İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftinin qaçaqmalçıları arasında mübarizə kəskinləşir: Aralarında iki azərbaycanlı da var

Rusiya nefti ilə ticarət edən şirkətlər rəqiblərini aradan qaldırmaq üçün bir-birini yeni sanksiyalara məruz qoymaq üçün fəaliyyətə başlayıblar.

Musavat.com xəbər verir ki, Bloomberg-in bununla bağlı hazırladığı materialda iki azərbaycanlıdan da bəhs olunur. Bildirilir ki, Rosneft neftinin mühüm hissəsini daşıyan əsas bazar oyunçuları "bir-birinin Rusiya ilə əlaqələrini diqqət mərkəzinə gətirməyə" çalışırlar. Söhbət neft ticarəti veteranı Murtaza Laxani və iki Azərbaycan tərəfdaşı Etibar Eyyub və Tahir Qarayevdən gedir. Rəqib treyderlər arasındakı mübarizə Dubay, Honkonq və Sinqapurdakı əməliyyatları, Vaşinqtondakı lobbiçiləri və Moskva mətbuatını əhatə edir.

Onların adları neft sənayesindən kənarda az tanınır, lakin Laxani, Eyyub və Qarayevə Vladimir Putin 2022-ci ilin fevral ayında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başladıqdan sonra Qərb sanksiyalarından yayınaraq yüz milyonlarla barel Rusiya nefti daşımaq tapşırılıb.

Həm Britaniya, həm də Kanada vətəndaşı olan 63 yaşlı Laxani “Mercantile & Maritime Group” şirkətinin sahibidir. Ukraynada mühairbə başlayandan sonra da onu Rusiyada keçirilən tədbirlərdə müntəzəm olaraq görmək, müsahibələrini Rusiya mətbuatında izləmək mümkündür. Vətəndaşı olduğu hər iki ölkənin Rusiyaya qarşı kəskin mövqedə olması Laxaninin bu fəaliyyətlərinin qarşısını almayıb.

Agentliyin məlumatına görə, Eyyub və Qarayevin tərəfdaşları Qərbin diqqətini onun fəaliyyətinə cəlb etmək və bununla da sanksiyaları daha da gücləndirmək üçün Laxaninin Rosneft ilə əlaqələri haqqında Rusiya qəzetlərində məqalələr dərc etməyə çalışıblar. Lakin onların özləri hakimiyyətin diqqətini rəqiblərinə cəlb etmək üçün hərkətə keçən Laxaninin oxşar taktikalarının hədəfinə çevriliblər: “Nəticədə, Avropa Birliyi və Böyük Britaniya tərəfindən 2024-cü ildən etibarən Azərbaycan şəbəkəsinə tətbiq edilən sanksiyalar Eyyub və Qarayevin fəaliyyətinə zərər vurub. Onların əməliyyat xərcləri artıb və Qərb bankları, sığorta şirkətləri və peşəkar xidmət şirkətləri hökumətin nəzarəti altına düşməmək üçün onlarla əməkdaşlıqdan əsasən yayınıblar.

Bu, şəbəkəni daha yüksək sığorta haqları ödəməyə, daha uzun və daha az şəffaf göndərmə marşrutlarına razılaşmağa və neft qiymətini aşağı salmağa məcbur edib, çünki brokerlər, neftayırma zavodları, saxlama operatorları və limanlar ya onlarla ticarət etməkdən tamamilə imtina ediblər, ya da özlərini qorumaq üçün xərcləri artırıblar.

Nəticə etibarilə, Azərbaycan treyderləri, Rosneft və Rusiyanın özü Laxani ilə münaqişədən milyardlarla dollar itirdi. Laxaninin şəbəkəsinin böyük hissəsi hələ sanksiyalardan kənardadır, ona görə də Eyyub və Qarayev bu yaxınlarda ona qarşı güclü bir kampaniya hazırlayırlar”.

Bloomberg qeyd edir ki, bu mübahisələr Rusiyanın sanksiyalardan yayınma sisteminin əslində nə qədər kövrək olduğunu göstərir. Kreml neftin daşınması üçün bir neçə qeyri-şəffaf vasitəçidən asılıdır. Bu vasitəçilər mübahisə etməyə başlayanda milyardlarla ixrac gəlirini təhlükəyə atır və Moskvanın bu dəniz şəbəkələri üzərində nə qədər az nəzarətə malik olduğunu ortaya qoyur.

Qeyd edək ki, bu ilin mayında Baş nazir Kir Starmerin Rusiyanın “kölgə donanması”na qarşı Böyük Britaniyanın “ən böyük sanksiya paketi” adlandırdığı tədbir çərçivəsində Böyük Britaniya Azərbaycandan olan beş treyderi - Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərovu sanksiya siyahısına salıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR