Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili Mixeil Saakaşvilini əfv etməyi düşünür.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu, Zurabişvilinin Saakaşvili və onun "Vahid Milli Hərəkat" partiyasının müttəfiqi olması ilə bağlıdır:
“Salome Zurabişvili Mixeil Saakaşvilinin və "Milli Hərəkat"a şəxsi dəstəyi sayəsində öz mövqeyini qoruyub saxlayır. Siz gürcü xalqının əhval-ruhiyyəsinin, habelə onun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinin və Parlamentin qərarlarının şahidi oldunuz. Təbii ki, bütün bunlar əfvlə bağlı müəyyən öhdəliklər daşıyır və əminəm ki, onun belə planları var”.
Papuaşvili media nümayəndələrinə xatırladıb ki, 2023-cü ilin oktyabrında parlament Zurabişvilinin konstitusiyanı pozduğuna görə impiçmenti ilə bağlı səsvermə keçirib. "Vahid Milli Hərəkat" Zurabişvilinin postunu saxlamasına imkan verən impiçmentə qarşı çıxıb.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ