İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus səfirin İrəvana qayıtmasının mübhəm səbəbləri

Rusiya Ermənistandakı səfiri ona görə çağırmışdı ki, bəlkə erməni rəsmiləri ritorikalarından əl çəkələr; Kremlin çevriliş planı? 

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. “Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, - Mixail Qaluzin Rusiya-Belarus ittifaq dövlətinin Nazirlər Şurasının yüksəksəviyyəli qrupunun iclası ərəfəsində deyib. O vurğulayıb ki, “səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və tez-tez istifadə olunur”.

Yada salaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda ölkənin İrəvandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırdığını elan edib. Bu, münasibətlərin gərgin dövrünə təsadüf edib. Amma səfir işinə qayıtdıqdan sonra da İrəvan - Moskva əlaqələrində hər hansı müsbət irəliləyiş müşahidə olunmur. Əksinə, Kopırkinin Ermənistana dönüşü fonunda yenə də Paşinyan komandasından Rusiyaya ittihamlar sinxronluq təşkil edir. 

Söhbət parlamentin spikeri Alen Simonyandan gedir. İyunun 10-da jurnalistlərə açıqlamasında parlament sədri bildirib ki, Rusiya hökuməti Ermənistana və erməni xalqına xəyanət edib. “Qeyri-dost hərəkətlərə gəlincə, 2020-ci ildən sonra öz hərəkətlərinə baxsınlar. Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. O, uşaq kimi inanırdı, son ana qədər ümid edirdi ki, Rusiya Federasiyası Ermənistanı tək qoymayacaq, Ermənistanı və erməni xalqını tərk etməyəcək. Ermənistan və erməni xalqına Rusiya hökuməti tərəfindən xəyanət edilib. Bu sözə görə min dəfə üzr istəyirəm. Bizi aldatdılar, tək buraxdılar. Minlərlə raketin İsrail istiqamətində necə getdiyini, donanmanın İsrail sərhədlərinə necə yaxınlaşdığını və İsrailə düşən raketləri vurmağa başladığını bir az təəccüb və həsədlə izlədim. Kiprdən havaya qalxan təyyarələr İsrailə müttəfiq kimi kömək etməyə başladı. Rusiya 2020-ci ildə o qədər zəif idi ki, Xəzərdə Azərbaycana bir az da yaxınlaşan gəmi yox idi? Var idi, yoxsa yox?”, - deyə o bildirib.

Simonyan qeyd edib ki, tərəflər arasında həm sövdələşmə, həm də erməniləri cəzalandırmaq istəyi buna səbəb olub: “Çünki o, Ukraynada müharibəyə hazırlaşırdı və Suriyada təyyarəni vurduqdan sonra Türkiyə ilə böyük sövdələşmə aparıldı, son məqsədi bu regionda mümkün sanksiyalardan yan keçmək imkanı əldə etmək idi. Yaxud bu, ermənilərin ödəməli olduğu bir qiymət idi, çünki ermənilər müstəqil və suveren olmaq variantını seçmişdilər və buna görə də cəzalandırılmalı idilər. Erməniləri cəzalandırmaq lazım idi ki, seçki olmasın, burada lider zəng etsin, ”yaxşı, mən seçilirəm" desin. Oradan təbrik etsin, burada qanuni lider olsun ki, 1 martı qeyd etsinlər. Həm sövdələşmə, həm də cəza var idi. Məqsəd “bir daşla iki quş vurmaq”, yəni sövdələşmə etmək idi ki, Ermənistanda hakimiyyət dəyişəcək və rusiyayönlü hakimiyyət gəlib deyəcək: əvvəlkilər günahkardırlar, bu gün Ermənistan Rusiya-Belarus İttifaqının üzvü olmalıdır, çünki ruslar olmadan biz təhlükəsiz ola bilmərik. Ruslar olmadan biz mövcud ola bilmərik. Bizim günahımız odur ki, yox deyirik, biz dövlətik və suveren olmalıyıq". 

“Ermənistanda yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiya tandemdə işləyir, bu, heç kimə sirr deyil”. Bunu da Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Biz hər tərəfdən zərbələr alırıq. Bu gün bütün elita, oliqarxiya, kilsə, Daşnaksütyun bizə qarşı çıxıb. Bizi yalnız Ermənistan xalqı dəstəkləyir. Siz də bilirsiniz ki, biz xalq tərəfindən dəstəklənirik”, - Simonyan bildirib. Spiker KTMT-ni də növbəti dəfə tənqid atəşinə tutub.

Göründüyü kimi, Paşinyan kabineti Rusiyanı 44 günlük müharibədə günahkar çıxarmağa davam edir. O zaman Kopırkinin gedişi nə idi, dönüşü nə? Ümumiyyətlə, səfir niyə geri çağırılmışdı və hansı təlimatlar almışdı? O da maraqlıdır ki, Rusiyanın İrəvandakı səfirliyi daşqınlardan sonra Ermənistan XİN-ə müraciət edib. Rusiya səfirliyi yardım təklif edib, eyni zamanda həlak olanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını aydınlaşdırmaq istəyib. Erməni analitik Stepan Danielyan istisna etməyib ki, Rusiya səfirinin Moskvaya çağırılması Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdə Vladimir Putinlə görüşdə səsləndirdiyi “mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı ciddi müzakirə etdik” bəyanatı ilə bağlı ola bilər. 

Laçından xəbərdarlıq: Nə deyiriksə, onu da edirik - CANLI YAYIM

Qədir Aslan

Siyasi ekspert Qədir Aslanın “Yeni Müsavat”a bildirdiyinə görə, Kopırkinin Moskvaya çağırılması onun keşiş Baqratın İrəvanda apardığı proseslə bağlı verəcəyi məlumat ola bilərdi: “Çünki bu hərəkatın arxasından Rusiyanın çıxdığı getdikcə məlum olmaqdadır. Lavrovun müavini Qaluzin belə vaxtda açıqladı ki, əgər Ermənistan razı olsaydı, onun Azərbaycanla sərhədlərində KTMT sülhməramlıları yerləşərdi, Avropa missiyası gəlməzdi, onda hadisələr fərqli inkişaf edərdi. Yəni Qaluzin işarə vurdu ki, baş verənlərdə İrəvan özü günahkardır. Bununla demək istədi ki, indi Ermənistanın içərisində olan hadisələri, keşiş Srbazanın mitinqlərini biz idarə edirik”. 

Q.Aslan hesab edir ki, ikinci məsələ 5 apreldə keçirilmiş Brüssel görüşündən sonra baş verənlərdir: “Amerikalılar Ermənistanda yenidənqurma işlərinə başlayıblar. Xüsusən də rekonstruksiya orduda aparılır. Buna qədər polisdə islahatlar olmuşdu. İstisna deyil ki, Kopırkin Rusiyaya qayıtdıqdan sonra bu barədə məruzə etmiş ola bilər. Həmçinin, Gürcüstanda gedən prosesləri də Rusiya kurasiya etdiyi üçün bu məsələlərin İrəvandakı səfirlə müzakirə olunması mümkündür. Təbii ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası işinin də səfirlə danışıla bilər. Hətta Ermənistanla Azərbaycan arasında provokasiya hazırlanması istisna deyil. Eyni zamanda 1 avqusta qədər İrəvandakı ”Zvartnots" aeroportundan rus sərhədçilərin çıxmaması haqda variantlar nəzərdən keçirilir. Bu məsələlərə dair Kopırkinin də verdiyi məlumatlar ola bilər". Siyasi şərhçi Rusiya-Ermənistan münasibətlərinin ziq-zaq şəkildə davam edəcəyini düşünür. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun qeydlərinə görə, Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini təxminən iki həftə əvvəl ona görə Moskvaya çağırmışdı ki, bəlkə Ermənistan rəsmiləri anti-Rusiya ritorikalarından əl çəkələr. “Moskva səfirini yenidən İrəvana göndərib. Ancaq Ermənistan hökumətinin Rusiya siyasətində dəyişən bir şey yoxdur. Ermənistanın parlament sədri Alen Simonyan Rusiyanın ünvanına ağır sözlər deyib. Bundan başqa Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını maliyyələşdirməkdən imtina edib. Moskvanı ən çox qıcıqlandıran isə Ermənistanın Ukraynadakı səfirinin rusiyalı hərbçilərin qətliam törətdiyi Buça şəhərinə səfəri və orada Rusiyanın ünvanına tənqidi fikirlər söyləməsi olub. Aydındır ki, səfir Ermənistan Xarici İşlər Nazirliyinin təlimatıyla Buçada olub. Buna baxmayaraq, Qərbdən istədiklərini ala bilməyən baş nazir Nikol Paşinyan Rusiya ilə dialoq yollarını açıq tutur. Öz növbəsində Kreml də Ermənistanda Paşinyana alternativ tapa bilmir, elə buna görə də səfiri geri göndərib”, - deyə politoloq belə dəyərləndirir. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR