İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq deputat məhkəmədə 3 milyonluq MMC-ni "1 qara qəpiksiz almışam" dedi, videoçəkilişi gizlətdilər – ŞOK GƏLİŞMƏ

 Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin özü-özünü rəhbər təyin etdiyi qərar üzə çıxıb. 27 dekabr 2019-cu il tarixli qərarı imzalayan İlham Əliyev bununla özünü “Dostluq - MK” MMC-nin təsisçisi və rəhbəri müəyyən edib. Belə məlum olur ki, hər il milyonlarla manat gəlir əldə edən “Dostluq - MK” MMC-nin tən yarısını, 50 faizini İlham Əliyev 1 qara qəpik xərcləmədən, pay sahibinin özünə 5 min 600 manat ödətməklə sahiblənib.

“Dostluq - MK” MMC-nin tarixçəsi 

“Dostluq - MK” MMC-ni 1 mart 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimovla YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov təsis ediblər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilib və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olub. Təsisçilərin nizamnamə kapitalında payları hərəyə 50 faiz olub.

Həmin günlərdə cibində deputat mandatı gəzdirən İlham Əliyev Şabranda at oynadıb, sahibkar Mansur İbrahimovla xoş-zor şərik olub. Ona ən müxtəlif vasitələrlə təzyiqlər göstərib, 12 hektar fındıq bağını yerlə bir edib, digər meyvə bağlarına da ən müxtəlif vasitələrlə sahiblənib. Belə bir şəraitdə İlham Əliyev Mansur İbrahimovdan “Dostluq - MK” MMC-dəki 50 faiz payını 3 milyon manata ona satmağını istəyib. Biçarə sahibkar razılıq verib. 

O,  alqı-satqıya gəlmədi, şəxsiyyətinin sürətini vatsapıma yolladı

İlham Əliyev Xaçmazın deputatı olduğundan alqı-satqı müqaviləsi də onun istəyi ilə Xaçmaz rayonu, 1 saylı notariat ofisində olub. Özü notariat ofisinə gəlməyən İlham Əliyev sahibkar Mansur İbrahimova vatsap üzərindən şəxsiyyət vəsiqəsinin surətini göndərib, tapşırıb ki, alqı-satqı müqaviləsində 3 milyon manatlıq sövdələşmə 5 min 600 manat kimi göstərilsin. Yəni Mansur İbrahimova 1 qəpik də vermədən, 5 min 600 manatı Mansur İbrahimovun özünə ödətməklə alqı-satqı müqaviləsi bağlanıb.

Sabiq deputat İlham Əliyev payı aldı, 3 milyon manatı ödəmədi!

İlham Əliyev Mansur İbrahimova deyib ki, 3 milyon manatlıq sövdələşmənin alqı-satqı müqaviləsində göstərilməməsini ödənəcək verginin çoxluğu ilə izah edib. Vəd verib ki, 3 milyon manatı qısa müddətdə ödəyəcək. 5 min 600 manatı da Mansur İbrahimova ödətdirib.  Sonradan isə İlham Əliyev Mansur İbrahimovun telefon zənglərinə belə cavab verməyib. Alqı-satqı müqaviləsi 8 avqust 2019-cu il tarixdə bağlansa da, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bu günə qədər şabranlı sahibkar Mansur İbrahimovun pulunu ödəməkdən yayınır.

Mansur İbrahimov İlham Əliyevə qarşı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıb. Onunla cavabdeh Əliyev İlham Əlisəftər oğlu arasında bağlanmış 8 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

İlham Əliyev məhkəmədə hakimi şoka salan etiraf etdi – 3 milyon vəd verib, 1 qara qəpik də ödəməyib!

Hakim Emin Əliyevin sədrlik etdiyi məhkəmə iclasında İlham Əliyev də qatılıb və Mansur İbrahimova müqavilə üzrə 1 qara qəpik də ödəmədiyini etiraf edib.

Bu etirafı məhkəmə zalında olan hakim Emin Əliyev, məhkəmə katibi, Mansur İbrahimov və onun 2 vəkili, İlham Əliyevin özünün vəkili də eşidib. Hakim dəqiqləşdirici sual verərək İlham Əliyevdən alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği kimə ödəməsini  aydınlaşdırıb. İlham Əliyev isə deyib ki, o, pulu 3-cü şəxsə verib. Lakin həmin 3-cü şəxsin kimliyini açıqlamayıb.

İlham Əliyevin bu ifadəsini Bakı Kommersiya Məhkəməsinin zallarında quraşdrılan video da görüb və eşidib! Qanuna görə həmin video sübut kimi istifadə oluna bilər.

Hakim İlham Əliyevin 3 milyonluq etirafını eşitdi, amma şikayəti təmin etmədi!

Ən maraqlısı da budur ki, İlham Əliyevin belə bir etirafı ortada ola-ola hakim Emin Əliyev Mansur İbrahimovun iddiasını rədd edən qətnamə çıxarıb. Ədalətsiz qətnaməni eşidən Mansur İbrahimov iflic olub.

Sonradan sahibkara təqdim edilən, Azərbaycan dövləti adından çıxarılan qətnamədə İlham Əliyevin etirafından 1 sətir belə bəhs etməyib.

Hakim çıxardığı qətnaməni böyük şübhə altına alan İlham Əliyevin etirafını gizlətməklə tərəfsiz olmadığını da ortaya qoyub!

Mehdiyevin kürəkənini apelyasiya instansiyasında da qalib çıxarıblar

Mansur İbrahimov apelyasiya instansiyasına üz tutub, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvini istəyib. Apelyasiya instansiyasında İlham Əliyevin etirafını əsas gətirib, Bakı Kommersiya Məhkəməsində bu etiraf dilə gətirilərkən çəkilmiş videonun tədqiq olunmasını vəsatətlə tələb edib Vəsatət təmin edilməyərək İlham Əliyev apelyasiya instansiyasında da qalib çıxarılıb.

Şabranlı sahibkarın Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib

Mansur İbrahimov deyir ki, Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib. Artıq yaxasında deputat “znaçok”u olmayan İlham Əliyevin etirafını bu instansiyada da dinləməyib, qərar veriblər.

Mansur İbrahimov deyir ki, uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıb, bu sahə ilə əlaqəli əksər dövlət tədbirlərində nümunəvi sahibkar kimi dəvət alıb:

“Ümidliyəm ki, mənə qarşı Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə başlanan, bu gün də davam edən haqsızlıqlara nəhayət ki, son qoyulacaq. Mən kənd təsərrüfatı sahəsinə sərf etdiyim zəhməti, qoyduğum sərmayəni bir böyük hipermarket açmağa sərf etsəydim, bu gün başım bu bəlaları çəkməzdi. Ədaləti ölkə daxilində axtardım, amma çox böyük haqsızlıq gördüm. Ali Məhkəmə rəhbərliyinə ümidlərim vardı. Amma orada da Bakı Kommersiya Məhkəməsindən İlham Əliyevin etiraf videosunu tələb edib baxmadılar. İllik 800 min -1 milyon 200 min manat gəlir gətirən MMC-dəki payımı 5 min 600 manata satın alındığına isə inanırlar. Halbuki, həmin 5 min 600 manatı belə bankomata mən ödəmişəm, bu barədə qəbz də əlimdədir. Buna da baxan olmadı”.

Sahibkar bir daha Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək ədalətin bərpası üçün köməklik göstərilməsini xahiş edib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR