Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan içərisində erməni şovinizmini gəzdirən biri olsa da, digər erməni siyasətçilərdən fərqli olaraq gerçəyi deməyi bacarıb. Rusiya saytlarında onun 2013-cü ildə dediyi fikirə rast gəldim, bugünkü Ermənistanın düşdüyü vəziyyətə çox uyğundur.
Ter-Petrosyan özləri kimi kiçik ölkələri nəzərdə tutaraq rəhbərlərinin “fövqəlgüclərin geosiyasi oyunlarına qoşulmamağı” məsləhət görürübmüş.
Ter-Petrosyan onu da deyibmiş ki, hətta o liderlərin ağıllarna belə gəlməməlidir ki, iki simlə oynamaqla dünyanın böyük ölkələrini “dıqqıldada” bilərlər”. Ermənistan indi eks-prezidentin dediyi yolun əksinə gedir, hökumət başçısı Paşinyan isə elə zənn edir ki, o, indiki mürəkkəb münasibətlər sistemində dünyanın “sarı sim”i ilə də, hətta məsələn, Rusiya kimi “yaralı” ölkənin əsəbləri ilə də oynaya bilər.
Hərdən adama elə gəlir ki, Paşinyan ya özünü Qranadada görüşüb şəkil çəkdirdiyi Zelenskiyə bənzətməyə çalışır, ya da Qərbdəki ağaları ondan zorla yeni inqilabçı lider düzəltməyə cəhd edirlər. Hələ ki, yarımhərbi xaki geyimi yoxdur, amma onu da geyindirə bilərlər.
Ter-Petrosyan ağıllı ermənidir. Ermənistanın və erməni xalqının potensialını da yaxşı bilir, o səbəbdən yuxarıdakı xəbardarlığı edib. Amma hələ Ermənistan rəhbərliyi anlamaq istəmir ki, fövqəlgüclərin geosiyasi oyunlarına qoşulmaq bu ölkəni düşdüyü ağır vəziyyətdən çıxara bilməz. Aşkar və gizlində verilən vədlər Paşinyan üçün cəlbedici görünə bilər, amma onları Ermənistanda və ermənilərlə reallaşdırmaq şansı sıfıra bərabərdir.
Erməni xalqı düşüncə etibarilə heç vaxt azad olmayıb, ağa əmri və digərklərinin hesabına yaşamağa adətkardırlar. İndi də Rusiyaya acıq edərək özlərinə yeni ağa axtarışındadırlar. Paşinyan bunu “dövlətin təhlükəsizlik qarantiyası” adı altında gizlətməyə çalışır, guya Rusiya onları taleyin ümidinə buraxdıqları üçün özlərinə yeni təhlükəsizlik çətiri axtarırlar. Qulağa yaxşı gəlir, amma reallıq Ermənistanın təqdim etdiyi və arzuladığı kimi deyil. Fransa əlinə düşmüş fürsətdən və dünyanın gərgin gündəmindən istifadə edərək Cənubi Qafqaza yerləşmək, Ermənistanda Rusiyanın yerini tutmaq istəyir. Fransa Ermənistanla çoxdankı curdur, erməni lobbisinin ən güclü olduğu ölkədir, tarixi bağları var və sairə... Amma Paşinyan çox vacib məqamı unudur, ya da onu öz ağlınca əhəmiyyətli hesab etmir. Paşinyan yaddan çıxarır ki, obyektiv coğrafi, tarixi, siyasi və iqtisadi amillər bütün ideologiyalardan daha önəmlidir. Yəni Qafqazda ayrıca götürülmüş Ermənistan yoxdur. Paşinyan burada siyasi sistemi yeniləyə, azad media, Qərb dəyərlərinə üstünlük verən demokratik ölkə bəlkə də yarada bilər, amma “ yeni Ermənistan” əsla! Paşinyanın bütün cəhdləri, hətta ölkəsini “Qarabağ yükündən” azad etməsinin əsas səbəblərindən biri də bu istəkdir. Amma indi arxasını Rusiyaya deyil, Qərbə söykəyərək bu arzularının çın olmasını arzulayır.
Regionda hələ ciddi müharibə riski yoxdur, Rusiyanın o vaxtı deyil ki, Ermənistanı cəzalandırmaq üçün İrəvan küçələrinə tank çıxarsın. Paşinyan da bunları hesablayıb, Rusiyanın əsəbləri ilə oynasa da, ona dəyilməyəcəyini düşünür. Rusiyanın Ermənistana təzyiq mexanizmləri də var. Təbii qaz onlardan yalnız biridir. Ukrayna-Rusiya savaşı da belə başlamışdı, əsəb müharibəsindən gəlib raket savaşına çıxdılar.
Ermənistan əgər gerçəkdən regionda özünə görə dövlət olmaq istəsəydi, illərlə bu cür qanmaz siyasət yürütməzdi. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistan regiondakı nəhəng iqtisadi layihələrdən kənarda qaldı. 44 günlük müharibədən sonra guya ayıldılar ki, bəs, daha abırlı dövlət olmaq istəyirlər. Düzdür, bu işğalçı siyasətdən geri çəkilmək özü də irəliləyişdir, amma indi yürütdükləri siyasət də Ermənistanın xilasına bənzəmir. Bu dəfə də başqa oyunçuların əlində dəyənək, vasitə olmaq istəyirlər...
İndi gözlənilmədən siyasi səhnəyə Ermənistanın keçmiş müdafiə naziri, general Arşak Karapetyanın çıxması Paşinyanın yuxusunu qaçırıb. Erməni mediası yazır ki, baş nazir yeni hərəkat yaratdığını elan edən keçmiş müdafiə naziri Karapetyanın arxasında kimin dayandığını öyrənmək üçün dərhal Ermənistanın Rusiyadakı səfirinə zəng edib.
Karapetyan həqiqətən də gözlənilmədən ortaya çıxıb və xalqa müraciət edərək yeni siyasi hərəkatın yaradılmasını elan edib. O, “Ermənistanı daxili və xarici düşmənlərdən xilas etmək” vədi verib. Karapetyan 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik edib. Uğursuzluq səbəbindən o zamankı prezidenti Serj Sərkisyan müdafiə naziri Seyran Ohanyanla bərabər Karapetiyanı da işdən qovmuşdu.
Paşinyan isə 2018-ci ilin mayındakı “məxməri” inqilabla hakimiyyətə gələndə Karapetyanı özünün hərbi müşaviri təyin etdi. 44 günlük müharibədəki məğlubiyyətə baxmayaraq, Karapetyan Baş Qərargah rəisinin müavini, daha sonra müdafiə nazirinin birinci müavini, həmin ilin avqustunda isə Ermənistanın müdafiə naziri təyin edildi . 2021-ci ilin noyabrında Karapetyan müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı.
İndi yenidən, bu dəfə isə özünü siyasət cəbhəsinə atan Karapetyanın fikrincə, “Qarabağdakı faciə Ermənistan hakimiyyətinin qorxaqlığı və xəyanəti ucbatından” baş verib. Haqqın.az bu mövzudakı təhlilində yazır ki, Ermənistanı Paşinyandan və digər daxili düşmənlərindən xilas etmək istəyən Karapetyan Rusiyanın dəstəyinə ümid edir və bunu heç də gizlətmir də. Belə ki, o, çıxışında deyib ki, Ermənistanın düşmənləri Paşinyan hakimiyyəti ilə birlikdə ermənilərin qəzəbini “qardaş rus xalqına” yönəltməyə cəhdlər edir.
Ermənistanın keçmiş müdafiə naziri Rusiya rəhbərliyinə müraciət edərək “erməni xalqını və onun dövlətçiliyini məhv etmək cəhdlərinin qarşısını almaqda daha qətiyyətlli olmağa” çağırıb.
Belə görünür ki, Ter-Petrosyanın məsləhətinə qulaq asmayan və böyük oyunlara baş qoşan Paşinyan hökumətini qarşıda daha ciddi sınaqlar gözləyir. Vaxtilə Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun “böyük oyunların peşkası” fikrini də Paşinyana xatırlatmağın yeri var...
Nazim Sabiroğlu,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ