İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropaya qaz nəqlini tam dayandırır – Baltikdəki partlayış Moskvanın əl işidir?

Rusiya Avropaya qaz nəqlini tamamilə dayandırmaq üçün bəhanələr yaratmağa davam edir. Moskva Avropanın bütün qış dövrü üçün öz enerji təchizatını təmin etməyə çox yaxın olduğunu görür və bunun qarşısını almaq üçün ən ağlagəlməz üsullara əl atır. İki gün əvvəl Baltik dənizində “Şimal axını” kəmərlərinin hər üçündə zədələnməyə səbəb olan partlayışların arxasında Rusiyanın özünün dayandığı getdikcə daha aydın hiss olunur.

Kəmərlərin partlayış nəticəsində sıradan çıxarıldığını İsveç xarici işlər naziri, həmçinin Avropa İttifaqının baş diplomatı açıqlayıblar. Onların hər ikisi dənizin altında kəmərlərin partladıldığını bəyan ediblər.

Rusiya mətbuatının dünəndən partlayışın Ukrayna və ya ona yaxın qüvvələr tərəfindən törədildiyini elan etməsi göstərir ki, bu işin arxasında dayanan elə Moskvanın özüdür. Belə ki, Ukraynanın Baltik dənizində- suyun altında partlayış həyata keçirməyə imkanları yoxdur. Partladılan kəmərlərlə nəql olunması mümkün olan qaza Avropanın ehtiyacı olduğuna görə bu məsələdə oradan Ukraynaya kiminsə yardım etməsi real deyil.

Bu gün baş verən hadisələr göstərir ki, kəmərləri partladan elə Rusiyanın özüdür. Məqsədi isə bir deyil, bir neçədir. Əvvəla, qışqabağı Avropanın məhkəmə çəkişməsinə baş vurması ehtimalı artırdı. Artıq Avropa İttifaqı rəsmiləri, həmçinin Almaniyada qaz nəqlini azaltdığına görə “Qazprom”a qarşı müqavilə öhdəliklərinə əməl etməməsi iddiası qaldırılması məsələsi müzakirə olunur. Kəmərlərin sıradan çıxarılması bu iddiaların məhkəmələrə daşınmasını xeyli yubadacaq. Digər tərəfdən, Rusiya Ukrayna ərazisindən də Avropaya qaz nəqlini dayandırmaq, Avropanın qış hazırlıqlarının başa çatmasına imkan verməmək, bununla da Avropa İttifaqına təzyiq rıçağını saxlamaq istəyir.

Xatırladaq ki, sentyabrın əvvəlində Ukraynanın “Naftoqaz” şirkəti “Qazprom”u müqavilə öhdəliklərinə əməl etmədiyinə görə məhkəməyə verib. Şirkət Beynəlxalq Arbitraja göndərdiyi iddiada 20190-cu ildə imzalanan müqavilədə “Qazprom”un Ukayna ərazisindən gündə 109,6 milyon kubmetr qaz nəql etmək, tranzit haqqını nəql olunub-olunmamasından asılı olmayaraq bu həcmə uyğun ödəmək öhdəliyi götürdüyünü, lakin may ayından etibarən buna əməl etmədiyini bildirir. Belə ki, may ayında Ukraynadan Avropaya qaz nəql olunan iki məntəqədən biri – “Straxanovka” Rusiya tərəfindən işğal olunduğuna görə Ukrayna ondan istifadəni dayandırıb. Rusiya isə “Suca” məntəqəsindən qaz nəqlini ikiqat azaldaraq gündə 41-42 milyon kubmetrə salıb, “Naftoqaz”ın “Straxanovka” ilə bağlı qərarını ləğv etməsini tələb edib.

Ukrayna tərəfi sentyabrın əvvəlində Beynəlxalq Arbitraja müraciət edərək, may ayından bəri Rusiyanın ödəmədiyi tranzit haqqının ödənməsini tələb edib.

Bu gün isə “Qazprom” açıqlama yayaraq, Avropanın Rusiyaya dost olmadığını, buna görə məhkəmənin ədalətinə inanmadığını bəyan edib. Şirkət bildirib ki, əgər “Naftoqaz” iddiasını geri götürməsə, o, Rusiyada sanksiya siyahısına salınacaq və beləliklə də, “Qazprom” onunla əməkdaşlığı tamamilə dayandırmalı olacaq. Bu açıqlama faktiki olaraq, Rusiyanın yaxın günlərdə atacağı addımların anonsudur: Avropanın qaz anbarları 88 faizə yaxın doldurulub, digər mənbələrdən qaz idxalı Rusiya qazından asılılığı 10-12 faizə qədər azaldıb. Hazırda Rusiyadan Ukrayna üzərindən nəql olunan gündəlik 42 milyon kubmetr qaz Avropanın, xüsusilə də Almaniyanın anbarlarda ehtiyatları artırmasına şərait yaradır. Rusiya buna yol verməmək üçün “Şimal axını” kəmərlərini partladır, ardınca da Ukraynadan nəqli tam dayandıracaq.

Nəzərə alsaq ki, partladılan kəmərlərin çəkilməsi Rusiyaya on milyardlarla avroya başa gəlib, onda əminliklə söyləmək olar ki, bu addım Moskvanın artıq həmin kəmərlərdən istifadə etmək perspektivinə inamının qalmadığını göstərir. Təcrübə göstərdi ki, Avropa həmin kəmərlərlə nəql olmadan da qaz təchizatını təmin edə bilir. 2023-cü ildə isə ümumiyyətlə, Rusiya qazına ehtiyacı olmayacaq. Digər tərəfdən, Ukrayna ərazilərini ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiyaların onilliklər boyu qalacağı artıq heç kimdə şübhə doğurmur. Sanksiyaların daha da sərtləşəcəyi də həmçinin. Belə bir şəraitdə Rusiya Avropaya maksimum çox zərər vurmağı hədəfləyir.

Ukrayna ərazisindən nəqlin dayanmasından əsas zərəri Almaniya çəkəcək. Hələlik bu ölkə Rusiya qazını tam əvəz etmək imkanında deyil. Hökumətin son bir neçə ayda bağladığı müqavilələr belə imkanın yalnız 2023-cü ilin ikinci yarısında yaranmasını nəzərdə tutur. Bu baxımdan, Ukrayna üzərindən alınan qazın dayanması Almaniya iqtisadiyyatı üçün çox ciddi təhlükə formalaşdırır.

Ukrayna ərazisindən nəql dayandıqdan sonra Rusiya qazı yalnız Türkiyə vasitəsilə Avropanın cənubuna çatdırılmağa davam edəcək. Rusiyanın Avropadakı əsas tərəfdarları olan Macarıstan və Serbiya bu qazın alıcısı olduğuna görə Türkiyə üzərindən nəqlin tam dayandırılması hələlik az ehtimal olunur.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR