İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya terrorizmin sponsoru kimi tanındı, bəs sonra?

Ekspertlər Azərbaycanın şimal qonşumuzla əlaqələrinə təhlükə görmür, ancaq...

Gözlənildiyi kimi, Avropa Parlamenti Rusiyanı terrorçu dövlət elan etdi. Qurumun üzvləri noyabrın 23-də keçirilən iclasda Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnamə qəbul ediblər. Deputatlar çıxışlarında prezident V.Putin və onun hökumətinin beynəlxalq tribunala çıxarılması üçün zəmin hazırladıqlarını bildiriblər.

“Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı müntəzəm hücumlar və vəhşiliklər, mülki infrastrukturun dağıdılması və beynəlxalq humanitar hüququn digər maddələrinin pozulması Ukrayna əhalisinə qarşı terror aktları ilə eyniləşdirilir və müharibə cinayətləri təşkil edir”, - deyə sənəddə bildirilir.

Rusiya Federasiyası bu aktla müharibə zamanı terror üsullarından istifadə edən ölkə kimi tanınıb. Avropa Birliyinin üzvləri bütöv dövlətləri terrorçular siyahısına salınmasına imkan verən yeni qanunvericiliyin hazırlanmasına çağırıblar. Hazırda AB-nin terrorçu siyahısına yalnız təşkilatlar və şəxslər əlavə edilə bilər.

Deputatlar AB ölkələrini Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi tribunalın qurulmasına dəstək təşkil etməyə çağırıblar. Səsvermədən əvvəl qeyd olunub ki, bu sənəd Rusiya prezidenti Vladimir Putin və onun hökumətinin mühakimə olunması üçün bir addım olmalıdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov sənədə ironik reaksiya verərək, “onu həkimlərin şərh etməli olduğunu” bildirib. 

Lakin qətnamənin Avropa ölkələri üçün məcburedici qüvvəsi yoxdur. Bununla belə, Rusiya ətrafında mühasirənin daralması və onun “izqoy” dövlətə çevriıməsində bu fakt əlavə psixoloji “rıçaq” və ya çəkindirici amil rolu oynaya bilər.

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Mətin Məmmədli 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın terrorçu dövlət elan edilməsi təcrid vəziyyətini daha da gücləndirəcək: “Qərblə münasibətlər daha da kəskinləşəcək.  Bu vəziyyətin yaxın zamanda Azərbaycan və Türkiyənin Rusiya ilə ənənəvi  əlaqələrinə ciddi təsir göstərəcəyini düşünmürəm. Ukraynada gedən müharibə lokal səviyyədə, yəni sərhədlər çərçivəsində qalacaqsa, NATO ilə hərbi münaqişəyə səbəb olmayacaqsa, ciddi təsirdən söhbət gedə bilməz. Qərb Azərbaycan və Türkiyənin Rusiya ilə bağlı siyasətini müəyyən mənada anlayışla qarşılayır. Hər iki ölkə milli maraqlarına və regionda formalaşmış geosiyasi konyuktura uyğun siyasətini qurur”.

Fuad Çıraqov: “Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyənlər ya  hər iki ölkənin düşmənləri, ya da səfehlərdir”

 Fuad Çıraqov

Politoloq Fuad Çıraqov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu qətnamədən əvvəl də xüsusilə Türkiyəyə qarşı Rusiya ilə münasibətlərinə görə iradlar bildirilirdi: “Bu iradlar birmənalı şəkildə Türkiyənin bu münasibətlər vasitəsilə regionda oynadığı rola qısqanc yanaşma ilə əlaqədardır. Bu iradları səsləndirən dövlətlərin özlərinin Rusiya ilə hələ də iqtisadi əlaqələri qalır. Bu ölkələr Ukrayna müharibəsinin məhz ilk günlərində Ukraynaya lazımi qədər silah verməyən ölkələr idi. Onlar bu addımları ilə hücuma məruz qalan ölkəni çox pis vəziyyətdə qoyurdular, nəticədə biz bu cür addımlara Ukrayna diplomatlarının kobud hətta söyüşlə cavablarını da gördük.

Türkiyənin verdiyi silahlar isə ilk günlərdə çox həlledici rol oynadı. Bu ölkələr həm də Türkiyə kimi regional və qlobal rol oynamağa çalışırlar. Ancaq buna nail ola bilmirlər. Dünyada yalnız 2 dövlət və 2 lider var ki, həm Ukrayna, həm də Rusiya ilə səmimi və etibar edilən vasitəçi kimi qəbul edilir - Azərbaycan və Türkiyə. Bütün qısqanclıqlara və deyilənlərə baxmayaraq, bu vasitəçilik ilk növbədə taxıl və digər qlobal məsələlərə görə Qərbin maraqlarına uyğundur. Bu səbəbdən qətnamədə ciddi təhlükə görmürəm. Eyni zamanda əlbəttə ki, Ukraynada müharibə davam etdikcə Rusiya ilə əlaqələrini saxlayan bütün ölkələr üçün çətin olacaq və fəaliyyət sahəsi daralacaq".

Qeyd edək ki, Niderland parlamenti Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb və onun Ukraynadakı hərəkətlərini terrorizm adlandırıb. Nümayəndələr Palatası Ukraynadakı müharibəyə görə Rusiyanı terrorizmin himayədarı kimi tanıyır. Qərar partiyaların əksəriyyəti tərəfindən dəstəklənib.

Xatırladaq ki, noyabrın 21-də NATO Parlament Assambleyasının Rusiyanı terrorçu dövlət kimi tanıdığı və onu cəzalandırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb etdiyi barədə məlumat yayılıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR