Onlayn ictimai-siyasi qəzet
“Teleaparıcı və bloger Nastya İvleyevanın “çılpaq” gecəsində iştirak edən Rusiya şou-biznes ulduzlarının təqibi Vladimir Putin administrasiyasının əmri ilə başlayıb”.
Musavat.com xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti məlumat yayıb.
Nəşrin həmsöhbətləri iddia edirlər ki, bu yolla Kreml vətəndaşların diqqətini və cəmiyyətdə yığılmış neqativliyi başqa yerə yönəldir.
“Ulduzları gözdən salmaq üçün belə genişmiqyaslı kampaniya artıq daxili siyasətdir. Putinin razılığı, daxili siyasət kuratoru Sergey Kirienko və televiziya, dövlət mediasının kuratoru Aleksey Qromovun əmri olmadan bu, sadəcə olaraq mümkün deyil”, - deyə adının çəkilməsini istəməyən administrasiya məmuru qəzetə bildirib.
Politoloq Abbas Qallyamov hesab edir ki, Kreml jurnalist Yekaterina Duntsova ilə bağlı xəbəri gündəmdən çıxarmaq üçün “çılpaq ziyafət” qalmaqalını şişirib.
Qeyd edək ki, Duntsova prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb və bir sıra rusiyalı müxalifətçinin dəstəyini qazanıb. Lakin Mərkəzi Seçki Komissiyası ondan imtina edib.
Xatırladaq ki, dekabrın 20-də Moskvanın “Mutabor” klubunda keçirilən əyləncə gecəsi “Playboy” jurnalı üçün dərc olunmamış fotoşəkillərdən ibarət sərginin açılışına həsr olunub. Qonaqlara minimal “dress code” tövsiyə edilib. Bir çox ulduz ziyafətə yarışəffaf və ya yarıçılpaq geyimdə gəlib. Ziyafətdən olan videolar internetə düşüb və Rusiya internet sahəsində qalmaqala, sonra isə rəsmi qınaqlara səbəb olub.
Bir çox “vətənpərvər” bloqçular Ukraynada rus əsgərlərinin həlak olduğu bir vaxtda əyləncəyə qatılan ziyafət iştirakçılarını satqınlara bərabər tutub və onların ən sərt repressiyaya məruz qalmasını tələb ediblər.
Gecənin qonaqlarından biri, reper Vacio xırda xuliqanlıq maddəsi ilə 15 gün müddətinə həbs edilib və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə 200 min rubl məbləğində cərimə olunub.
Qonaqlar arasında olan şou-biznes ulduzları daha sonra üzrxahlıqlarını dərc ediblər. Müğənni Filipp Kirkorov orada “cəmi 5 dəqiqə olduğunu” deyib. Həmkarı Dima Bilan da pərəstişkarlarına müraciət edərək, normal geyindiyini və orada çox qalmadığını bildirib. Partinin təşkilatçısı Anastasiya İvleyeva isə bir neçə üzrxahlıq videosu yayımlayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ