Onlayn ictimai-siyasi qəzet
Bu gün keçirilən “Rusiya-ABŞ dialoqu, onun Avrasiya təhlükəsizliyi və Cənubi Qafqaza mümkün təsirləri” adlı beynəlxalq dəyirmi masa zamanı Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru, politoloq İvan Timofeyev Ermənistanın Avropa İttifaqına üzvlüyü perspektivinə dair tənqidi və skeptik mövqe sərgiləyib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Timofeyev bildirib ki, Ermənistanın Aİ-yə üzv olması bir sıra real risklərlə müşayiət oluna bilər və bu addımın məqsədəuyğunluğu ciddi suallar doğurur:
“Avropa İttifaqına üzv olmaq nəyə görə? Sənayeni məhv etmək üçünmü… ya kənd təsərrüfatını? Aİ-yə çıxış necə görünür? Aİ sənayesi ilə, məsələn, Almaniya ilə azad ticarət şəraitində rəqabət necə mümkündür?”
Politoloqun fikrincə, Ermənistan vətəndaşlarının Aİ ərazisində sərbəst işləmək imkanının yaranması ölkənin gənc əhalisinin sürətli şəkildə miqrasiyasına səbəb olacaq.
O bildirib ki, Baltikyanı ölkələrin vətəndaşları daha yüksək maaş təklif olunan Almaniya və Polşada işləməyə üstünlük verirlər.
“B bəndi nədir? Ermənistanın Aİ-yə üzvlüyü? Hansı şərtlərlə? Hansı nəticələrlə?”, - deyə Timofeyev sual edib.
Təhlükəsizlik sahəsində Aİ ilə əməkdaşlıq məsələsinə gəlincə, İvan Timofeyev bunun da real fayda verməyəcəyini bildirib:
“Təhlükəsizlikdən söhbət gedirsə, hansı təhlükəsizlik? Avropa İttifaqı təhlükəsizlik sahəsində yalnız ikinci dərəcəli oyunçudur. O, NATO-ya inteqrasiya olunmuş, onun gündəminə tabe olan bir təşkilatdır. Aİ özü-özlüyündə nə siyasi, nə də hüquqi baxımdan təhlükəsizlik zəmanəti verə bilər”.
Bu çıxışla Timofeyev Ermənistanın Aİ-yə inteqrasiyası məsələsinə geosiyasi realizm və iqtisadi-praktik baxışla yanaşmaq zərurətini vurğulayıb.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ