İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qış hücumuna hazırlaşır - Qərb kəşfiyyatının sensasion iddiaları

Görünən budur ki, bu qışdan ya Ukrayna, ya da Putin sağ çıxacaq...

Davam edən Rusiya - Ukrayna müharibəsinə dair həyəcanlı məlumatlar yayılıb. Qərb ölkələrinin kəşfiyyatları israrla iddia edirlər ki, Putin Ukraynaya qarşı qış hücumuna hazırlaşır.  Hazırda cəbhədə vəziyyəti ağır olan və çətin duruma düşən Rusiya revanşa hazırlaşır. Bütün ümidlərini qış hücumuna bağlayan Rusiyanın, onun hərb maşınının müvəffəq olmaq ehtimalı varmı? Savaş səhnəsində indiki durumu göz önündə bulundursaq, qüvvələr nisbətini təhlil etsək, hansı qənaətə gələrik? Daha bir sualsa budur -  Rusiyanın planları bu dəfə də fiaskoya uğrasa, Putini nələr gözləyir. Belə bir tezis mümkündürmü -  bu qışdan ya Ukrayna, ya da Rusiya sağ çıxmayacaq?

Politoloq Vaqif Hüseyn “Yeni Müsavat”a deyib ki, Rusiyanın hazırda insan resursları topladığı və mümkün revanşa hazırlaşdığı bəllidir: “Rusiya tarixi boyunca müharibələrdə insan resursları hesabına qalib gəlmiş bir dövlətdir. Bunu 2-ci Dünya müharibəsi zamanı da görmüşük. Çoxmilyonluq ordunu ən adi silahlarla, çox vaxt 2 nəfərə 1 silahla təpədən-dırnağa qədər silahlanmış, öz dövrünün qabaqcıl silahları və texnikası ilə təhciz edilmiş ordunun üzərində göndərməklə qalib gəliblər. Buna görə də rus ordusunun generallarını çox vaxt qəssab adlandırırlar. Bu tipik rus taktikasıdır. Keyfiyyətdən daha çox kəmiyyətə üstünlük verirlər. Bu mənada Ukrayna üçün qorxulu perspektiv görünür”.

Politoloq deyir ki, 2-ci Dünya müharibəsində Rusiya təminat və təhcizat məsələlərini Qərb ölkələrinin hesabına qarşılamaqla müharibədən qalıb çıxıb: “İndi isə belə bir yardım olmayacaq. Rusiyanın daxili resursları bu gün müharibə aparmaq üçün kifayətdirmi? Mən şəxsən buna inanmıram. Üstəlik müharibə qızışsa,  Rusiya daxilində siyasi sabitliyi qoruya biləcəkmi? Buna da inanmıram. 1-ci dünya müharibəsində Çar rejimi daxili vəziyyəti sabitləşdirə bilmədi. Öz zabit və əsgərləri Çarı devirdilər. Rusiya 200-300 minlik ordu ilə hucuma keçəcəksə, çox böyük riskə girmiş olacaq”.

Politoloq deyir ki, Rusiya qış hucumunda Belorus ordusu ilə birgə hucuma keçsə, Kiyevi almaq şansı var: “Bu halda gözlədikləri kapitulyasiya aktını əldə edə bilərlər. Bu halda Ukraynada ”oyuncaq rejim" qura bilərlər. Viktor Yanukoviç hazır dayanıb və Rusiyanın planı baş tutsa, ona kapitulyasiya aktına imza atdıra bilərlər. Bu halda Ukrayna nəinki Krımı, 4 böyük regionu da itirəcək. İkinci variant isə budur ki, Rusiya hucuma keçib Xersonu ələ keçirir. Bundan sonra Ukraynaya sülh sazişi təklif olunur. Rusiyanın qəbul etdiyi yeni qanuna görə Xerson Rusiya ərazisi hesab olunur. Bundan sonra siyasi təşəbbüs kimin əlinə keçəcəksə, müharibənin qalibi də o olacaq. Ümumilikdə isə Rusiyanın qış planı baş tutsa, Ukrayna qan çanağına dönəcək".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR