İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hakmiyyəti iri şirkətlərdən “müharibə xərci” toplayacağını etiraf etdi


Rusiya hökuməti iri şirkətlərdən “müharibə haqqı” toplamaq planının olduğunu rəsmən etiraf edib. Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov jurnalistlərin suallarına cavab olaraq, hökumətin iri bizneslə büdcəyə birdəfəlik “könüllü” köçürməyə dair müzakirələr apardığını açıqlayıb.


Musavat.com xəbər verir ki, Rusiya rəsmisinin sözlərinə görə, bu, verginin artırılması demək deyil.

Xatırladaq ki, yanvar ayında The Bill nəşri və Bloomberg agentliyi Rusiya hökumətinin müharibə xərclərini qarşılamaqda çətinliklərlə üzləşdiyini və bu səbəbdən də iri şirkətlərin gəlirinin 50 faizi həcmində birdəfəlik ödəniş alınacağına dair məlumat yaymışdılar. Həmin məlumata əsasən Rusiya hakimiyyəti dövlət şirkətlərini artan dividentləri ödəməyə məcbur etmək, gübrə və kömür istehsalçılarından “birdəfəlik ödəmə” tələb etmək və qeyri-müdafiə xərclərini azaltmaq qərarına gəlib. Bunun Rusiyanın baş naziri Mixail Mişustinin ötən il dekabrın ortalarında imzaladığı sənəddə nəzərdə tutulduğu qeyd olunurdu.

“Bloomberg”in məlumatına görə, bu tədbirlər Rusiyada “gəlir səfərbərliyi” adlanır. Belə ki, müsadirə olunan pulun bir hissəsi Ukraynadakı müharibənin xərclərinin ödənilməsinə yönəldiləcək. Mənbələr agentliyə bildiriblər ki, hakimiyyət “mümkünsə” iri şirkətlər üçün gəlirin 50 faizindən çoxu həcmində dividentlər təyin etməyə çalışacaq.

The Bill isə hökumətin iri şirkətlərin hər birindən 200-250 milyard rubl almaq istədiyini, biznesin isə bunun əvəzində 2023-cü ildə gəlir vergisini 0,5 faiz bəndi artıraraq 20,5 faizə çatdırılmasını təklif etdiyini yazmışdı.

Belousov biznesdən nə qədər tələb edildiyini açıqlamayıb, lakin ötən il onların gəlirinin yüksək olduğunu deyib: “Məsələ burasındadır ki, ötən ilin maliyyə nəticələri yüksək olub. Xüsusilə də ilk 3 rübdə balanslarda böyük müsbət saldolar qeydə alınıb. Hazırda bu mövzu müzakirə olunur. Vergi təcrübəsində windfall tax adlı belə təcrübə var. Biznes bu məsələdə aktiv iştirak edir”.

Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neft və neft məhsullarına qarşı tətbiq etdiyi sanksiyalar və qiymət tavanı ölkəni ciddi çətinliklərlə üzləşdirməkdədir. 2022-ci ilin yanvar ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin orta qiyməti 49,48 dollar təşkil edib. Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,7 dəfə azalma deməkdir – keçən ilin yanvarında orta qiymət 85,64 dollar olmuşdu.

Rusiya dövlət büdcəsi neftin 70 dollarlıq orta qiymətinə əsasən hesablanıb. Artıq yanvar ayında dövlət büdcəsində 1,76 trilyon rubl, və ya 25 milyard dollarlıq kəsir yaranıb. Büdcə qanunvericiliyin cari ildə büdcə kəsirinin 2,93 trilyon rubl olacağı əksini tapıb. Lakin neftin büdcə qiymətindən iki dəfəyə yaxın ucuz satılması bu kəsirin kəskin artmasını şərtləndirəcək. Buna görə də Rusiya hökuməti müharibə xərclərinin bir hissəsini iri biznesin boynuna yükləməyə çalışır. Dekabrdan bəriz razılığın əldə olunmaması hökumətin təklifinin müqavimətlə qarşılanmasından xəbər verir. İri şirkətlər keçən ilki gəlirlərindən əlavə heç nə verməmək, bu il gəlir vergisinin artırılmasını təklif etməklə əslində hökumətə yox demiş olub. Çünki sanksiyaların təsiri ilə bu il onların ciddi gəlir əldə edəcəyi real görünmür...

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR