İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın Azərbaycandakı səfirliyi COP29-la bağlı tədbir keçirdi

Oktyabrın 11-də Macarıstanın Azərbaycandakı səfirliyinin və Topçubaşov Analitik Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub. Paytaxt Bakının ev sahibliyi edəcəyi və dünyanın ən böyük tədbirlərindən biri olan COP29 ərəfəsində baş tutan bu dəyirmi masada Azərbaycan və Macarıstandan dövlət rəsmiləri və ekspertlər iştirak edib.

Musavat.com xəbər verir ki, müzakirəni giriş sözü ilə açan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torna ölkələrimiz arasındakı artan dostluq münasibətlərindən, eyni zamanda Azərbaycanın
Avropa üçün enerji sahəsindəki tərəfdaş kimi artan rolundan bəhs edib. Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun moderatorluğu ilə baş tutan müzakirələrdə Azərbaycan tərəfdən BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qarşıdan gələn əhəmiyyətli COP29 tədbiri ilə bağlı Bakının qoyduğu məqsədlər, eyni zamanda bu məsuliyyətli missiyanın əhəmiyyətini vurğulayıb.

COP29-un baş danışıqçısının müavini Samir Becanov öz çıxışında COP29 çərçivəsindəki iqlim danışıqları və Azərbaycanın xüsusilə inkişaf etməkdə olan ölkələrin davamlı inkişafı təmin etməkdən ötrü təklif etdiyi iqlim maliyyələşdirilməsi prinsipinin mahiyyətini izah edib. “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev “SOCAR”ın həm ölkə daxilində, həm də xaricdəki “yaşıl təşəbbüs”ləri, 2050-ci ilə qədər “xalis sıfır”a nail olmağı hədəfləyən strategiyasından danışıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev isə Azərbaycanın COP29 gündəliyi ilə bağlı mesajlarının dünya auditoriyasına çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Macarıstan tərəfdən çıxış edən İqlim siyasəti üzrə dövlət katibinin müavini və Macarıstanın Avropa İttifaqındakı sədrliyinin COP29 üzrə xüsusi elçisi Daniella Deli Azərbaycanın regionda davamlı inkişaf və yaşıl enerji sahəsində bir hab ölkəyə çevrilmək planlarını alqışlayıb. Eyni zamanda öz ölkəsinin alternativ enerji mənbələrinin inkişafındakı təcrübəsindən danışıb. Macarıstanın əsas enerji şirkəti olan “MVM”-nin Azərbaycan üzrə nümayəndəsi Yojef Qoldfart Azərbaycan və Macarıstanın irəli sürdüyü ambisiyalı layihə “Yaşıl dəhliz” ilə əlaqədar aparılan işlərə aydınlıq gətirib. Matiaş Korvinus Kolleciyinin İqlim Siyasəti institutunun direktoru Gergey Kitta və “Klaymət Əkşn” şirkətinin rəhbəri Qabor Qremşperger isə iqlim və yaşıl enerjiyə keçid kimi əhəmiyyətli mövzularda təhsil və tədqiqat institutlarının, həmçinin özəl sektorun rolundan bəhs ediblər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR