İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Fransada prezident seçkisidir - Makrona əsas rəqib o ola bilər

Aprelin 10-da Fransada prezident seçkilərinin 1-ci turu keçiriləcək. Son rəy sorğularına görə, indiki prezident Emmanuel Makron liderliyini saxlasa da, onunla əsas rəqibi, ifrat sağçı Marine Le Pen arasında reytinq fərqi azalıb. Bu da seçkilərə marağı olduqca artırır. Eyni zamanda, artıq gözlənilən II turun da vaxtı məlumdur. Bu tur aprelin 24-də baş tutacaq.

Bu sorğular nə deyir? Makron ikinci müddətə öz postunu saxlaya biləcəkmi? Ümumiyyətlə, Azərbaycan üçün ən sərfəli namizəd kimdir, varmı beləsi?

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Makronun işinin elə də asan olmadığını qeyd etdi: “Hələ ki, ən çox reytinqə sahib olan indiki prezident Emmanuel Makrondur. Onun əsas rəqibi isə xanım Marine Le Pendir. Çox güman ki, II tur olacaq. Bu turda isə daha böyük ehtimalla Makronun qələbəsi gözlənilir. Amma prinsipcə sağ radikal qüvvələr birləşsə, onlar Makron üçün ikinci turda ciddi problem yarada bilərlər. Çünki hazırda birinci tur üçün sağ radikal qanad parçalanıb, bir neçə namizəd var. Amma ikinci turda onlar vahid qüvvə kimi çıxış etsələr, o zaman vəziyyət dəyişə bilər. Fransa sosialistləri əslində nüfuzlarını çox ciddi şəkildə itiriblər. Seçki prosesində onların imkanları çox məhduddur”.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə: “Onlar ikinci turda Makrona ciddi problem yarada bilərlər”

Deputat namizədləri Azərbaycan acısından da dəyərləndirdi: “Azərbaycan üçün bu namizədlərdən hansısa böyük bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq islamofobiya hökm sürür, sağ radikal qanad Fransada yaşayan müsəlmanlar üçün problemlər yaradırlar. Onlar əslində hər zaman öz siyasətlərində çox mənfi çağırışlar edirlər. Bu həm ölkə daxili, həm də xarici siyasətə mənfi təsirlər göstərir. Bununla yanaşı, Marine Le Penin xarici mənbələrdən, siyasi proseslərdən maliyyə dəstəyi qazanması, onun da müəyyən qədər təhlükəli qüvvələrlə əlaqələri bütün dünya üçün ciddi problemə çevrilə bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadənin mövqeyi belə oldu: “Seçki öncəsi keçirilən ən son (7 aprel tarixli) rəy sorğusunun nəticələri hazırkı prezident Emmanuel Makronun 26% ilə liderliyini qoruduğunu göstərir. Lakin onunla digər namizəd Marine Le Penin sorğu nəticələri arasında çox cüzi, 3%-lik fərq var. Yəni seçki öncəsi sorğuda seçicilərin potensial səslərinin 23%-ni qazanan Marine Le Penin ikinci turda qələbə qazanma ehtimalı var. 3-cü yerdə isə 17% səslə Jean-Luc Melenchondur. İkinci turun 24 aprel tarixində - ”erməni soyqırımının anım günündə" keçiriləcəyinin elan olunması da ayrıca diqqətəlayiqdir.

STM | Amnistiyanın siyasi, tarixi, sosioloji əhəmiyyəti və Azərbaycanda  verilən amnistiyalar

Şəhla Cəlilzadə: “Marine Le Penin qələbə qazanma ehtimalı var”

Makron 2017-ci ilin prezident seçkilərində 66,1% səslə, özü də elə birinci turdaca xalq tərəfindən seçilərək fransız hakimiyyətinin başına keçmişdi. İndi isə 26% səs onun nüfuzunun Fransada necə düşdüyünü açıq-aşkar nümayiş etdirir və seçkilərdə ikinci turun keçiriləcəyinə ehtimal yaradır. Qeyd edim ki, xanım Le Pen də zəif namizəd olmayıb, 1980-ci illərin sonundan bəri siyasətdə olub, həm də parlament üzvüdür. 2012-ci ilin prezident seçkilərində 17,9% səslə 3-cü yeri, 2017-ci ildə isə 21,3% səslə 2-ci yeri tutmuşdu. Görünən o ki, budəfəki seçkilərdə onun seçilmə şansı olduqca böyükdür".

Ş.Cəlilzadə Azərbaycan istiqamətindən xanım namizədin qalib gəlməsinin təhlükəli məqamlarına diqqət çəkdi: “Avropa İttifaqının siyasi söz sahibi olan Paris Administrasiyasının başına kimin gələcəyi Azərbaycan tərəfindən də maraqla izlənilir. Bu baxımdan Türkiyənin Avropa İttifaqına qatılmasına qarşı olduğunu açıq şəkildə bəyan edən, Qarabağdakı qeyri-qanuni xunta rejiminin yaratdığı ”Dağlıq Qarabağ Respublikası"nın Fransa Respublikası tərəfindən tanınmasının lehinə olan bu qadının ölkə başçısı seçilməsi təbii ki, ilk baxışda təhlükəli görünür. O, 2017-ci il prezident seçkiləri öncəsi çıxışlarının birində “Mən inanıram ki, həm Azərbaycan, həm də Ermənistan üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair sazişin imzalanması arzu edilən olar”. Lakin xanım le Pen böyük bir səhv edir. Nəinki Qarabağın Ermənistana birləşdirilməsi, heç müstəqilliyi, hətta Azərbaycan tərkibində hər hansı siyasi statusu belə Azərbaycan üçün nə arzu edilən, nə də qəbul ediləndir. Odur ki, arzu edilən olar ki, o Fransada yaşayan 500 minlik erməni əsilli vətəndaşların səsini qazanmaq üçün bu cür iftira xarakterli, xüsusilə beynəlxalq hüququ pozan iddialar səsləndirməyində davam etməsin. Lakin təəssüf ki, bu sadəcə le Penə deyil, bütün fransız siyasilərinə aid olan bir rəftar tərzidir. Onların mütləq əksəriyyəti ermənipərəst olub, digər namizəd Zemmurun dediyi kimi “erməniləri müsəlman okeanı içərisində tək qalmış, yalnız xristian adası” olaraq görür, prezident seçkiləri ərəfəsində mütləq şəkildə Ermənistana, hətta bəziləri bir az da irəli gedərək Qarabağa qeyri-qanuni səfərlər edirlər. Lakin maraqlıdır ki, ultra-sağçı Zemmur və keçən ilin dekabr ayında qeyri-qanuni formada Qarabağa gələn digər namizəd Valerie Pecressedən fərqli olaraq Marine le Pen Ermənistana bu yaxınlarda ziyarət etməyib. O, 2017-ci il seçkilərindən öncə Ermənistanda səfərdə olsa da, bu səfəri ona qələbə qazandırmamışdı. Bununla belə, onun Fransa prezidenti seçilməsi Azərbaycan üçün əslində arzu edilən deyil. Onun üzvü olduğu Fransa Parlamenti (Milli Assambleya) 2020-ci ilin dekabrında “Dağlıq Qarabağın müstəqilliyini tanımağa və Azərbaycanla Türkiyənin Ermənistana qarşı zorakılığını tənqid etməyə çağıran” qətnamə qəbul etmişdi. Təbii ki, bu qətnamə hökumət tərəfindən qəbul edilərək icra olunmamış, bununla belə ermənidən çox erməni olan Marine le Penin prezident seçiləcəyi təqdirdə belə bir addım atıb-atmayacağı sual doğurur. Lakin Korsika kimi separatçı təhdidlə üzləşən Fransanın belə bir presedenti özü üçün yaratmayacağı və bütün bunların sadəcə ermənilərin xoşuna gəlmək üçün (eyni zamanda ürəklərindən gələn istəklə) edildiyini də təxmin etmək olar".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR