İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulzadənin 140 illiyi Sankt-Peterburqda ANILDI

Rusiyanın Sankt-Peterburq şəhərində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans keçirilib.

Musavat.com-un xəbərinə görə, “Moskva” hotelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasovanın təşəbbüsü ilə, Rusiya-Azərbaycan mədəni və humanitar əməkdaşlıq mərkəzinin sədri Eldar Əlizadənin səyi nəticəsində baş tutub.

Azərbaycan dövlət himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmaçı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılıb. Tədbirin xüsusi qonağı isə Turkiyədə yaşayan soydaşımız - tarix elmləri namizədi, Cümhuriyyət dönəmini araşdıran və o dövrün dəyərli arxiv materiallarının kolleksiyasına sahib Dilqəm Əhməd olub.

“Çinar” Milli-Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqları salamlayaraq, Azərbaycan dövlətçiliyi və ictimai fikir tarixində xüsusi yer tutan Məhəmməd Əmin Rəsulzadə haqqında danışıb.

Təşkilatçı, filoloq Ülviyyə Abbasova Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirin təşkil olunmasınının ən böyük arzusu olduğunu deyib, Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamağın vacibliyindən danışıb.

“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövzusunda çıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, Məhəmməd Əmin Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsində şəxsən yardımçı olmuş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarını nümayiş etdirib.

Tədbirdə rusiyalı tarixçi alimlər Aleksandr Sergeyeviç Punçenkov, Vladimir Viktoroviç Mixaylovun da məruzələri diqqət çəkib.

Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, soydaşımız, türkoloq Şahnaz Kamalın məruzəsi isə “Azərbaycançılıq ideologiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadə” mövsuzu olub.

Dilqəm Əhmədin çıxışı, təqdim etdiyi arxiv materiallar, şəxsi kolleksiyasına aid fotolar isə bütün qonaqların, xüsusilə gənclərin böyük marağına səbəb olub. Çıxışın sonunda çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təşkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.

Bədii hissədə isə “Çinar” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

İstedadlı gənc soydaşımız, Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov isə səsi ilə hər kəsi valeh edib.

Təşkilatçılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun çıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür ediblər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR