Onlayn ictimai-siyasi qəzet
Zaxar Prilepinin “Özbəkistanı Rusiyaya birləşdirilməsi” barədə açıqlamasından(daha dəqiqi sayıqlaması) sonra Moskva və Daşkənd arasında yaranmış diplomatik gərginliyə Rusiyanın qonşuları da diqqət etməlidir. Prilepinin “ulduzu” ötən ilin fevralından sonra parlamağa başlayıb, baxmayaraq ki, bu tarixə qədər də onu mədəniyyət sahəsindəki fəaliyyətindən tanıyanlar az deyildi.
Prilepin Rusiya Daxili Qoşunların istefada olan polkovnik-leytenantıdır, Ukraynada da döyüşdüyü deyilir. Onun adının qarşısında yazıçı, publisist, filoloq yazılsa da son 20 ayda Donbas müharibəsinin ən qatı təbliğatçılarından və ideoloqlarından biri kimi məşhurlaşıb. Onun əsas profili mədəniyyət sahəsidir, amma o Avropa Birliyinin ona qarşı tətbiq etdiyi sanksiyasından sonra siyasətə girişib, həm Ümumrusiya Xalq Cəbhəsində, həm də “Ədalətli Rusiya” partiyasının mərkəzi orqanlarında təmsil olunur. Bu ilin mayında onu Ukrayna kəşfiyyatının ələ aldığı şəxs yaşadığı Nijni Novqorod vilayətində öldürməyə cəhd etdi ki, sui-qəsddən sağ qurtulduqdan sonra Kreml strateqlərinin nəzərində qiymətə mindi. Ciddi olmayan yaraları sağalan kimi bu ilin avqustunda Rusiya “Oplot” xüsusi təyinatlı alayının komandirinin hərbi-siyasi işlər üzrə müavini vəzifəsinə təyin edildi.
Özbəkistanda ciddi narahatlıq doğuran bəyanatı da Prilepin srağagün iki hərbi hissənin və “Polad” təlim mərkəzinin komandirləri ilə görüşdə səsləndirib. Tədbir məruzələrdən, eləcə də həmkarların suallarına cavablardan ibarət olub. Ulyanovsk vilayətindən olan çoxuşaqlı ata Prilepinə Rusiyadakı demoqrafiya problemlə bağlı sual verib. Prilepin deyib ki, cavab əslində sadədir: “Daha çox uşaq sahibi olmaq lazımdır”. Prilepin miqrantların Rusiyada özünü korrekt aparmadığını deyib. Onun sözlərinə görə, miqrantları rus dilini öyrətməzdən əvvəl onların gəldiyi əraziləri Rusiyaya birləşdirmək lazımdır. O, Özbəkistanın adını çəkib və “mən zarafat etmirəm” deyib.
Özbəkistan Prilepinin bəyanatına cavab olaraq Rusiya səfiri Oleq Malqinovu Xarici İşlər Nazirliyinə çağırıb və onun sözlərini “təxribat” kimi qiymətləndirib. XİN-in bəyanatında açıqlamanın “xalqlarımız arasında yaranmış, tarixən dostluq münasibətlərinə mənfi təsir göstərə bilər” xəbərdarlığı edilib.
Rusiya Xarici İşlər Nazirliyi də dərhal məsələyə reaksiya verib, Özbəkistanın “birləşdirilməsi haqda dediklərini onun “şəxsi fikri” adlandırıb və “Rusiya Federasiyasının rəsmi mövqeyini əks etdirmir” deyə, bəyan edilib.
Rusiyada Prilepin kimi istilaçı düşüncəli çox politoloq, siyasətçi, ziyalı, hətta deputat da var, təəssüf ki, Ukraynada başlayan müharibədən sonra onların sayı yağışdan sonra artan zəhərli göbələklər kimi artmaqdadır. Yəni bu ilk belə açıqlama deyil, yəqin ki, son da olmayacaq. Tarixən Rusiya siyasətində və ziyalı təbəqəsində o fikir hakim olub ki, “biz hamıdan güclüyük, hamı bizə tabe olmalıdır” və sairə. Bu absurd və imperialist düşüncənin Rusiyaya ciddi ziyanları da olub və bunun altını həmişə çəkirlər. Putin hakimiyyətində isə yeni imperiya xəyalları az qala dövlət ideologiyasına çevrilib. Putin özü də dəfələrlə köks ötürərək SSRİ-nin dağılmasına təəssüfünü bildirib. Düzdür, dövlət səviyyəsində görüşlərdə neoiperialist arzular “bərabər hüquqlu tərəfdaş” kimi diplomatik cümlələrlə ört-basdır edilir. Amma Rusiya 21-cu əsrin 20-cu onilliyində də neoimperialst düşüncələrdən vaz keçə bilmir. Bu xəstə düşüncə ermənilərin “böyük Ermənistan” xəyalları ilə müqayisə oluna bilər... Elə həm də bu cür yanlış siyasətin nəticəsidir ki, Rusiyanın səmimiyyətinə xüsusilə onun sərhədindəki dövlətlər həmişə ehtiyatlı yanaşırlar. Əlləri daima tətikdədir ki, Rusiya ya qəfil basqın edə bilər, ya xəyanət... Rusiya bir çox hallarda iddia edir ki, ölkənin imici, imperiya niyyətləri haqda mənfi rəyi guya Qərb dairələri yaradırlar. Buyurun, Prilepin kimi biri Özbəkistan haqda bu qədər aşağılayıcı tərzdə danışırsa, Qərbin anti-təbliğatına nə ehtiyac qalır? Harınlığa bax: sanki Özbəkistan Rusiyadan “qırılmış” bir parçadır, indi onları “calaşdırmaq” lazımdır. Kreml belələrini yemlədiyi üçün Özbəkistan da haqlı narahat olur. Savkat Mirziyoyev ağıllı siyasətçidir, Rusiya ilə münasibətləri də balanslaşdırmış şəkildə davam etdirir.
Rusiyada Orta Asiya respublikalarından miqrantlar həqiqətən də çoxdur, o cümlədən özbəkistanlılar da. Amma bu Prilepin kimi bir şovinist düşüncəli adama haqq vermir ki, o miqrqantların ölkəsi haqda bu cür sayğısız danışsın. İş ondadır ki, Kreml bu cür təbliğatçılara həm də yaxşı pul ödəyir, hətta ehtiyac olarsa, onlara dövlət mühafizəsi də ayırır.
XIX əsrin əvvəllərində yaşamış mütəfəkkir-şair Fyodr Tütçevin “Rusiyanı ağılla başa düşmək mümkün deyil” fikri iki əsr sonra da aktuallığını saxlayır…
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ