Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə keçirdiyi mətbuat konfransında ermənilərin Qarabağa qayıdışının mümkün olmadığını deyib. Paşinyan hazırda Bakıda həbsdə olan Ruben Vardanyan haqqında da maraqlı fikirlər səsləndirib:
“Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? O, hansı zəmanətlərlə göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”
Nikol Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib durmayıb.
Bunun səbəbi də bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Ruben Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğu gizli deyil. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə də Kreml Vardanyana sahib durmadı. Bunu Paşinyan da bilməmiş deyil. Ya zəlzələdən, ya vəlvələdən 4 milyard dollarlıq varidata sahib bir erməni milyarder ortalıqda qalıb. Ona vətəndaşlığından imtina etdiyi Rusiya arxa çevirib, Ermənistan da üzünə qapılarını bağlayıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Musavat.com-a deyib ki, Ruben Vardanyan Qarabağa Paşinyanı hakimiyyətdən devirmək məqsədilə göndərilmişdi:
“O, Qarabağda məskunlaşmış erməniləri Paşinyan hakimiyyətinə qarşı hazırlamaq, onun hörmətini aşağı salmaq, Paşinyanın Qarabağla bağlı loyal mövqeyinə bir alternativ kimi ortaya atılmışdı. Bu baxımdan Nikol Paşinyan çox yaxşı bilir ki, Ruben Vardanyan kimi birini Ermənistana buraxmaq olmaz. Əlində kifayət qədər pulu var və Rusiyanın təsirində olan radikal qüvvələr onun ətrafında birləşə bilərlər. Nikol Paşinyan çox ağıllı olaraq Ruben Vardanyanı Ermənistana buraxmır. Rusiya vətəndaşlığından isə onun özü imtina edib”.
Sərdar Cəlaloğlu bildirib ki, Ruben Vardanyan mümkündür ki, 3-cü bir dövlətin də vətəndaşı olsun:
“Azərbaycanın belə bir cinayətkara sahib çıxması isə lazım deyil. Bu adam vaxtilə Azərbaycan dövlətinə qarşı çıxmış “Talış-Muğan Respublikası”nın rəhbəri Əlikram Hümbətovdan da 100 dəfə ağır cinayət törədib. Ruben Vardanyanın hesabına Qarabağdakı erməni separatçıları silahlanıblar, həmyerlilərimizin qanını töküb torpaqlarımızı uzun illər işğal altında saxlayıblar. Belə bir caniyə Azərbaycanın sahib çıxması, onun 4 milyard puluna görə vətəndaşlıq verilməsi heç bir qanuna, qaydaya sığmaz”.
S. Cəlaloğlu qeyd edib ki, bu gün Azərbaycanda milyardlara sahib çoxlu məmurlar var:
“100 milyarder məmuru olan ölkənin cani, əli həmyerlilərimizin qanına batmış Ruben Vardanyana sahib çıxmağa ehtiyac yoxdur. Bu adama vətəndaşlıq verilsə belə, Azərbaycanda necə yaşaya bilər? Onun 4 milyardına görə bu avantüraya getmək olmaz. Putin onun Rusiyada olan əmlaklarına əl qoyacaq. Onun Rusiya tərəfindən müdafiə edilməməsinin əsas səbəblərindən biri də elə Rusiyadakı əmlakları, varidatıdır. Rusiya açıq şəkildə bu adamı Qarabağa göndərməsinə baxmayaraq, bu gün onun arxasında dayanmır, bunun üçün heç bir addım atmır”.
Sərdar Cəlaloğlu deyib ki, Ruben Vardanyan siyasətə qoşulmaqla böyük səhv edib:
“Ziyalıların siyasətdəki yeri təlxəklikdir. Belə qeyri-siyası adamların siyasətə daxil olması əslində onların şəxsi faciəsidir. Belə adamlar oyunun harda oynandığını bilmədən ortalığa atılırlar, elə düşünürlər ki, pulları varsa, perspektivləri var. Halbuki belə adamlar siyasətə “peşka” gəlib, “peşka” da gedirlər. Onsuz da bu gün Rusiya milyarderlərinin 99 faizi öz varidatlarını cinayətkar yollarla əldə ediblər. Ona görə də belə adamları yaxına buraxmaq, vətəndaşlığa almağın özü cinayətdir.
Azərbaycan Ruben Vardanyan üzərində məhkəmə qurmalı, əməllərinə görə ən sərt şəkildə məhkum etməlidir. Müddətli cəza verilərsə, müddət bitəndən sonra Əlikram Hümbətov kimi ölkədən çıxarılmalı, müddətsiz cəza verilərsə, Qobustanda qalıb əməllərinə görə cəzasını çəkməlidir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ