Onlayn ictimai-siyasi qəzet
Maya Sandunun Moldova prezidenti seçiləcəyi öncədən bəlli idi. Çünki o oktyabrın 20-də keçirilən seçkilərdə seçicilərin 41,84 faiznin səsini alaraq seçki birincisi olmuş, ən yaxın rəqibi Aleksandr Stoyanoqlodan (26, 35 faiz səs) çox önə çıxmışdı.
A.Stoyanoqlonun bu fərqi qapadacağı mümkün görünmürdü. Bununla belə, dünən keçirilən seçkilərdə rəqiblər səs faizi etibarilə bir-birinə çox yaxınlaşıblar. Maya Sandu 51, Stoyanoqlo isə 49 faiz seçici səsi toplayıb.
Beləliklə, 4 il əvvəl bu günlərdə əsas rəqibi İqor Dodona qalib gələn Maya Sandu bu dəfə Aleksandr Stoyanoqlunu məğlub edərək ikinci müddətə Moldova prezidenti seçildi.
İqor Dodonla Aleksandr Stoyanoqlonu birləşdirən məqam təkcə ikisinin də Sanduya məğlub olması deyil, eyni zamanda ikisinin də “Rusiyanın adamı” kimi tanınması və ya tanıdılmasıdır.
“Qərbin adamı” kimi hesab olunan Maya Sandunun qələbəsində bu amil əsas rollardan birini oynayıb. Bu o, deməkdir ki, Moldova Avropaya inteqrasiya olunmaqda maraqlıdır, gələcəyini Avropa ailəsinin bərabərhüququlu üzv olmaqda görür, ona görə də Avropa yolunu seçən Sandununun arxasınca gedir.
Eyni zamanda Stoyanoqlonun 49 faiz səs alması onu göstərir ki, Rusiyanın hələ də bu bu ölkənin siyasətinə, ictimaiyyətinin rəyinə ciddi təsir imkanlar var. Artıq neçənci seçkidir ki, “Rusiyanın adamı” kimi tanınan siyasətçilər və onların rəhbərlik etdiyi partiyalar seçkilərin iki favoritindən birinə çevrilirlər. Rusiyanın bu dəfə də Sandunun rəqibinə maya qoyması, maliyyə dəstəyi verməsi barədə ən yüksək səviyyədə iddialar səsləndirilmişdi.
Rusiyanın dəstəyi ilə Moldovaya qarşı separatizm problemi yaradan Dnestryanı bölgənin mövcudluğu halında moldovalıların hələ də Moskvapərəst olması bir az qəribə olsa da, faktdır.
Həm də bir Dnestryanı bölgə deyil, Moldovanın tərkibində olan, Kişinyova vaxtaşırı problem yaradan Qaqauz Yeri muxtariyyatı da Rusiya ilə işləməyi üstün tutur. Bu bölgənin lideri Yevgeniya Qutsul hər Moskvaya gedəndə RF prezidenti Vladimir Putinlə görüşür. Özü vaxtilə rus-sovet dövlətinin ucqar və zəif əyalətlərindən biri olan Moldovanın bir əyalət rəhbərinin dünyanın ən qüdrətli dövlətlərindən biri olan Rusiyanın prezidenti tərəfindən qəbul edilməsi əhəmiyyətsiz fakt deyil.
Ona görə də Maya Sandunun ikinci qələbəsinə Avropada sevinir, Rusiyada isə məyus olurlar.
Maya Sandu 1972-ci ildə Moldova SSR-nin Falesti rayonunun Risipeni kəndində, baytar Qriqori və müəllim Emiliya Sanduların ailəsində doğulub.
O, 1989-1994-cü illərdə Moldova İqtisadi Təhsil Akademiyasının İdarəetmə fakültəsində oxuyub. 1995-1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində beynəlxalq əlaqələr üzrə təhsil alıb. Maya Sandu 1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetini bitirib. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunda təhsil alıb.
Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu ailəli deyil.
O, 2012-ci ildən 2015-ci ilə qədər Moldovanın təhsil naziri. 2014-cü ildən 2015-ci ilə qədər və 2019-cu il martın 9-dan iyulun 26-dək prlament üzvü. 2019-cu il iyunun 8-dən noyabrın 12-dək Moldova Respublikasının baş naziri olub.
Təhsil naziri vəzifəsində çalışarkən, Maya Sandu bir sıra islahatla aparıb, xüsusən də imtahanların keçirilməsi qaydalarının dəyişdirilməsini təmin edib. Eyni zamanda, saxtakarlığı aşkar edilən tələbələrin bütün imtahan vərəqələri ləğv edilib, özləri isə əlavə sessiyada yenidən imtahan vermək hüququndan məhrum ediliblər. Bu cür dəyişikliklər cəmiyyətdə qarışıq qiymətləndirmələrə səbəb olsa da, xanım nazirə şöhrət də gətirib.
2015-ci ilin sonunda Sandu özünün Avropayönlü siyasi hərəkatını yaratdığını elan edib. Əvvəlcə "Maya Sandu ilə bir addım at" adı daşıyan təşkilat sonradan "Hərəkət və həmrəylik" adlı partiyaya çevrilib. Əslində Maya Sandunun sonradan qazandığı uğurlar məhz Avropayönlü siyasi partiyanın rəhbəri olmasıyla bağlıdır.
2016-cı il oktyabrın 30-da keçirilən prezident seçkilərinin birinci turunda Sandu 38,71 faiz səs toplayaraq ikinci yeri tutub, ikinci turda 47,98 faiz səslə İqor Dodona uduzub.
8 iyun 2019-cu ildə o, Moldova Respublikasının 13-cü baş naziri seçilib. Lakin ertəsi gün Moldova Respublikasının Konstitusiya Məhkəməsi bu qərarı ləğv edərək Pavel Filipi ölkənin baş nazirinin səlahiyyətlərini icra edən vəzifəsinə qaytarıb.
Prezident Dodon vəzifəsindən azad edildikdən (parlamenti buraxmaq istəmədiyinə görə) və səlahiyyətlərinin Moldova Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Pavel Filipə verilməsindən sonra o, parlamenti buraxıb. Ölkədə siyasi böhran yaranıb və bu böhran Maya Sandunun baş nazir postuna oturması ilə başa çatıb. Fransa, Almaniya, Polşa, İsveç və Böyük Britaniya Sandunun hökumətini dəstəklədiklərini bəyan ediblər, onun demokratik yolla seçildiyini bildiriblər.
2020-ci il seçkilərində Sandu seçkilərin birinci turunda 36,16% səs toplayıb, ikinci turda isə öz səs faizini 57,7-yə çatdırıb. Onun əzəli rəqibi İqor Dodon isə birinci turda 32, ikinci turda 42,2% yığa bilib.
Maraqlıdır ki, 2024-cü il seçkilərində də Dodonun soyadı tez-tez hallanırdı. Sandu və komandası Aleksandr Stoyanoqlonu Moskvaya sığınmış İqor Dodonla əlaqələrdə ittiham edirdi.
Hər halda bu dəfə Moldovada Avropanın istədiyi oldu. Sandu Moldovanın Avropaya inteqrasiyasının, ölkənin Aİ-yə daxil olmasının, Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın bərpasının və ABŞ-la yaxınlaşmasının tərəfdarıdır.
Avropa ölkələri Sandunun rəhbərlik edəcəyi Moldovanın gələcəkdə Aİ üzvü olmasına dair danışırlar və böyük ehtimalla Moldova yaxın illərdə Avropaya doğru yolda xeyli məsafə qət edəcək.
Bəs onun seçilməsi Dnestryanı bölgə ilə münaqişə məsələsində hər hansı irəliləyişə səbəb olacaqmı? Birmənalı demək olar ki, olmayacaq, əksinə, vəziyyət daha da pisləşəcək. Üstəlik, Rusiya ona problem yaratmaq üçün Qaqauziyadan istifadə etməyə çalışacaq.
Araz Altaylı, Musavat.com
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ