Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı avqust ayında neft hasilatını gündəlik 1 milyon barel azaltmağa davam edəcəyini açıqlayıb.
Ondan əvvəl Rusiya da avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacağını bəyan edib. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak danışıb. Novak deyib ki, neft bazarını sabitləşdirmək üçün Rusiya avqust ayında qlobal bazarlara neft ixracını sutkada 500 min barel az çıxaracaq.
Rusiya və Səudiyyə Ərəbistanının bəyanatlarından sonra neft bir qədər bahalaşıb. Brent markalı neftin bir bareli 76 dollar olub. Bu, kəskin bahalaşma deyil, amma tendensiya bu cür davam edə bilər.
Bəlkə də neft istehsal edən başqa dövlətlər analoji bəyanatlar yaysaydılar, neft bazarında belə ajiotaj və dəyişiklik olmazdı. Ancaq fakt budur ki, dünyanın ən iri istehsalçılarından ikisi məhz Səudiyyə Ərəbistanı və Rusiyadır və onların bu cür açıqlamaları hər zaman bazara bu və ya digər şəkildə təsir göstərir.
Uzun zamanlardan bəridir, neft bəlkə də dünyada yeganə əmtəədir ki, bazara çıxdığı andan bazar qanunlarına tabe olmur. Onun ucuzlaşması da, bahalaşması da həmişə siyasi səbəblərlə, təbii fəlakətlərlə, texnogen qəzalarla bağlı olur.
İqtisadçılar, siyasətçilər, sadə insanlar kəskin və gözlənilməz enişin, eləcə də yüksəlişin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürür və bundan sonra neftin qiymətinin necə olacağını anlamağa çalışırlar. Bu da ona görə belədir ki, neft bütün ölkələrdə iqtisadiyyatın əsas mühərrikidir, onun qiymətinin oynaması ölkələrin iqtisadi həyatına ciddi təsir göstərir.
1971-1973-cü illər böhranından sonra neft sənayesi tədricən birja ticarətinə keçib. Bu, neft sənayesində əsl inqilab olub. Neftin qiyməti ilə dollar arasında 1971-ci ildə yaranmış əlaqə bu günə kimi fasiləsiz işləyir. Asılılıq “birləşmiş qablar” prinsipi üzərində inkişaf edib: dollar nə qədər bahadırsa, neftin qiyməti də o qədər aşağı olur və əksinə.
Yaxın Şərqdəki siyasi böhranlar, hərbi qarşıdurmalar həmişə neftin qiymətinə təsir edib. Məsələn, 1990-cı ildə İraqın neft ölkəsi Küveyti işğal etməsi, daha sonra ABŞ-ın Səddam Hüseynin ordusunu İraqdan qovması neftin qiymətini qısamüddətli olsa da artırıb.
1979-cu ildə İranda baş verən islam inqilabı nəticəsində 1980-81-ci illərdə neft bazarının sutkada 7 milyon barel (dünya istehlakının 10%-i) İran neftindən məhrum olması “qara qızıl”ın qiymətinə ciddi təsir göstərib. Neftin qiyməti dərhal 12 dollardan 40 dollara qalxıb.
Əslində bu rəqəmin özü də göstərir ki, o vaxtlar heç də neft lazımi qədər “qara qızıl” olmayıb. Bu, necə “qızıl”dır ki, onun 3 litri 4 qəpiyə satılıb? İçməli sudan 10 dəfə ucuz. Fəqət neftə ehtiyacı olan qüdrətli dövlətlər, firavan ölkələr bazarda elə bir qiymət siyasəti yeridiblər ki, bu cür qiymətli enerjidaşıyıcı maye uzun illər 12-17 dollar arasında satılıb.
Neftin qiymətinin 100 dolları aşdığı vaxtlarda qiymətlər tədricən sabitləşib 100 dollardan bir az aşağı enəndə dünya birliyi, beynəlxalq ictimaiyyət xeyli toxtamşdı. Ona qədər hamı elə bilirdi ki, neftin bir bareli elə 130-150 dollar həddində qalacaq. Ondan sonra neftin qiyməti bir az aşağı ensə də, daha heç vaxt 40 dollara düşmədi. Bu, o demək idi ki, 20-ci əsrdə bu sərvət real dəyərindən qat-qat, bəlkə də 10-20 dəfə ucuz satılıb, başqa sözlə xeyli hissəsi neft hasil edən ölkələrin əlindən müftə-müsəlləm alınıb-aparılıb.
1986-cı ildən bəri neftin qiymətinin çöküşünü siyasi səbəblərlə bağlamaq meyli güclüdür. ABŞ prezidenti Ronald Reyqan 1981-ci ildə səlahiyyətlərinin icrasına başladığı gündən SSRİ-ni çökdürməyi qarşısına məqsəd qoyub, bunu həyatının layihəsi elan edərək və Moskvanın əsas valyuta qaynağı olan neftin qiyməti ilə oynayaraq rus-sovet imperiyasının iflasına dair plan hazırlayıb.
1981-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Keysi kral ailəsini neft bazarını çökdürməyə razı salmaq bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edib. O, hakim ailəni inandırmağa çalışıb ki, krallığın bazara daha çox neft çıxarması qiymətlərin aşağı düşməsinə səbəb olacaq və bu, ABŞ-a və bütün dünyaya sərf edəcək. Ancaq səudiyyəlilər onunla razılaşmayıblar və qiymətlərin enişini cilovlamaq üçün hasilatı azaltmağa davam ediblər.
Səudiyyə Ərəbistanı oyuna atılmazdan və xalis müdafiə sövdələşmələri vasitəsilə nəzarətsiz şəkildə istehsalı artırmağa başlamazdan əvvəl Keysi Ər-Riyada yenidən səfər edib. Bu dəfə MKİ rəhbəri krala hədiyyə gətirib və bu, son nəticədə kralın qiymətlərin çökməsinə razılıq verməsinə səbəb olub.
İki il ərzində FED-in uçot dərəcəsi 12%-dən 6%-ə düşürülüb və kral ailəsi bu əməliyyatdan 10 milyard dollardan çox qazanc əldə edərək neft dempinqindən itkilərini kompensasiya edib. 1988-ci ildə iqtisadi cəhətdən quyunun dibinə düşən SSRİ milli münaqişələr, bərbad idarəçilik və çoxsaylı problemlər üzündən süqut edib.
Ancaq 2008-ci ildən sonra neftin qiymətləri Rodeo öküzü kimi ipə-sapa yatmaz oldu və neft istehsal edən ölkələrə milyardlar, bəzilərinə trilyonlar qazandırdı.
Əslində, Rusiyanın yenidən iki dünya hegemonundan biri olmaq, keçmiş SSRİ-ni bu və ya digər ad altında bərpa etmək, daha dəqiqi, həmin dövlətin sərhədləri daxilində yaranmış müstəqil dövlətləri yenidən Moskvanın çətiri altına yığmaq ehtirası sırf neft və qazdan qazandığı milyardlarla bağlıdır. Ona qədər Rusiya “arıqlığından səkkiz yaza-yaza yeriyən dana” kimiydi, ancaq milyarlar onu elə bir kökəltdi ki, dırnağı ilə yer eşən, buynuzu ilə dəmir deşən buğaya döndü. İndi bütün dünya yığışıb mübarizə aparır, onu durdura bilmir.
Ona görə də qüdrətli dövlətlər Reyqanın strateji xəttini əsas götürüblər. Onlar Rusiyanı güclü və ötkəm edən qaynağı qurutmaq, neftin qiymətini aşağı salaraq, onun gəlirlərini azaltmaq fikrindədirlər. Bundan ötrü neftin qiyməti indiki səviyyəsindən də aşağı salınmalıdır, üstəlik, heç bir dövlət Rusiyadan baha qiymətə neft almamalıdır. ABŞ və Avropa Rusiya üçün “neft qiymətinin tavanı”nı 1 barel/60 dollar həddində müəyyən edib. Hələ onu bir az da aşağı salmaq üçün müzakirələr aparılır.
Budur, SSRİ-nin çöküşü planında öz ucuz nefti ilə rol alan Səduiyyə Ərəbistanı yenə də baş roldadır. Ancaq teokratik krallığın yeni rəhbərliyi özünü ABŞ-dan o qədər də asılı saymır və onun kaprizləri, direktivləri ilə oturub-durmağı vacib hesab etmir. Görünür, bir əsrdən çox olan müstəqil dövlətçilik təcrübəsi, eləcə də sərəncamlarında olan trilyonlar Səud ailəsində ciddi özünəinam yaradıb və onlar artıq Vaşinqtonun “qulbeçə”si olmaq istəmirlər. Ona görə də kral Salman və onun vəliəhd oğlu şahzadə Məhəmməd bin Salman nefti ucuz sataraq milyardlarla ziyana düşmək fikrindən uzaqdırlar.
Bu isə indiki anda bütün neft ölkələrinə, əsas da Rusiyaya sərf edir. Çünki Qərb Rusiyanın paçasından bərk yapışıb və yıxmayınca buraxmaq istəmir.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ