İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində “qırmızı xətlər” də keçilir

Krım körpüsünün partladılmasından sonra Kiyev bombalanır, qütblərin aqressiyası artır - dünyanı nə gözləyir?

ABŞ prezidenti Co Bayden bildirib ki, “Karib böhranı”ndan sonra dünya ilk dəfə nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üz-üzədir. Baydenin sözlərinə görə, vəziyyət həqiqətən də hazırda inkişaf edən dinamika ilə davam edərsə, bu baş verəcək.

O, Rusiya prezidenti Vladimir Putini “yaxşı” tanıdığını vurğulayıb, “Putin taktiki nüvə silahının potensial istifadəsi haqqında danışarkən zarafat etmir” deyib. Moskva isə Rusiyanın hansı hallarda taktiki nüvə silahı tətbiq edəcəyi barədə dəfələrlə bəyan edib. Onlardan biri də Rusiya dövlətinin varlığının təhlükə altına düşməsi ilə bağlıdır. Ancaq Krım körpüsünün vurulması göstərdi ki, “qırmızı xətlər” bir-bir və sürətlə keçilir. Rusiya bir az da küncə sıxışdırılır. O zaman Putinin davranışı necə olacaq?

Maraqlıdır ki, bu arada “The New York Times” yazıb ki, Krım körpüsündə partlayış Ukraynanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. Qəzet ukraynalı məmura istinadən belə yazıb. Belə ki, adı açıqlanmayan mənbə yük maşınında olan bombanın körpüdə partladığını təsdiqləyib. Rusiya prezidenti V.Putin də Krım körpüsündə törədilən partlayışı Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyini söyləyib.

“Sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, - deyə o bildirib və hadisəni terror aktı adlandırıb. Baydenin narahatlığı da nəzərə alınarsa, Krım körpüsünün vurulmasının ardınca nüvə təhlükəsi nə dərəcədə artıb? Putinin cavab zərbəsi hansı şəkildə olacaq?

Ukraynalı hərbi ekspert Roman Svitan isə deyib ki, Rusiya Krım körpüsünün partladılmasına görə Ukraynaya cavab verə bilməyəcək.

“Onların Ukraynada istifadə etmədikləri heç nə qalmayıb. Cavab verəcəkləri bir şey yoxdur. Onlar hətta bu məsələni inkişaf etdirməyəcəklər. Onlar üçün ən optimal variant bu məsələdən çıxmaq mexanizmini tapmaqdır”, - Svitan bildirib.

Ekspertin sözlərinə görə, Rusiya heç bir halda nüvə silahı istifadə etməyəcək: “Nüvə silahının tətbiqi ilə bağlı danışıqlar artıq olub. Heç kim Rusiyanın və ordunun qatili rolunu öz üzərinə götürməyəcək. Çünki rusların nüvə silahından istifadə etməsi üçün hər hansı bir hərəkəti qərar qəbul etmə mərkəzinə və ya hər hansı bir yerə qabaqlayıcı zərbə ilə nəticələnəcək”.

Nəzərə çatdıraq ki, Krım körpüsünün vurulmasından sonra Rusiya Ukraynaya genişmiqyaslı hücumlara başlayıb, Kiyev şəhəri də bombalanır, 40-dək dinc insanın öldüyü bildirilir... 

Bu yerdə “Karib böhranı”nın necə baş verdiyini xatırlatmağı vacib bilirik.

Bu böhran SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlikdir.

Gedərək daha sosialist bir cizgiyə çevrilən və Sovet İttifaqı ilə əlaqələrini genişləndirən Fidel Kastro ABŞ tərəfindən ona qarşı olan embarqo, sui-qəsd və müharibə təhdidlərinə qarşı həyatda qala bilmək üçün SSRİ-dən daha çox kömək istəyirdi. Kastronun o dövrdəki zəifliyindən faydalanmaq istəyən Con Kennedi hökuməti Kastronu hakimiyyətdən salmaq üçün “Donuzlar körfəzi çıxarması” adı ilə tanınan planla 1961-ci il aprelin 17-də adada üsyan qaldırır. Lakin üsyan Kuba ordusu və rejimə sahib çıxan xalq tərəfindən asanlıqla yatırılır və ABŞ kiçik bir ölkə qarşısında biabır olur.

Bu vəziyyətdə Kubanın gec və ya tez devriləcəyini düşünən sovet lideri Nikita Xruşov ani və çox fikirləşmədən verdiyi qərarla Kubaya sovet nüvə silahlarının yerləşdirilməsi üçün əmr verir. Əməliyyat gizli həyata keçirilməli və dünya ictimaiyyətinə məlumat verilməməli idi. Onun planına görə, Sovet İttifaqı sayca ABŞ-dan daha az nüvə başlığına malik olmasına baxmayaraq, yaxın məsafə əldə etməsi ilə nüvə yarışında ondan daha avantajlı bir mövqeyə keçəcəkdi. Ancaq ABŞ-ın casus təyyarələri sovet sualtı gəmilərini oktyabrın 16-da müəyyən edir. Buna səbəb sovet sualti gəmilərinin dizel tipli olması idi. Onların elektrik mühərrikini işə gətirən akkumulyatorlarını zaman-zaman doldurmaq lazim gəlirdi. Bunu gəmidə yerləşdirilən dizel generatorları vasitəsilə edirdilər. Bunun üçün oksigen tələb olunduğundan gəmi mütləq suyun uzərinə qalxmalı idi. Bu da onun yerini amerikalılara bildirirdi. Amerikanların sualtı gəmiləri isə müasir atom reaktorları əsasında işlədiklərindən, onlar su üzərinə çıxmaq məcburiyyətinə qalmırdılar. İfşa olunan sovet gəmiləri haqqında məlumat elə həmin gün Kennediyə çatdırılır və bununla da böhran başlanır.

Kennedi uzun sürən müzakirələrdən sonra Kubanın dənizdən mühasirəyə alınmasına qərar verir və 1962-ci il oktyabrın 22-də embarqo həyata keçirilməyə başlanılır. Bu arada Atlantik okeanında sovet gəmiləri Kubaya yaxınlaşırdı. Bu gəmilər embarqoya əhəmiyyət verməsəydi, okeanda batırılacaqdı. Xruşov ilk reaksiya olaraq hücum deyil, müdafiə silahı daşıdığı gəmilərin dayandırılması üçün əmr verməyəcəyini bildirdi. Bu qərar vəziyyəti daha da çətinləşdirdi. Xruşov ABŞ-la müharibəni gözə almadığını və nüvə müharibəsinin dünyayı bir fəlakətə aparacağını bildiyi üçün Kubadakı silahları götürməsi əvəzində ABŞ-ın da Türkiyəyə yerləşdirdiyi Yupiter nüvə başlıqlarını götürməsini və Kubanı işğal etməyəcəyi mövzusunda açıqlama verməsini istəyirdi. Onun qorxaq və məsuliyyətli addımlarından cəsarət alan Kennedi, “Onsuz da Türkiyəyə qoyduğumuz nüvələr köhnəlmişdi, 6 ay içərisində onları götürəcəkdik” və “ABŞ-ın onsuz da Kubanı işğal etmək fikri olmamışdır” deməsi ortalığı yumşaldır. Nəhayət, dünyanın nüvə fəlakətinin mərkəzinə çevriləcəyi bu gərgin saat və günlərin sonunda Xruşov Kennedinin təklifini müsbət qarşılayır, embarqo sona çatır, Kubadakı sovet gəmiləri geri çəkilir və 1962-ci il Karib böhranı sona çatır.

İndi necə olacaq?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli nüvə silahından istifadəni mümkün sayır: “Krımla Rusiyanı birləşdirən körpü vurulandan sonra gözlənilirdi ki, Rusiya bunu cavabsız qoymayacaq. Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Məlum hadisədən 2 gün sonra Rusiya Ukraynanın paytaxtı daxil olmaqla, şəhərlərinə raket zərbələri endirdi. Ukrayna prezidentinin ofisi vuruldu. Krım körpüsü müəyyən qismində fəaliyyətini artıq bərpa edib. Körpüdən keçən dəmir yolu işləyir. Magistral yol da müəyyən qisim işləyir. Kiyevə vurulan zərbələrdən sonra insanlar zirzəmilərdə gizlənməyə başlayıb. Görünür, müharibə yeni fazasına keçid alır. Bu faza uzunmüddətli, amma qısamiqyaslı olacaq. Bunun üçün də Putinin taktiki nüvə silahı istifadə etməsi mümkündür. Çünki uzunmüddətli müharibə Moskvanın maraqlarına cavab vermir. Yorucu müharibə Kiyevin də maraqlarına cavab vermir. 40 milyonluq Ukraynanın artıq 10 milyonu qaçqındır, ölkə infrastrukturu dağılmış vəziyyətdədir. ABŞ Yaponiyaya nüvə silahı hesabına qalib gəlməyi bacarmışdı. Rusiya da Ukraynaya qarşı eyni metoddan istifadə edə bilər. Fikrimcə, Ukrayna-Rusiya müharibəsinin taleyi hərb yerində deyil, bu qış Avropada həll ediləcək. Üzümüzə gələn qışı Avropa donmasa, Rusiyanın qaz şantajına son qoyulacaq və bu da müharibənin taleyinin heç də Rusiyanın xeyrinə olmayacağının işarəsi deməkdir. Belə hal isə Rusiyanın Ukraynaya qarşı taktiki nüvə işlətmək imkanlarını böyüdür. Yox, əgər Rusiya qaz verməməklə Avropanı dondursa, onda artıq bu, Kreml üçün xilas olacaq. Avropada sağ, ultrasağ qüvvələr Ukraynaya görə Rusiya ilə savaşmaq istəmədiklərini və Moskvaya qarşı sanksiyalardan ölkələrinin çıxmasını tələb edirlər. Enerji, benzin və digər məhsullara Avropa və Amerikada qiymətlərin bir neçə dəfəyə qalxmasını Ukraynada gedən müharibəyə görə əlaqələndirən sağçıların mövqeləri güclənməkdədir. Unutmayaq ki, bu nüansdan da Putin öz xeyrinə istifadə etməyə çalışır”.

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu  isə əksini düşünür: “Nüvə silahı dövlətlərin əl atacağı ən son vasitədir. Rusiyanın Ukraynada böyük miqyasda dağıdıcılığa səbəb ola biləcək başqa silahları da var. Bu mənada düşünmürəm ki, Krım körpüsünün partladılması nüvə silahının tətbiqinə səbəb olacaq. Çünki düşünürəm ki, Krım körpüsünün partladılması Rusiyanın nüvə silahı da daxil, kəskin reaksiya verməsinə hesablanmış addım idi. Putin buna gedərsə, Ukrayna müharibəsini hər mənada uduzmuş olar. Ona görə də körpünün partladılmasına görə nüvə silahına əl atmayacaq. Ancaq güman edirəm ki, körpünün partladılması müharibəni daha da şiddətləndirəcək. Bilindiyi kimi, Rusiyada hazırda səfərbərlik aparılır, səfərbərliyə cəlb olunan hərbçilər hazırda komplektləşdirmə dövründədir, güman edirəm ki, gələn ay və ya dekabrda bu proses başa çatacaq və yeni qüvvələr Ukraynaya göndəriləcək. Oktyabrın 8-də Rusiya Prezidenti Ukraynadakı ordu qruplaşmasını vahid komandanlıq altında biləşdirdi və Cənubi Ukraynada qoşunlara komandanlıq edən Sergey Surovikini Ukraynadakı qüvvələrin komandanı təyin etdi. Burada iki mühüm nüans var. Birincisi, Ukrayna cəbhəsi vahid komandanlıq altında birləşdirilir, bir mərkəzdən idarə olunacaq əməliyyatlar olasaq. İkincisi, Surovikin Suriyada xidmət etmiş uğurlu komandir və Rusiya qəhrəmanıdır. Güman ki, yeni qüvvələr gələndən sonra Ukraynada müharibə daha amansız mərhələyə keçəcək”.

Ramil Məmmədli: 'Serj Sarkisyan yenə aprel döyüşlərindən danışaraq özünü  rüsvay etdi'

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə hesab edir ki, Rusiya tam gücü ilə Ukraynada savaş aparmır: “Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiyanın nüvə başlıqlı raketlərdən istifadə etməsi ilə bağlı ilk fikirlərə Qərb mediasında rast gəlmişik. Qərb siyasətçiləri, hərbi icmalçıları, şərhçiləri zaman-zaman bunu dilə gətirirlər. Müharibənin ilk günlərindən Rusiya belə bir addım atar kimi fikirlər səslənməyə başladı. Çox təəssüf ki, müharibə bitmədi və hazırda vəziyyət olduqca kritik hal alıb. Müharibədə Rusiya Ukraynanın dərinliyində faktiki olaraq əməliyyatları dayandırmışdı. Yəni Ukrayna şəhərlərinə, Kiyevə aviazərbələr, raket zərbələri endirmirdi. Krımda baş verən hadisə, yəni məşhur körpünün partladılması və onun ilk saatlarında Ukrayna tərəfindən səsləndirilən açıqlamalar ki, Ukrayna tərəfi bunu edib, ardınca Amerika mediasının rəsmi qurumlara istinadən yazdığı yazılar, verdiyi informasiyalar, ən əsası, Rusiya tərəfinin səsləndirdiyi rəsmi açıqlamalar artıq onu deməyə əsas verir ki, müharibə yeni fazaya qədəm qoyub. Bu fazada Rusiya artıq başqa yollara əl atacaq. Biz artıq bunun ilk işartılarını görməkdəyik. Ukraynanın mühüm şəhərləri raket zərbələrinə məruz qaldı, dinc sakinlər arasında ölən və yaralananlar var. Sanki hansısa bir əl, konkret desək, Qərb ölkələri başda Amerika olmaqla, atəşkəsin imzalanması və Ukraynanın güclənməsi, toparlanması üçün vaxt almasına imkan yaratmırlar. Davamlı olaraq Ukraynanı sıxmağa çalışırlar. Sanki Ukraynanın zəifləməsini qarşılarına məqsəd qoyublar. Baxmayaraq ki, Ukraynaya güclü silahlar verilir. Faktiki olaraq, infrastruktur, sənaye müəssisələri darmadağın olub. Proses belə davam edərsə, hesab edirəm ki, bundan sonra Rusiya yerüstü əməliyyatların miqyasını genişləndirəcək. Bununla yanaşı, aviazərbələrin sayını artıracaq. Ən azı bu proses bir həftə çəkəcək. Bunun davamlı olması indiki halda açıq görünür. Rusiya bütün mümkün vasitələrdən istifadə edərək, daha çox strateji məntəqələrin nəzarətinə keçməsinə  çalışacaq. Mövcud vəziyyət durmadan kritik hal alır. Nüvə silahının işlədilməsi barədə Qərb mediasında gedən xəbərlər doğru deyil. Rusiya silah və texnika parkını tam olaraq Ukraynada istifadə etmir. Əgər Ukraynaya müharibə konteksində yanaşarsa, Rusiya tərəfindən təxminən 500-600 min əsgərin həmin istiqamətə göndərilməsi baş verə bilər. Bu isə Ukrayna üçün həqiqətən də çox ciddi problemlərlə müşahidə olunar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR