İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun orijinal tərbiyə üsulu - uşaqlara hansı yaşda mobil telefon almalı?

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo oğluna mobil telefondan istifadə etməyi qadağan edib. Əfsanəvi hücumçu deyib ki, oğlunu təvazökar, zəhmətkeş görmək istəyir və ona görə də onun diqqətini yayındıra biləcək bəzi şeylərdən istifadəyə imkan vermir.

“Əlbəttə ki, mən ona əlimdən gələnin ən yaxşısını vermək istəyirəm. Amma o, istədiyinə nail olmaq istəyirsə, mənim kimi bir az əziyyət çəksin. O, təvazökar olmalı və çox çalışmalıdır. O, həm də bir futbolçu kimi çox istedadlıdır. Övladlarıma hər şey asandır, istədiklərinə nail olmaq üçün çox şey qurban verməli deyillər. Oğlum mobil telefon istəyir, amma gözləmək məcburiyyətindədir. Davamlı olaraq məndən mobil telefonunun olub-olmayacağını soruşur, mən də ona deyirəm ki, hələ gözləmək lazımdır. Düzdür, yeni nəsil bizdən bir addım öndədir və biz yeni texnologiyalardan istifadə etməyi bacarmalıyıq, amma buna soyuqqanlılıqla yanaşmalıyıq”, - Ronalda qeyd edib.

Uşaqlara zəhmətsevərliyin aşılanması, şübhəsiz, valideynlər və cəmiyyət üçün həmişə aktual olub. Ən azı o səbəbə ki, uşaqların yanlış tərbiyəsi, tənbəl və ərköyün böyüdülməsi toplumda cinayətlərin artmasına yol açır. Onların öz həyatını da xeyli dərəcədə qaraldır.

Bəs uşaqlara hansı yaşdan əməyi sevdirmək lazımdır və necə? O sırada mobil telefon qadağası hansı yaşa kimi tətbiq olunmalıdır? Həmyaşıdında smartfon görən uşağın psixikasına neqativ təsirlər mümkünmü?

Yeri gəlmişkən, bir çox alimlər 8 yaşından kiçik uşaqlara mobil telefonlardan istifadə etməyi qadağan edirlər. Onlar belə qənaətə gəliblər ki, mobil telefondan istifadə uşaqlarda beyin xərçəngi təhlükəsi yarada bilər. Bir müddət öncə alimlərin bu kimi açıqlamaları mobil telefon istehsal edən müəssisələrdə səs-küyə səbəb oldu. 4 yaşından 8 yaşına kimi uşaqlar üçün mobil telefon istehsal edən Britaniya kampaniyası bu telefonların istehsalını təcili dayandırdı.

Məşhur professor Uilyam Stüart apardığı 4 tədqiqatın nəticəsi olaraq belə qənaətə gəlib ki, mobil telefonlardan istifadə edən insanlarda qulaq və beyində bədxassəli şiş yaranması riski daha çoxdur. Almaniyada aparılan tədqiqatların nəticəsi isə belədir ki, telefon stansiyaları yaxınlığında yaşayan insanlar xərçəng xəstəliyinə tutula bilər. Alimlərin qənaətincə, bu riskə uşaqlar daha çox düçar olur. Bildirilir ki, 4 yaşından 8 yaşına kimi olan uşaqlar, ümumiyyətlə, mobil telefondan uzaq olmalıdırlar. 8 yaşından 14 yaşınadək uşaqların valideynləri də şəxsi həkimləri ilə məsləhətləşməlidirlər. Bu səbəbdən də Britaniya Beynəlxalq Məktəb Direktorları Assosiasiyasının rəhbəri Devid Xart məktəbdə mobil telefondan istifadənin qadağan olunmasını tələb edib.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən daha bir tədqiqatda da mobil telefonlardan şüalanmanın orqanizmə mənfi təsir göstərdiyi aşkara çıxıb. Akustik siqnallar akustik sinirdə yüngül xassəli şişin yaranmasına səbəb olur. Akustik sinir xərçəngi ildə 100 min insanda aşkar olunur və karlığa gətirib çıxarır. Belə şişlər başın telefon dəstəyi qoyulduğu yerdə əmələ gəlir.

Psixoloq Rövşən Nəcəfov: “Uşaqlara qadağa qoymaq tərbiyə üsulu deyil”

Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a  fikirlərini açıqladı: “İnsan psixologiyasının inkişaf mərhələləri yaşadığı mühitdən və şərtlərdən asılıdır. Uşaq psixologiyası isə valideynin ona təqdim etdiyi seçimlərdən asılıdır. Yeni nəsil adlandırdığımız gələcəyin sahibləri rəqəmsal mühitdən və şərtlərdən asılıdırlar. Uşaqları rəqəmsal dünyadan ayırmaq olmaz. Artıq rəqəmsal peşələr, rəqəmsal münasibətlər və rəqəmsal dünyanın reallıq olduğu dövrdə yaşayırıq. Çalışmalıyıq ki, uşaqlar gələcəyə hazır olsunlar. ”Atalar və oğullar" mübarizəsi davamlı olan bir prosesdir - İvan Turgenevin eyni adlı məşhur əsərindəki kimi. Bazarov obrazı hər zaman insanların əqidəsində mövcuddur. İnsan psixikası baxış bucağını dəyişə bilər, amma həqiqəti axtaran uşaq hər zaman yeniliyə istiqamət götürəcək. Keçmişlə gələcəyin mübarizə apardığı gün bu gündür.

Uşaq tərbiyəsində əsas meyar münasibətin sağlam qurulmasıdır. Uşaqlarla münasibətdə dostluq etməli olduğumuzu unutmamalıyıq. Uşaqların psixikasının sağlam inkişafı üçün onlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Biganə qaldığımız hər şey və hər kəs, bizim olmasa da, övladlarımızın qarşısına çıxacaq. Uşaqlara sevməyi öyrətməliyik. Uşaqların sağlam psixikasının inkişafı vacibdir. Onlar həm özlərini, həm də başqalarını sevməyi öyrənməlidirlər. Zorakılıq görən uşaq zorakılığın adi hal olduğunu düşünəcək. Gələcəkdə də başqalarına qarşı zorakılıq nümayiş etdirəcək və bunun normal olduğunu düşünəcək.

Uşaqları maddi əməyə yox, mənəvi əməyə yönəltmək lazımdır. Ailədə dialoq olmalıdır. Uşaqlar valideynlərinə bütün sualları verməkdə sərbəst olmalıdırlar. Valideyn övladını tanımaq üçün ona azadlıq verməlidir. Uşaq psixologiyası hər zaman alternativlərə sığınır. Uşaqlara bütün yaşlarda şəxsiyyət kimi yanaşmalıyıq. Onlara yaşamağın bir peşə olduğunu izah etməliyik. O zaman uşaq əməyin insan həyatı üçün vacib olduğunu anlayacaq. Hansı yaşda uşağın əmək fəaliyyəti olmalıdır deyə bir fikir yoxdur. Uşağın bağçaya, məktəbə və digər təhsil fəaliyyətlərinə cəlb olunması, həmçinin onun müxtəlif oyunlarla məşğul olması da onun əmək fəaliyyətidir. Yəni valideyn övladının bütün addımlarına onun əmək fəaliyyəti kimi yanaşmalıdır".

Psixoloq qeyd edir ki, uşaqlara heç nəyi qadağan etmək olmaz, seçimlər vermək lazımdır: “Valideynin əlində çörək görən uşaq çörək, telefon görən uşaq telefon istəyəcək. Yeni nəslə biz rəqəmsal dünyadan uzaq durmağı nümunə göstərə bilmərik. Böyüklər ağıllı telefonlarda nəyə baxırsa, uşaqlar da ona baxacaqlar. Necə ki, valideynlər televiziyalarda hansı verilişlərə baxırdılarsa, övladları da həmin verilişlərlə böyüyürlər. Rəqəmsal dünyada kifayət qədər insan psixikasını inkişaf etdirəcək materiallar mövcuddur və əlçatandır. Uşaqlara mobil telefonlar verməməliyik kimi ifadələr işlətməməliyik, amma uşaqlara verdiyimiz ağıllı telefonları ancaq onlara uyğun məhdudlaşdıra bilərik. Əlimizdə olan telefonlar ağıllı cihazlardır və bu imkanlar mövcuddur. Qadağa qoymaq tərbiyə üsulu deyil.

Övladların həmyaşıdları ilə müqayisəyə səbəb olacaq mühit sağlam mühit deyil. Rəqəmsal dünyada hər kəsin fürsət bərabərliyi var, amma fərasət bərabərliyi yoxdur. Fərasət isə nümunələrdən yaranır. Ailədəki güzgünü qırmasaq, uşaq da cəmiyyətə daha sağlam baxmağı öyrənəcək. Valideynlər övladlarını mənəvi zənginləşdirməlidirlər, bunun üçün maddiyyat lazım deyil, sevgi lazımdır".

Azərbaycanda irimiqyaslı antinarkotik əməliyyatları: problemin kökünü  kəsmək mümkün olacaqmı?

Sosioloq: “Uşağın yemək yeyə-yeyə telefona baxması...”

Sosioloq Sənubər Heydərova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Telefona aludəçilik xəstəliyi kimi də baxa bilərik. Eyni zamanda bu indi həm də dünyada bir trenddir. Hələ xəstəlik kimi yayılmamış, dünyada trend olaraq tanınıb. Oyun asılılığı uşaqlar arasında çox vüsət alıb. Maddi imkanı olan ailələrdə uşaqlara olan nəzarət kifayət qədər aşağıdır. Həmin uşaqlar məktəbdə telefonlarını dəyişməkləri ilə fəxr edirlər. Bu uşaqlar həm də çox aqressivdirlər. Uşaqlıqdan mobil telefon aludəçisi olan uşaqlar gələcəkdə aqressiyadan əlavə, akademik bacarıqlarda axsayırlar. Münasibət qura bilmirlər, yaşıdları ilə dil tapa bilmirlər. Gələcəkdə münasibət problemləri olur. Akademik bacarıqların axsaması isə onların davranışlarında da bəlli olur. Gözləri hər zaman hərəkət edən, fırlanan obyektlərə öyrəşdiyinə görə yavaş-yavaş oxunmalı kitabları oxumağa, qavramağa çətinlik çəkirlər. Bundan əlavə, həm də fikirlərini toplaya bilmirlər. Əsas uşaqların canlı ünsiyyəti olmur. Həmyaşıdları ilə oyun oynamaq, dostluqlar qurmaq problemləri olur. Valideynləri ilə çox aqressiv danışırlar”.

Sosioloq “Uşaq nə zamandan əməyə cəlb oluna bilər” sualına belə cavab verib: “Uşaq qazanc arxasınca göndərilmirsə, əgər ailənin yükü onun üzərinə düşmürsə, uşaqlıqdan özünə qulluq bacarıqlarını yerinə yetirməyi öyrənməlidir. Özünə qulluq bacarıqlarının içində əmək bacarıqları da var. Məsələn, öz otağını yığışdıra, özünə kiçik də olsa qəlyanaltı hazırlaya, öz jurnallarını gedib ala bilmək kimi kiçik əməklərə öyrəşdirilir. Yaşdan asılı olaraq inkişaf etdirilir. Yeniyetmə yaşında uşaqlar əməyə cəlb oluna bilərlər, bunun müqabilində onlara həvəsləndirici mükafatlar verilə bilər.

Yaxşı olar ki, 12 yaşına qədər uşaqların daimi istifadə etdikləri heç bir mobil telefon, planşet olmasın. Bəzi vaxtlarda dərsləri üçün istifadə edib, sonradan almaq lazımdır. Mükafat kimi on beş dəqiqəlik hansısa oyun oynamağa icazə vermək olar. Bizdə valideynlər multfilmi uşağın qarşısına qoyurlar, uşaq yemək yeyə-yeyə multfilmə baxır. Bu uşaqlarda gələcəkdə anareksiya (iştahsızlıq - red.), bulimiya (nəzarətsiz, böyük miqdarda yemək yemə və bu prosesi saxlamaqda çətinlik çəkmə - red.) halları yarada bilər. Çünki uşağın yeməklə bağlı təsəvvürü düzgün formalaşmır. Uşaq da öyrəşir ki, orada hərəkət olacaq, bu da nə isə yeyəcək. Bu qida probleminə də səbəb olacaq. Əgər uşağa uzun müddət telefon vermisinizsə, onu birdən-birə almaq bu uşaq üçün  işgəncə olacaq, çünki o, asılılıqdan əziyyət çəkir. Bu zaman psixoloq köməyinə ehtiyac olacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR