yaradacaq. Bu həm yığımda özünü göstərəcək, həm də prosesin idarə edilməsi daha rahat olacaq.

Vətəndaşlar üçün isə təsirin miqyası tarifin məbləğindən asılı olacaq. Elə bir tarif qoyula bilər ki, bu simvolik olsun və vətəndaşın cibinə ciddi yük salmasın. Amma elə bir tarif də müəyyən edilə bilər ki, bu, ailə büdcəsinə əlavə maliyyə yükü gətirəcək. Buna görə də vətəndaşa təsiri ilə bağlı suala cavab vermək üçün məbləğin özü təsdiq edilməlidir. Məbləğin özü təsdiq edilmədən konkret danışmaq çox çətindir. Amma ehtimal ki, orta statistikadan aşağı tarif müəyyən edilməyəcək.
Burada mühüm məqam ondan ibarətdir ki, hətta tariflər yuxarı olsa belə, dövlət bundan bir tərəfdən qazansa da, digər tərəfdən itirəcək. Çünki tariflərin yuxarı qalxması, ümumilikdə, ölkədə istehsal olunan məhsul və xidmətlərin qiymətinin artmasına səbəb olacaq, nəticədə inflyasiya sürətlənəcək. İnflyasiyanın artması isə istehlak qiymətləri indeksinin yüksəlməsinə gətirib çıxaracaq. İstehlak qiymətləri indeksinin artması isə növbəti ilin əvvəlindən başlayaraq dövlətin maliyyə yükünü artıracaq".

Ekspert bildirir ki, əvvəlcə pensiyaların və sosial ödənişlərin artırılması üçün daha çox vəsait ayrılmalıdır: "Bunun ardınca əhalinin həssas qruplarına əlavə yardımlar göstərilməli olacaq. Eyni zamanda, minimum əmək haqqı və digər sosial təminatlar da artırılmalıdır. Bununla yanaşı, sosial müdafiə proqramlarının genişləndirilməsi də dövlət üçün əlavə maliyyə öhdəlikləri yaradacaq. Bütün bunlar dövlətin xərclərini əhəmiyyətli dərəcədə artıracaq və nəticədə dövlət özü də əlavə yük altına düşəcək.

Buna görə də bu məsələ çox həssasdır və qapalı dairədə müzakirə olunmamalıdır. Geniş müzakirələrə, hərtərəfli təhlil və ciddi qiymətləndirməyə ehtiyac var. Yalnız belə olduqda hər kəs üçün optimal qərar qəbul edilə bilər".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR