İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülhməramlılarının xəritə oyunu: Qarabağda postların sayını artırdılar, sonra isə...

Aprelin 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdə müşahidə post və məntəqələrinin sayı 27-dən 33-ə qaldırıldı, bir gün sonra isə “düzəliş edildi”; polkovnik və hüquq müdafiəçisindən reaksiya: “Postları artırırlar ki, daha da irəli getməyək”

Aprelin 5-də  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olub ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb. Bu, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq atılan addımdır. Moderator.az məlumat verir ki, aprelin 4-ü və 5-i tarixlərindəki xəritələri aprelin 2, 3, 1-i və daha öncəki tarixli xəritələrlə müqayisə edəndə son 2 gündə sülhməramlıların məsuliyyət zonasındakı müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı aydın görünür.

Çox güman ki, bu, martın son günlərində Ağdam yaxınlığındakı Fərrux dağı ətrafında baş verən gərginliklə bağlı baş verib. 10 noyabr 2020-ci ildən bəri daim 1-ci və sonuncu 27-ci postlar Laçın rayonun “dəhliz” sahəsindəki Zabux və Ağanus kəndlərində olub. Ancaq aprelin 4-ü və 5-dəki xəritələrdə 1-ci post yerində qalsa da, sonuncu post artıq 33 nömrəsi ilə Ağanus kəndində yox, Xocalı rayonunun Fərrux kəndi  yaxınlığındakı Pirlər kəndi ərazisində yerləşib. Laçın rayonunun Ağanus kəndindəki 27-ci post da yerində qalıb. Ancaq 4 aprel tarixində həmin kənd yaxınlığına 28-ci post da salınıb. Ayın 5-də isə Ağanus kəndinin adı xəritədə iki dəfə qeyd edilib.

Bu təsadüfi texniki səhv sayıla bilməz. Çünki Ağanus kəndi Qubadlı-Laçın yolu üzərindəki Turşsu bulağı yaxınlığındakı aşağı (bəzi mənbələrdə həmin hissə Turşsu kəndi də adlanır) və Şuşa rayonunun Aşağı Qaladərəsinə yaxın olan yuxarı hissələrdən ibarətdir. Ağanus kəndinin şimal hissəsinin yaxınlığında isə 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir. Həmin yüksəklikdən Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd (Sarıbaba), Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkündür.

10 noyabr razılaşmasına əsasən, həmin yüksəklikdə Azərbaycan Ordusunun postu yerləşdirilib və orada “Azercell” rabitə qülləsi quraşdırılıb. Ötən bir il 4 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki ermənilər dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. Aşağı Qaladərəsi kəndində isə Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb.

Bəs rus ordusunun digər əlavə postları Azərbaycanın hansı məntəqələrində yerləşdirilib? Xəritələr üzrə araşdırmalardan bəlli olur ki, Şuşa rayonunun təxminən Sarıbaba (Salatınkənd) kəndi ərazisindəki 3-cü postdan əlavə, ermənilərin istədiyi kimi “Lısaqor” olaraq qeyd edilmiş Turşsu qəsəbəsi yaxınlığındakı  Keçəldağ yüksəkliyində (2214 m) 29-cu post qoyulmuş, aprelin 5-dəki xəritədə isə Kiçik Kirs zirvəsi (2346 m) istiqamətində daha bir məntəqə qeyd olunub. Rus ordusunun 30-cu postu Tərtər rayonunun Çardaqlı və Lüləsaz kəndləri istiqamətində, 31-ci post isə Göyarx kəndi yaxınlığında yerləşdirilib.

Nəhayət, 32-ci postun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yerləşdiyi məlum olur. Beləliklə,  aydın olur ki, Rusiya sülhməramlı kontingenti heç bir rəsmi açıqlama vermədən Azərbaycan ərazisindəki müşahidə postlarının sayını 27-dən 33-ə qaldırıb. Amma Rusiyanın Qarabağdakı hərbi kontingentinin aprelin 6-da gecə saatlarında  Rusiya Müdafiə Nazirliyinin  rəsmi saytında təqdim edilmiş  xəritədə müşahidə postlarının sayı əvvəlki kimi 27 olaraq göstərilib.

Sadəcə, bir neçə postun yerinin dəyişdirildiyi görünür. Məsələn, Xocavənd rayonunun Qarakənd kəndi yaxınlıındakı 14-cü post bu dəfə “Sarentaq” (yəqin ki, Sarenxard yüksəkliyi-968 m) adlanan məntəqədə yerləşdirilib. Bundan əlavə, Tərtər rayonu ərazisində - Ağdam rayonunun Şotlanlı kəndinə yaxın məntəqədəki 20-ci post “Vostoçnıy”- “Şərq” adlandırılıb.

Bəs reallıqda Rusiya sülhməramlı hərbi kontingentinin komandanlığı doğrudanmı müxtəlif məntəqələrdə qurulmuş 6 əlavə müşahidə postunu dərhal ləğv edib?

 Ümumiyyətlə, postların sayını artırmaq səlahiyyətləri varmı?

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Bu yöndə suallarımızı cavablandıran polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a Azərbaycan razılıq vermədən sülhməramlıların müşahidə postlarını artırmaq ixtiyarı olmadığını qeyd etdi. Hərbi ekspertin sözlərinə görə, ordumuzun Fərruxu nəzarətinə götürməsindən sonra sülhməramlı kontingent özbaşınalıq etməyə başlayıb: “Onlar ordumuzun mövqelərinin güclənməsindən sonra postları artırırlar ki, daha da irəli getməyək. Görünür, narahat olublar və prosesin genişlənməsini istəmirlər. Halbuki ordumuzun tamamilə səlahiyyəti çatır ki, separatçıların olduğu ərazilərdən onları qovub, həmin bölgələrdə də nəzarəti təmin etsinlər. Odur ki, sülhməramlı postlarının artırılması ilə bağlı Azərbaycanda rəsmi səviyyədə cavab olmalıdır. Çünki sülhməramlıların postlarını artırmaq zərurəti yoxdur. Sadəcə, onların hərəkətləri ordumuzun planlarını pozmaq məqsədi güdür”.

Ü.Cəfərov hesab edir ki, Qarabağda müvəqqəti yerləşən rus hərbi kontingentini başlı-başına buraxmaq olmaz: “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir ki, bizim razılığımız olmadan özləri qərar verə bilməzlər. Bura Rusiya deyil, Azərbaycan ərazisidir və siz müqavilə əsasında 5 illik yerləşdirilmisiniz, nə zaman çıxacağınız da göstərilib. Sadəcə, Azərbaycan Laçın dəhlizinə alternativ tikilən yolun yekunlaşmasını gözləyir. Ondan sonra bir sıra məsələlər aydınlaşacaq. Amma heç bir halda sülhməramlı qüvvələr bizimlə razılaşdırmadan postların sayını qaldıra bilməzlər”.

Çingiz Qənizadə prezidentin təşəbbüsünə qoşuldu

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, 10 noyabr razılaşmasında sülhməramlı postlarının harada yerləşəcəyi haqda konkret müddəalar yoxdur: “Ümumi qeyd olunub ki, ermənilərin məskunlaşdığı ərazilərdə və Laçın dəhlizi boyunca onların yerləşməsi nəzərdə tutulur. Amma müşahidə postlarının indi artırılmasına və qabaqcadan açıqlanmamasına gəlincə, buna iki cür yanaşma ola bilər: postların artırılmasının bizə heç bir aidiyyəti yoxdur, bilirik ki, hansı ərazilər onların nəzarəti altındadır. Yəni postu 3 kilometrdən bir, yaxud bir kilometrdən bir qoya bilərlər, bu mənada bizim üçün prinsipial əhəmiyyət kəsb etmir. Amma ikinci məqam odur ki, hər halda, razılaşdırılmalı, məlumat verilməliydi. Burada məqsədin nə olduğu - təhlükəsizliyi artırmaq, yoxsa erməni təxribatının qarşısının alınması - bunu demək çətindir, ancaq bizə deyilməli idi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiya Azərbaycan Müdafiə Nazirliyini məlumatlandıra bilərdi: “Ümumiyyətlə, sülhməramlıların fəaliyyəti bizi qane etmir. Çünki özbaşına hərəkətlərə yol verirlər, razılaşdırılmamış addımlar atırlar, erməni separatçılarına dəstək verirlər, terrorçu-separatçıların silahlanmasına, səngər qazmasına göz yumurlar. Onların orada yerləşməsi müharibə bitəndə lazım idi, başqa qüvvə yerləşdirilə də bilməzdi. Çünki ya Ermənistan, ya Azərbaycan razılaşmayacaqdı. Amma hazırda sülhməramlılara göstərilən etimad özünü doğrultmur. Onlar gəldiyi andan silahlı dəstələri çıxarmalı idi, bunu etmədilər, əksinə, göz yummağa davam edirlər”.

Qeyd edək ki, sülhməramlıların sayı ilə bağlı da tez-tez müxtəlif rəqəmlər səslənir. Sənəddə onların sayı 1960 nəfər göstərilir. Lakin bəzi ekspertlərin fikrincə, 10 noyabrdan sonrakı dövrdə rus hərbçilərin sayı artırılıb, texnikası çoxaldılıb, modul tipli məntəqələr tikilib. Hətta bir müddət əvvəl deputat Vahid Əhmədov Qarabağda sülhməramlıların sayının 7-8 minə çatdığını açıqlamışdı. Amma reallığı nə dərəcədə əks etdirdiyini iddia etmək çətindir. Bununla belə, özlərini bölgənin sahibi kimi aparırlar, ermənilərə hamilik edirlər. Üçtərəfli sənədə əsasən 2025-ci ildə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, sülhməramlılar Qarabağı tərk etməlidirlər. Analitiklər isə onların belə tezliklə gedəcəyinə inanmırlar.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR