İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəsulzadənin ev muzeyi İctimai Qrupu”ndan Prezidentə TƏŞƏKKÜR 

“Azərbaycan dövlətçiliyinin tarixində möhtəşəm hadisələrlə zəngin 2023-cü ilin son günləri bu dövlətçiliyin qurucusu ilə bağlı çox mühüm və sevindirici bir xəbərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, istiqlal məfkurəsi və azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist, yazıçı və alim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladı”.

Musavat.com xəbər verir ki, bu fikirlər “Rəsulzadənin ev muzeyi İctimai Qrupu”nun üzvlərinin müraciətində əksini tapıb.

Qeyd olunub ki, Prezident sərəncamı sıradan bir sənəd olmayıb, Azərbaycanda dövlətçilik və varislik ənənələrinin ən yüksək səviyyədə qorunduğunun və dəyərləndiyinin bariz nümunəsidir:

“Sərəncamın yerinə yetirilməsinin 3 mühüm dövlət strukturuna - Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasına həvalə edilməsi yubiley tədbirlərinin ən yüksək - dövlət səviyyəsində keçiriləcəyinin təminatıdır. Bir dövlət adamına dövlət adından, dövlət başçısı tərəfindən verilən yüksək dəyərin nümayişidir. Azərbaycan cəmiyyətinin gözlədiyi bu dəyər və sənədə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Rəsulzadənin ev muzeyi İctimai Qrupu” adından dərin minnətdarlığımızı bildiririk. İctimai Qrupumuz yaranandan bəri Rəsulzadə və onun Cümhuriyyətçi həmməsləkləri qarşısında dövləti olan xalq və millət kimi borcumuzu qaytarmaq, Məhəmməd Əmin bəyin adını əbədiləşdirmək, zəngin yazılı irsini yeni müstəvidə, beynəlxalq səviyyədə, sistemli şəkildə araşdırmaq kimi vəzifələr qoyub. Bu Prezident sərəncamı İctimai Qrupumuzun 101 nəfərlik təsisçilər özəyində - tanınmış ziyalılar, elm, sənət və mədəniyyət xadimləri, media, diaspor və gənclər təşkilatlarının rəhbərləri, eləcə də minlərlə tərəfdarlarımızda həmin vəzifələrin yerinə yetiriləcəyinə əminlik yaradır. Ümidlərin əminliyə çevrilməsi böyük sevinc, qürur, rahatlıq və ruhverici hadisədir”.

Müraciətdə daha sonra deyilir: “Rəsulzadənin yubileyi ilə bağlı istəklərimizi bölüşdüyümüz, məsləhətləşdiyimiz hər kəsə, bizləri qəbul edən, müraciətlərimizi dinləyən, diqqət göstərən Azərbaycan insanlarına təşəkkür etməklə yanaşı, inanırıq ki, Prezidentin sərəncamını yerinə yetirəcək dövlət qurumları, məmurlar, elmi müəssisələr bu işə sözün əsl mənasında məsuliyyətlə yanaşacaqlar. İlk növbədə onun adının və xatirəsinin əbədiləşdirilməsi sahəsində real addımlar atılacaq. Yubiley tədbirləri səmərəliliyi və səmimiliyi ilə yadda qalacaq.

Xalqımızı, cəmiyyətimizi, Rəsulzadəsevərləri, “İctimai qrup”umuzun Azərbaycanda və xarici məmləkətlərdə olan bütün üzvlərini bu xoş xəbərlə təbrik edirik.

“Rəsulzadənin ev muzeyi” İctimai Qrupu və “Rəsulzadə-140” yubiley Təşkilat Komitəsi adından:

Solmaz Rüstəmova-Tohidi,

Nailə Vəlixanlı,

Hamlet İsaxanlı,

Qulu Məhərrəmli,

Vahid Mustafayev,

Firdovsiyə Əhmədova,

Nigar Gözəlova,

Fərhad Cabbarov,

İradə Bağırova,

Rafael Gülməmmədli,

Dilqəm Əhməd,

Şəhla Kazımova və digərləri”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR