İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Türkiyə və İranı Avrasiya təsir dairəsində görmək istəyir” - Arzu Nağıyev

“Artıq 3+3 formatının tətbiqinin vaxtıdır. Bütün diplomatik gəlişmələri bir kənara qoysaq, bu o deməkdir ki, regionun 3 nüfuzlu gücü - Rusiya, İran və Türkiyə öz aralarında razılığa gəlib, Gürcüstan, Azərbaycan və Ermənistanı da bu proseslərə qoşmağa çalışırlar”.

Bunu Musavat.com-a açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat Qərb dünyasının proseslərə fərqli yanaşdığını vurğulayıb:

“Təbii ki, Qərb üçün bu, çətin və inandırıcı olmayan məsələdir, lakin artıq reallıq göz önündədir. Tez-tez Zəngəzur dəhlizini gündəmə gətirən Qərb, Avropa belə bir variantın olmasını istəmirdi. Onlar öz nüfuzlarını daim Cənubi Qafqazda saxlamaq və ya artırmaq üçün çox canfəşanlıq edirdilər.

Azərbaycanla İran arasında tikiləcək körpülər və çəkiləcək yol hansı ölkəyə nə verir?

Türkiyə Xəzər dənizinə çıxışını təmin etmək, oradan isə Orta Asiya ölkələri vasitəsilə Pakistan və Hindistandan Avropaya ticarət dəhlizini yaratmağa çalışır. Yəni bu, Ankaranın Kabula olan münasibətində də görünür. Bunun üçün isə mütləq Azərbaycan sahillərinə çıxmaq və Ələt limanından istifadə etmək lazımdır, Azərbaycanın vacibliyi də burada görsənir.

Rusiyanın marağı da ondan ibarətdir ki, Qərbdən asılı olmayaraq öz iqtisadi problemlərini həll edə bilsin, çünki İran və Türkiyə ilə olan münasibəti buna imkan verə bilər, Şimal-Cənub ticarət dəhlizinin işləməsi, Xəzər dənizi vasitəsilə Rusiya, İran, Türkmənistan və Qazaxıstana çıxış Azərbaycan vasitəsilə olsun və təbii ki, gələcəkdə Türkiyənin yaratmaq istədiyi dəhlizdən də istifadə etsin. Təbii ki, Rusiya Türkiyə və İranı Avrasiya təsir dairəsində görmək istəyir”.

Arzu Nağıyevin sözlərinə görə, İran Qərbi və NATO-nu öz sərhədləri yaxınlığında görmək istəmir, baxmayaraq ki, Türkiyə də NATO-nun üzvüdür: “Təbii ki, Tehran dünya bazarlarına çıxmaq üçün həm BRİKS, həm də Avrasiya əməkdaşlığı çərçivəsində alternativ yollar axtarır. Azərbaycan və Gürcüstan bu ticarət arteriyaları üzərində yükdaşıma məntəqələrinə və hətta operatora çevrilməklə iqtisadi cəhətdən çox ciddi gəlirlər əldə edə bilərlər”.

Ermənistana gəlincə, deputat qeyd edib ki, ermənilər və onların Qərbdəki havadarları imkan versələr, bu proseslərdən istifadə edərək tənəzzülə uğramış, müflis olmuş iqtisadiyyatlarını bərpa edə və ya dirçəldə bilərlər:

“Təbii ki, Ermənistansız da hər iki yol işləyəcək və daha da inkişaf edəcək. Ermənistan və onun havadarları istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq və hər iki yol bütün tərəfləri həm siyasi, həm də əsas kimi iqtisadi cəhətdən təmin edəcək. Çünki burada artıq təkcə regional deyil, beynəlxalq maraqlar da üst-üstə düşür”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR