İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın qanunvericilik orqanları 2023-cü ildə şovinist millətçilərdən təşkil olunacaq

 

Rusiyanın hakim “Vahid Rusiya” partiyası 2023-cü ildə keçmiş hərbçiləri, eləcə də Ukraynanın işğalında iştirak etmiş könüllüləri qanunverici icra hakimiyyəti orqanlarına seçkilərə namizəd göstərəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Vedomosti” saytı məlumat yayıb.

Dövlət Dumasına yaxın mənbənin sözlərinə görə, bir neçə deputat qarşıdan gələn seçki kampaniyalarında “veteran” statusundan istifadə etmək üçün “xüsusi hərbi əməliyyat” (Ukraynada aparılan təcavüzkar savaşa Rusiyada qoyulan ad-red.) zonasına gedib.

Nümunə olaraq, Donbasa “könüllü” kimi gedən Dövlət Dumasının Xakasiyadan olan deputatı Sergey Sokolun adı çəkilir. Sergey Sokol "Kaskad" adı verdiyi bölməsinin tərkibində "kəşfiyyat"da xidmət göstərdiyini iddia edir. Bir gün əvvəl o, Müdafiə Nazirliyi ilə üç aylıq müqavilənin müddətini uzatdığını açıqlamışdı. 2023-cü ildə Sokol Xakasiya qubernatoru seçkilərində iştirak edə bilər.

“Vahid Rusiya”nın Baş Şurasının katibi Andrey Turçak özünün Teleqram kanalında yazıb ki, deputatlar artıq “Döyüş qardaşlığı” ictimai təşkilatının rəhbəri Dmitri Sablinin rəhbərlik etdiyi döyüş bölməsinin üzvləri sayılırlar.

Daha üç parlament partiyası Ukraynadakı müharibənin iştirakçılarından pay almağa çalışır. Rusiya Federasiyası Kommunist Partiyası Ukraynadakı müharibədə 400-ə yaxın partiya üzvünün könüllü kimi savaşdığını, onlardan 13 nəfərin öldüyünü bildirib. “Ədalətli Rusiya” fraksiyasının rəhbərinin müavini Dmitri Qusev partiyasının 56 üzvünün Ukraynada döyüş bölgəsində olduğunu söyləyib. “Ədalətli Rusiya”da hətta “xüsusi əməliyyat”ın iştirakçıları üçün hökumətdə yerlər ayırmağı təklif edir.

Radikal-millətçi Liberal-Demokrat partiya fraksiyasının sədr müavini Aleksey Didenko da Ukraynada “bir neçə yüz” partiya üzvü döyüşlərdə iştirak etdiyini və mülki həyata qayıtdıqdan sonra onların, “partiya elitasının mühüm hissəsinə çevriləcəklərini” söyləyib.

Xatırladaq ki, bu il Rusiyada regional seçkilər keçirilməsi gözlənilir. Həmin seçkilərdə 21 qubernatorun, həmçinin 20 federal subyektin qanunvericilik məclisinə deputatların seçilməsi planlaşdırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR