İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Astanaya qarşı Ukrayna ssenarisini işə salır

Qazaxıstan öz neftinin daha çoxunu Azərbaycan üzərindən nəql edəcək

Qazaxıstan öz neftinin Rusiyadan kənar marşrutla dünya bazarına çıxarılması istiqamətində real addımlar atmağa başlayıb. Bu isə Rusiyada çox ciddi müzakirələrə, narazılıqlara səbəb olmaqdadır. İndiyədək öz neftinin 90 faizə yaxınını Rusiya üzərindən ixrac edən Qazaxıstanın alternativ marşrutlara yönəlməsi isə təsadüfi deyil.

Ötən ilin fevralında Ukraynaya işğalçı hücumundan sonra Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya əlindəki neft və qaz rıçaqlarından istifadə etməklə bu təzyiqlərdən qurtulmağa çalışdı. İlk olaraq Moskva Avropaya qaz nəqlini dördqat azaltdı, lakin Vladimir Putinin gözləntilərinin əksinə olaraq, Avropa nəinki təzyiqləri dayandırmadı, əksinə, daha da artırdı. Üstəlik, alternativ mənbələrdən qaz alışını artırmaqla Rusiya qazından istifadəni 45 faizdən 9 faizə qədər azaltdı. Eyni zamanda Avropa şirkətləri Rusiya neftinin alışını da kəskin azaltdılar. Neft kimi ən böyük gəlir mənbəyini itirmək istəməyən Rusiya Qazaxıstan neftinin öz ərazisindən nəqlinə problem yaratmağa başladı. Qazaxıstan neftini nəql edən əsas ixrac kəmərində - Xəzər Boru Konsorsiumuna məxsus kəmərdə 2022-ci il ərzində 5 dəfə müxtəlif bəhanələrlə neft axını dayandırıldı. Üst-üstə 3 aya yaxın müddətdə Qazaxıstan neftinin dünya bazarına əsas yolu bağlandı. Rusiya bununla dünya bazarında qıtlıq yaratmaqla neft qiymətlərini bahalaşdırmaq imkanını nümayiş etdirib, Qərbin öz neftinə embarqo qoymasının qarşısını almağa çalışdı. Lakin bu şantaj da nəticəsiz qaldı, 2022-ci ilin dekabrında Avropa İttifaqı və G7 ölkələri Rusiya neftindən imtina edib, ona qiymət tavanı tətbiq etdilər.

Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracı: ölkələrin infrastrukturu  buna hazırdır? - 06.02.2023, Sputnik Azərbaycan

Belə bir şəraitdə Qazaxıstanın öz neftini Rusiyadankənar marşrutla dünya bazarına çıxarmağa çalışması təbii olsa da, Rusiya hakimiyyəti və elitası bunu həzm edə bilmir.

Ötən ilin yayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə hökumətin neftin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması üçün başladığı işlər uğurla davam etdirilir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranziti başlanıb -  26.03.2023, Sputnik Azərbaycan

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qazaxıstanın Energetika Nazirliyinin proqnozlarına əsasən 2023-cü ildə ölkədə 90,5 milyon ton neft hasil olunacaq. Bunun 71 milyon tonu ixrac ediləcək. Ötən il ölkədə neft hasilatı proqnozdan 1,6 faiz çox olmaqla 84,2 milyon ton təşkil edib.

Qazaxıstan limanlardan neft ixracı imkanlarını artırmaq üçün xarici investisiya cəlb edir. “KazMunayQaz” Birləşmiş Ərəb Əmirliklərinin dünyaca məşhur liman-logistika operatoru olan “Abu Dhabi Ports Company” ilə dəniz donanmasının və sahil infrastukturunun inkişafı sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb. Müqaviləyə əsasən Xəzər dənizindəki neft-qaz layihələrinə dəniz xidmətləri göstərən birgə müəssisə yaradılacaq. Həmçinin Aktau limanından Azərbaycana neft daşımalarını həyata keçirmək üçün tanker donanması formalaşdırılacaq.

Qərar verildi: Azərbaycan Qazaxıstan neftini dünya bazarına daşıyacaq

Qazaxıstan neftinin Xəzər üzərindən Azərbaycan vasitəsilə dünya bazarında çıxarılması Orta Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi Avropa İttifaqı tərəfindən də ciddi şəkildə dəstəklənir. Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, Avropa İttifaqı Orta Dəhlizin inkişafı üçün ölkəsinə maliyyə dəstəyi göstərəcək. Kasım Jomart Tokayevin sözlərinə görə, onlar Transxəzər marşrutununn inkişafına 2025-ci ilədək 20 milyard dollar investisiya cəlb edəcəklər.

Xatırladaq ki, Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqlinə dair hökumətlərarası saziş hələ 2006-cı ildə imzalanmışdı. Həmin sazişə əsasən Bakı-Tiflis-Ceyhan kəməri ilə gündə 500 min barel(ildə 25 milyon ton) Qazaxıstan nefti nəql olunmalı idi. Daha sonra bu həcmin gündəlik 750-1200 barelə(37-60 milyon ton) çatdırılması planlaşdırılırdı. Lakin bu saziş icra olunmadı. Rusiya mənbələri bildirirdilər ki, əsas səbəb tərəflərin Aktaudan Bakıya neft daşımalarından əldə olunacaq gəlirlərin bölünməsində razılığa gələ bilməməsidir. Lakin reallıqda əsas səbəb Rusiyanın öz ərazisindən nəql xərclərində böyük güzəştə getməklə Qazaxıstandan çalışan ABŞ şirkətlərini cəlb edə bilməsi oldu.

Qazaxıstan neftinin bir hissəsini Azərbaycan vasitəsilə satmaq niyyətindədir

Hazırda Qazaxıstan öz neftini 4 boru xətti ilə ixrac edir: XBKK(Rusiya ərazisi, ötürücülük gücü ildə 67 milyon ton, Uzen-Atırau-Samara(Rusiya, illik ötürmə gücü 30 milyon ton), Atasu-Alaşənköy(Çin, 20 milyon ton) və Kenkiyək-Qumgöl(Çin, 10 milyon ton). Bundan əlavə, Qazaxıstan neftinin az bir hissəsi dəmiryol çənləri ilə Xəzər üzərindən Azərbaycana, oradan Gürcüstanda sahibi olduğu Batumi terminalına çatdırılır. Ümumilikdə, 2022-ci ildə bu marşrutlarla Qazaxıstan 64,3 milyon ton neft ixrac edib ki, bunun 97,5 faizi Rusiya üzərindən reallaşıb. Bu isə Almatı tərəfindən doğru olaraq ən böyük risk kimi qiymətləndirilir. Çünki Rusiyanın Qazaxıstanla bağlı planları heç də dostluq xarakteri daşımayıb, ölkənin parçalanmasını nəzərdə tutur. Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, artıq bu istiqamətdə ilkin addımlar da atılmaqdadır: “Kreml Ukrayna ilə ”məsələni" bitirməmiş keçib Qazaxıstana. Mərkəzi Asiyanın bu ölkəsinin şimalındakı Petropavlovsk şəhərində bir neçə gün əvvəl 19 “fəal” Qazaxıstandan öz “müstəqilliklərini” elan edib və “Xalq Şurasını” çağırdıqlarını açıqlayıblar. Separatçılar vurğulayıblar ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan ediblər”. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər. Onlar bununla bağlı xüsusi mətn yayıblar.

 Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq -  "İki sahil"

SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb. Ancaq indi durum fərqlidir. Kreml Rusiyanın perimetri boyu “rus dünyasını” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir. Ukraynada da hadisələr belə başlamışdı. Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırki həddə gəlib çatdırdı. Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyiblər və bölgədə ikinci Donbass yaratmayıblar, Astana məsələni həll etmək məcburiyyətindədir".

Hazırda Rusiya mətbuatında Qazaxıstan əleyhinə çoxsaylı materiallar dərc olunmaqda, ölkənin tarixi təhrif edilməkdədir. Buna görə də Qazaxıstanın öz iqtisadi təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərini genişləndirməsi təbiidir. Ölkə hökuməti BTC ilə neft nəqlini daha sürətlə artırmağa çalışır. Bunu Bakıda jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib. Onun sözlərinə görə, ötən il “SOCAR” və “KazMunayQaz” (“KazMunayQaz” dövlət şirkəti) şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində BTC ilə nəqli nəzərdə tutulan 1,5 milyon ton neftə Qazaxıstan yer təkinin istifadəçiləri “pilot” həcmləri kimi baxırlar, bu da qeyd olunan marşrutu “test” etmək üçün lazımdır: “Əslində, hazırda BTC imkanlarının cəmi 40 faizi yüklənilib, orada 20 milyon tona yaxın mümkün olan aşırma həcmləri var, bu da bizim birgə əməkdaşlığımız çərçivəsində hədəflədiyimiz həcmdir”.

 Azərbaycan nefti BAHALAŞIB

Qeyd edək ki, hazırda Azərbaycanın ildə 40 milyon tona yaxın əlavə neft nəql etmək imkanı var. Bu imkanları Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri təmin edir. Ötən ilin oktyabrında Prezident İlham Əliyev Gürcüstanda olarkən illik ötürücülük gücü 7 milyon ton olan Bakı-Supsa kəməri ilə daşımaların bərpa olunacağını bəyan edib. O, həmçinin BTC ilə də neft nəqlinin artacağını açıqlayıb. BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir. İldə 60 milyon ton neft nəql etmək mümkündür. Lakin hazırda bu gücün yarısından istifadə olunur. Belə ki, 2022-ci il ərzində BTC vasitəsilə təxminən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Türkiyənin Ceyhan limanından dünya bazarına yola salınıb.

2022-ci ildə Azərbaycanın öz neft ixracı 26 milyon tondan bir qədər yüksək olub. BTC ilə ötən il həm Türkmənistan, həm də Qazaxıstan nefti dünya bazarına çatdırılıb.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Azərbaycan neftini Qara dəniz sahillərinə nəql edən Qərb İxrac Boru Kəməri (QİBK) Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir. Kəmərin sahibi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir. 2021-ci ildə Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə 31 milyon barel neft ixrac edilib. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

Azərbaycanın dəmiryolu sistemi ilə nə qədər neftin daşınmasının mümkün olduğuna dair məlumat açıqlanmır. Mövcud boru kəmərlərinin illik nəql gücü 65 milyon tondan çoxdur. Hazırda onun 30 milyon tonundan istifadə olunur. Bu isə o deməkdir ki, Azərbaycan ildə əlavə olaraq 35 milyon tona yaxın neft nəql etmək gücündədir. Bu potensialdan Qazaxıstanın Rusiyadan asılılığını azaltması üçün istifadə olunması həm Azərbaycanın, həm Qərbin, həm də Astananın marağındadır.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR