İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycana “qara siyahı” göndərir - kimlər var...

Deputat: “Azərbaycanın milli təhlükəsizliyinə zərər verə biləcək inoagentlərin siyahısı üzrə də müvafiq işlər aparılır”

Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclasında bir sıra mühüm müzakirələr olub. 

Bu iclasın Azərbaycan üçün əhəmiyyətindən danışan deputat, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, SORB-un Belarusun Minsk şəhərində keçirilən son iclasından ötən zaman kəsiyində dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verib: “Bu gün artıq bəzi ölkələrdə yeni münaqişə ocaqları yaranıb. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi halları da artıb. Baş verənlər ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdirib”. 

Millət vəkili Arzu Nağıyev: “Sumqayıt Dövlət Universiteti bütövlükdə  yerləşdiyi region üçün əhəmiyyətə malikdir” – SumqayitXeber.Com

Arzu Nağıyev

Deputat bildirib ki, iclasda göstərilən istiqamətlərdə MDB dövlətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizminin təkmilləşdirilməsi müzakirə olunub: “Dünyada vəziyyət dəyişdikcə, çağırışlar da dəyişir: Azərbaycanda təhlükəsizliyə və sabitliyə əsas təhdid Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri idi. Artıq Azərbaycan öz suverenliyini bərpa edib. Ərazilərimizdəki qanunsuz erməni silahlı birləşmələri qalıqları da antiterror əməliyyatı ilə tərksilah edilərək ləğv olunub.  Bununla belə Yaxın Şərqdə baş verənlər də narahatedicidir. İclas birlik ölkələrinin təhlükəsizlik məsələlərində səylərinin birləşdirilməsi,  MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı birgə mübarizə üçün razılaşma baxımından olduqca əhəmiyyətli idi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən dedi ki, sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır. Vurğuladı ki, daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. Bildirdi ki, informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir”.

Bu arada məlum olub ki, Rusiya Dövlət Dumasının xarici müdaxilə faktlarını araşdırmaq üzrə komissiyası Azərbaycan da daxil, MDB ölkələrinə Rusiyada arzuolunmaz 110 xarici QHT-nin siyahısını və Rusiya xarici agentlərinin reyestrini verəcək. 

Bunu komissiya sədri Vasili Piskaryov bildirib.

“Avrasiya məkanında təhdidlərin ümumiliyini nəzərə alsaq, bizim ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində vəziyyəti, o sırada seçkilər zamanı vəziyyəti pozmaq istəyən xarici kəşfiyyat xidmətlərinin işini önləməyə kömək edə bilər”.

Deputat bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə zərər verə biləcək inoagentlərin siyahısı üzrə də müvafiq işlər aparılır: “Azərbaycan xüsusi xidmət orqanları bu çağırışlara da hazırdır və müvafiq qabaqlayıcı tədbirlər də yeri gəldikcə gerçəkləşdiriləcək”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR